AZ

“ “Tramp yolu” Türküstanı dünyaya bağlayacaqsa, bu elə Turan ideyasının gerçəkləşməsi deməkdir...”

“Bu düşüncədəyəm ki,  Zəngəzur koridoru müzakirələri davam edəcək, amma Amerikanın bu işə müdaxiləsinin olması alınan qərarların dəyişdirilməsinə aparıb çıxarmayacaq...”
 
“Əvvəllər də bu mövzuya münasibət bildirərkən qeyd edirdim ki, bu yol zor- xoş açılacaq. Təbii ki, bu bölgədə gedən proseslərin hansı şəkildə inkişafından asılıdır olacaqdı. Zəngəzur dəhlizi ilə bağlı böyük güclərin öz maraqları vardı və həmin maraqların təmin edilməsi üçün çoxlu vaxt itkisi oldu və indiki reallıq da bizim siyasi və strateji maraqlarımıza uyğun şəkildə inkişaf edir. Türkiyə təbii ki, bu proseslərdən kənarda deyil və xatırladım ki, Paşinyan bu qərar qəbul edilməmişdən xeyli əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşmüşdü. Şübhəsiz ki, “Tramp yolu” variantı da müzakirə edilməmiş deyildi. Türkiyə regional gücdür və həmin məsələnin qardaş ölkə üçün prioritet olduğuna kimsə şübhə etməməlidir”. 
 
Türkiyədə fəaliyyət göstərən ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri Moderator.az əməkdaşının “Neçə onilliklər Turan yolu hesab etdiyimiz  və Vaşinqton Sülh Bəyannaməsindən sonra “ Tramp yolu” adlanan Zəngəzur yolunun gələcəyi, gerçək perspektivləri haqda nə düşünürsüz? Türkiyədə bu mövzuya baxışlar necədir?” suallarını cavablandırarkən ifadə edib.
 
“Blirsiz, artıq Karsdan başlayaraq Naxçıvana qədər dəmir yolu layihəsinə başlanılıb. Türkiyə də, Azərbaycan da bilir ki, bu dəhlizin açılması, hansı adla olursa-olsun, Türkiyəni Türküstanla birləşdirəcək ideyanın - Turanın reallaşması yolunda önəmli bir addımdır. ABŞ  buranı 99 illiyinə icarəyə götürürsə, qoy Ermənistan bundan narahat olsun. Həm də proses elə inkişaf edə bilər ki, həmin icarəyə götürülən ərazi əl dəyişdirə bilər. Biz bu gündən həmin proseslərə hazır olmalıyıq. Maneəsiz keçid anlayışını reallaşdırmaq üçün fəal diplomatik tədbirlər görülməlidir”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Qafar Çaxmaqlı hesab edir ki, “Türküstanın dünyaya bağlanması elə Turan ideyasının gerçəkləşməsi deməkdir”. 
 
“Ermənistan indidən cığallığa başlayıb. Bu ölkədə müzakirələrdə deyirlər ki, madam ki, bu işlərdə Ermənistanın ərazi bütövlüyü prinsipi və qanunlarının tətbiqi əsas alınacaq, maneəsiz keçid də həmin qanunlarla olmalıdır.  Paşinyan bir müraciətində dönüb- dönüb bunları təkrarlayır. Biz hansı arqumentlərlə bu fikrə qarşı əks-arqument qoyacağıq. Mənə elə gəlir ki, Vaşinqton Bəyannaməsinin müvafiq bəndi haqqımızı almağa kifayət etməyəcək. Bu yerdə Türkiyə dövrəyə girməyə məcbur olacaq. Çünki Ermənistan-Türkiyə münasibətləri hələ həllini tapmayıb. Azərbaycanın da Ermənistana təsir imkanları tükənməyib. Bu düşüncədəyəm ki,  Zəngəzur koridoru müzakirələri davam edəcək, amma Amerikanın bu işə müdaxiləsinin olması alınan qərarların dəyişdirilməsinə aparıb çıxarmayacaq.  Biz onu da nəzərə almalıyıq Türkdilli Dövlətlər Təşkilatı üzvü olan ölkələr də bu işin reallaşmasını gözləyirlər və son vaxtlarda bu birliyə üzv ölkələrlə Azərbaycanın intensiv danışıqları qlobal mənada böyük hadisələrin xəbərçisi deməkdir və Türküstanın dünyaya bağlanması elə Turan ideyasının gerçəkləşməsi deməkdir”, -deyə ermənişünas alim vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
20
moderator.az

1Mənbələr