AZ

Azərbaycanlı gənclərin ən çox seçdiyi ixtisaslar – yerlər boş qalıb? - EKSPERT RƏYLƏRİ

"Bizim bəzən gənclərimizin ixtisas seçimində daha çox valideynlər rol oynayır, nəinki gənclərin özləri".Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, abituriyentlərə bu məsələdə kifayət qədər təzyiqlər olur: "Biz bunu müşahidə edirik və özünü də sonrakı illərdə göstərir. Təsadüfi deyil ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı bir nəticə də var bu günlərdə ki, artıq on minlərlə tələbə özünün seçdiyi ixtisasa uyğun bilməyib. Yəni bir kurs oxuyur, iki kurs oxuyur, artıq ödənişlərdən bezir, bəziləri isə ixtisas seçimindən bezir ki, bu, mənə gələcəkdə lazım olmayacaq. Bütün bunların hamısı qabaqcadan valideynlərinin təsirinin nəticəsində yaranır.

Birinci ixtisas qrupunda kompüter mühəndisliyi, kompüter elmləri, daha çox mühəndislik, texniki elmlərə bağlı ixtisaslar var,seçim vaxtı da orada müəyyən qədər boşluqlar yaranır.Təsadüfi deyil ki, bu ilki seçimdə daha çox birinci və üçüncü qruplarda, xüsusilə üçüncü qrupda daha çox gərginlik var idi, amma ikinci və dördüncü qrup həmişə olduğu kimi stabil-sabit qruplar idi ki, bura müraciət edən abituriyentlər seçim turunda da çox əziyyət çəkmədilər.Artıq özünü əmək bazarında harada görəcəyini düşünənlər var. Təbii ki, əgər valideyn himayəsindən qurtula bilirlərsə. Mənzərə bugünkü gün üçün budur".

"Azərbaycanda gənclərin universitetə qəbul nəticələrinə baxdıqda görürük ki, birinci qrup üzrə bəzi yerlər boş qalır, üçüncü qrupda isə boş yer yoxdur. Bu nəticə əsasən birinci qrup üzrə plan yerlərinin sayının artması və dövlət sifarişli yerlərin çoxalması ilə bağlıdır".Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov da öz fikirlərini bildirib.


Ekspert deyir ki,tələb baxımından baxsaq, xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, müxtəlif mühəndislik sahələri, kimya mühəndisliyi, biotexnologiya və bu kimi ixtisaslar kifayət qədər populyardır və abituriyentlər arasında geniş təbliğ olunur: "Bu sahələrə maraq həm gələcəkdə işləmək istəyənlər, həm də xaricdə dövlət proqramları ilə təhsil almağı planlaşdıranlar arasında yüksəkdir.

Lakin qeyd etmək lazımdır ki, son 3-4 il ərzində birinci qrup üzrə plan yerlərinin sayı xeyli artıb (40–50 faizdən çox). Bu artım nəticəsində bir qədər boş yerlərin yaranması da başa düşüləndir. Bu il isə xüsusilə populyar universitetlərdə də boş yerlərin müəyyən qədər qaldığını görürük. Ötən illə müqayisədə kompüter mühəndisliyi, Bakı Mühəndislik Universiteti və digər ali məktəblərdə təxminən 10–15 faiz yer boş qalıb.Birinci qrup üzrə boş yerlərin əksəriyyəti region universitetlərində və o qədər də populyar olmayan mühəndislik ixtisaslarındadır. Yəni mühəndislik sadəcə kompüter mühəndisliyi ilə məhdudlaşmır. Kənd təsərrüfatı ilə bağlı müxtəlif mühəndislik sahələri də var ki, onlara maraq azdır".

Müəllif: Fatimə Əliyeva
Seçilən
20
1
sia.az

2Mənbələr