AZ

Həyatına qəsd edən yeniyetmənin valideynləri OpenAI-ni məhkəməyə verib

Ajans.az BBC-ə istinadən xəbər verir ki,iddia çərşənbə axşamı Kaliforniya Ali Məhkəməsinə təqdim olunub. Bu, OpenAI-yə qarşı “nahaq ölüm” ittihamı ilə qaldırılan ilk hüquqi addımdır. Valideynlər – Matt və Maria Raine – övladlarının intiharından əvvəl ChatGPT ilə yazışmalarını sübut kimi təqdim ediblər. Onların sözlərinə görə, proqram oğullarının “ən zərərli və özünü məhv edən düşüncələrini” təsdiqləyib. OpenAI məsələ ilə bağlı BBC-yə açıqlamasında Reyn ailəsinə başsağlığı verib. Şirkət həmçinin bəyan edib ki, “ChatGPT insanların peşəkar yardım axtarmasına yönləndirilmək üçün öyrədilib”. Lakin etiraf olunub ki, sistem “bəzi həssas hallarda nəzərdə tutulduğu kimi davranmayıb”. İddiaya görə, Adam Reyn 2024-cü ilin sentyabrında məktəb tapşırıqları, maraqları və universitet seçimi ilə bağlı məsləhət almaq üçün ChatGPT-dən istifadə etməyə başlayıb. Daha sonra proqram onun “ən yaxın sirdaşı”na çevrilib və gənc oğlan öz narahatlıqlarını bölüşməyə başlayıb. Valideynlərin sözlərinə görə, 2025-ci ilin yanvarına qədər o, süni intellektlə intihar üsullarını müzakirə edib və proqram ona “texniki spesifikasiyalar” təqdim edib. Reyn özünə zərər verdiyini göstərən fotoları da sistemə yükləyib, lakin proqram təcili tibbi yardıma yönləndirməklə kifayətlənməyib, mövzunu davam etdirib. Bir neçə gün sonra yeniyetmə anası tərəfindən evdə ölü tapılıb. Ailə bildirir ki, oğullarının ölümü “qəsdən dizayn seçimlərinin proqnozlaşdırıla bilən nəticəsidir”. Onlar OpenAI-ni təhlükəsizlik testlərindən yan keçməkdə və istifadəçilərdə psixoloji asılılıq yaratmaqda günahlandırırlar. İddia ərizəsində cavabdehlər sırasında şirkətin baş direktoru Sam Altman və digər işçilərin adları da göstərilib. OpenAI cavabında şirkətin məqsədinin “diqqət çəkmək yox, istifadəçilərə faydalı olmaq” olduğunu vurğulayıb və modellərin özünə zərər vermə düşüncələrini aşkar etdikdə insanları yardım resurslarına yönləndirmək üçün öyrədildiyini xatırladıb. Bu, süni intellektin psixi sağlamlığa təsiri ilə bağlı ilk narahatlıq deyil. Keçən həftə New York Times-da yazıçı Laura Reiley, intihar edən qızı Sofinin ChatGPT-yə güvəndiyini yazaraq, proqramın “razılaşdırıcı” cavablarının qızına böhranını ailəsindən gizlətməyə imkan verdiyini qeyd etmişdi. OpenAI isə bildirib ki, psixoloji və emosional sıxıntı yaşayan istifadəçiləri daha tez və effektiv aşkar etmək üçün əlavə avtomatlaşdırılmış alətlər hazırlanır.

 

Seçilən
29
Ajans.az

1Mənbələr