AZ

İlham Əliyev: "İranla münasibətlər çox konstruktivdir, Zəngəzur dəhlizi İran üçün təhlükə deyil"

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian arasında, o cümlədən iki prezidentin administrasiyaları arasında münasibətlərin çox konstruktiv, çox mehriban olduğunu bəyan edib.

Far.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, Azərbaycan bunu çox əsaslı və çox müsbət hesab edir.

"Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur".

Digərlərinin mövqeyinə gəlincə isə, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasətini İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qurur.

"Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu... Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır".

İlham Əliyev vurğulayıb ki, İran Prezidentinin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil.

"Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən. Hətta pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz var. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi".

İlham Əliyev bəyan edib ki, indi Azərbaycanın Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığı ilə bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır.

"Bunu hamı bilir. Yeri gəlmişkən, bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - "Araz dəhlizi" adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək".

Seçilən
27
13
far.az

10Mənbələr