AZ

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.

Bövlətimizin başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik.

Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm. Əlbəttə, bu görüş ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan sonrakı dövrə təsadüf edir. Bu gün biz həmin tarixi günləri yaşayırıq və həmin məsələ haqqında söhbət açırıq. Eyni zamanda, Azərbaycanın Şərq ilə Qərb arasındakı rolu haqqında da danışacağıq. Həmçinin biz Azərbaycanın Cənubi Qafqazdakı rolunu Prezident İlham Əliyevlə müzakirə edəcəyik. Cənab Prezident, “Əl-Ərəbiyyə” kanalına xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

Müxbir: Sağ olun, cənab Prezident. İcazənizlə, indi isə mən Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşmaya istinad etmək istərdim. Həmin razılaşmaya aid ümumi təəssüratınızla tanış olmaq istərdim. Bundan sonra nəyi gözləyək?

Prezident İlham Əliyev: Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.

Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.

Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.

Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.

Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq.

Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Müxbir: Cənab Prezident, Siz Ermənistanın konstitusiyasına edilməli düzəlişi qeyd etdiniz. Hazırda sülh haqqında bəhs etdiyimiz zaman düşünürəm ki, əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi?

Prezident İlham Əliyev: Bunu söyləmək çətindir, yalnız ehtimal edə bilərəm. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər.

Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir.

Birinci Qarabağ müharibəsi haqqında bir az danışdım, amma bilirsiniz, bizimlə baş verənləri təsvir etmək üçün ola bilsin günlər, hətta aylar lazım olar. Orada etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü. Hələ də itkin düşmüş 3000-dən çox insanımız var və bütün bu hadisələr Azərbaycanda güclü emosional hisslərə səbəb oldu.

2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi.

Yəni, demək istərdim ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.

Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil.

Müxbir: Cənab Prezident, bu razılaşma gələcəkdə dəyişməz olaraq qalmalıdır. Qarabağda çox faciələr baş verib. Orada yenidənqurma işlərinə başlamısınız və həmin bölgədə istər erməni, istər azərbaycanlı məcburi köçkünlər olub. Bununla belə, Minsk qrupu artıq bitdimi?

Prezident İlham Əliyev: Bəli, Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.

Məcburi köçkünlərə gəlincə, Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.

Lakin iki əsas maneə var. Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.

İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsini məhz infrastrukturun qurulmasına sərf etdik. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başladıq. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq.

Hazırda isə vəsaitlərimizi daha çox yaşayış layihələrinə yönəldirik. Artıq gözlə görünür ki, tamamilə heç nə olmayan yerlərdə binalar ucalır. Planımız bütün keçmiş məcburi köçkünlər üçün normal yaşayış şəraiti və iş yerləri təmin etməkdir. Bu proses artıq başlayıb. Dediyim kimi, 50 mindən çox insan artıq öz ata-baba yurdlarında yaşayır.

Müxbir: Cənab Prezident, əldə edilən bu razılaşmadan irəli gələn əsas məsələlərdən biri də Azərbaycanın arzusu olan və ya bəzilərinin “Tramp marşrutu” adlandırdıqları Zəngəzur dəhlizinin reallaşmasıdır. Mənim sualım belədir: “Necə oldu ki, “Tramp marşrutu” ideyası ortaya çıxdı? Həmin marşrut Azərbaycana hansı mərhələləri vəd edir? Bu isə təbii ki, Sizin dəstəyinizlə baş tutacaq. Bu keçid Azərbaycanla Avropa arasında mühüm strateji rol oynayacaqmı?”.

Prezident İlham Əliyev: Bu suala cavab vermək üçün bir qədər tarixə nəzər salmalıyam və tamaşaçılara izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı.

Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar.

Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır. İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik.

Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur.

Müxbir: Amerikalı sərmayədarlar tərəfindən?

Prezident İlham Əliyev: Hələ qərar verilməyib, amma bəli, bu, amerikalı investorlar tərəfindən həyata keçirilə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Bir daha demək istəyirəm ki, Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir.

Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq.

İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq.

Müxbir: Cənab Prezident, Siz Zəngəzurun vacibliyi haqqında danışdınız. Həmin imzalanmadan sonra iki tərəf var - Rusiya və İran. Mən İrandan başlayım. Bildiyim qədər, İran Prezidenti Azərbaycana səfər edib. Onun kökləri azərbaycanlılarla bağlıdır. O, burada Azərbaycan dilində danışırdı. Hazırkı geosiyasi dəyişikliklərdən sonra Azərbaycan ilə İran arasında münasibətləri necə görürsünüz?

Prezident İlham Əliyev: Bəli, haqlısınız. İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.

Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.

Müxbir: Buna görə də maraqlıdır.

Prezident İlham Əliyev: Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.

Müxbir: Digərlərinin mövqeyi necə?

Prezident İlham Əliyev: Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu...

Müxbir: Siz rəhbərin müşavirini və digərləri nəzərdə tutursunuz?

Prezident İlham Əliyev: Bəli. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən.

Müxbir: Azərbaycanın bunun üçün də gücü var?

Prezident İlham Əliyev: Bəli, əlbəttə ki, bunu hamı bilir. Hətta pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz var. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir. Yeri gəlmişkən, bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - “Araz dəhlizi” adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək. Daha önəmlisi odur ki, yanlış məsləhətlər verən bəzi müşavirlər də başa düşmürlər ki...

Müxbir: Yenə də həmin müşavirlər...

Prezident İlham Əliyev: Bu, təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır. Bu gün Cənub-Şimal dəhlizi...

Müxbir: Əslində, mən bu haqda soruşacaqdım. Bəli, sualı verə bilərəm?

Seçilən
90
49
aznews.az

10Mənbələr