AZ

Büdcə oğrularına qarşı yeni sistem

  “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi necə işləyəcək?
Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsi, dövlətə məxsus qurumlarda maliyyə-büdcə prosesi sahəsindəki çox ciddi problemlər uzun illərdir davam edir. Hesablama Palatası, Maliyyə Nazirliyi tərəfindən fəaliyyəti yoxlanan elə bir qurum yoxdur ki, onda dövlət vəsaitinin mənimsənilməsi, səmərəsiz xərclənmə aşkarlanmasın. Son illərdə korrupsiya ittihamı ilə aparılan məmur həbslərinin istintaqı bu sahədə çox dəhşətli faktların aşkarlanmasına səbəb olub. Yüz milyonlarla manat dövlət vəsaitləri məmurlar tərəfindən açıq-aşkar təyinatından yayındırılır, mənimsənilir.

Avqustun 25-də Prezident İlham Əliyevin imzaladığı fərman büdcə vəsaitlərinin oğurlanmasına qarşı effektiv nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” fərman Azərbaycanda fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılmasını, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsini, dövlət büdcəsi xərclərinin optimallaşdırılmasını, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılmasını təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. 

Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görəcək. 

Maliyyə Nazirliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsini; dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərini; dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsini; dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək, icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Bundan əlavə, dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və onların bütün bank hesablarına Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizmi yaradılacaq. 

Maliyyə Nazirliyi dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılmasını təmin edəcək;  dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil edəcək; büdcədənkənar dövlət fondlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirəcək; dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirəcək, onların optimallaşdırılması üzrə tədbirlər görəcək; ümumi dövlət xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, idman, nəqliyyat, rabitə, mənzil-kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən xərclərə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər görəcək.

Göründüyü kimi, fərman dövlət maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsini, yeni mexanizmlərin tətbiqini nəzərdə tutur. Bu sahələrdə Maliyyə Nazirliyinə əlavə və kifayət qədər geniş nəzarət səlahiyyətləri verilir. Bu tədbirlər Azərbaycanda büdcə xərcləmələrindəki uzun illər boyu davam edən mənimsəmələrin, səmərəsizliyin aradan qaldırılmasında nə qədər effektli ola bilər? Maliyyə Nazirliyinin yeni rəhbər komandasının çox ağrılı olacaq bu prosesi həyata keçirmək imkanları nə qədərdir? 



Rəşad Həsənov

Referans xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Prezidentin imzaladığı fərman Maliyyə Nazirliyində menecmentin dəyişməsi, fərqli, daha konservativ idarəedicilərin rəhbərliyə gətirilməsi fonunda gözlənilən idi: “Yeni rəhbərlik artıq bir müddətdir ki, dövlət maliyyəsinə nəzarətin təkmilləşdirilməsi, bu istiqamətdə səmərəliliyin artırılması, həmçinin təbii ki, əhatəliliyin təmin edilməsi ilə bağlı layihələr üzərində işləyirdi. Bu fərman onu göstərir ki, Maliyyə Nazirliyi kifayət qədər ciddi şəkildə administrasiya, hökumət qarşısında öz mövqeyini əsaslandıra bilib. Burada çox ciddi məqamlar əksini tapıb: Maliyyə Nazirliyinin nəzarət etdiyi sahələrin əhatə dairəsi kifayət qədər genişləndirilib - yəni burada söhbət yalnız proseslərin rəqəmsallaşdırılmasından getmir, eyni zamanda gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan, nəzarət səhm paketi dövlətdə olan müəssisələrdə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə də nəzarət və planlama bu nazirliyin səlahiyyətinə keçir. Fərmanda ən maraqlı məqamlardan biri də dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün müqavilələrin rəqəmsallaşdırılmasıdır. Bundan başqa, dövlət qurumlarının, dövlətə məxsus publik hüquqi şəxslərin bank hesablarına xəzinədarlıq tərəfindən nəzarətin, real vaxt rejimində müşahidələrin təşkil olunması nəzərdə tutulur. Bunlar kifayət qədər aktual məsələlərdir.

Eyni zamanda aydın olur ki, hökumət bu layihəni ictimai vəsaitlərin daha səmərəli idarə edilməsi, ən azından növbəti müddətlərdə artan xərclərin qarşısının alınması məqsədilə bir konsolidasiya aləti kimi də görməkdədir. O baxımdan da Maliyyə Nazirliyinə verilən tapşırıqlardan biri də büdcədən maliyyə alan, ictimai vəsaitləri idarə edən qurumlarda ştat heyətinin araşdırılması, ştat vahidlərinin  optimallaşdırılması üçün təkliflərin hazırlanması mühüm yenilikdir. Bu, onu göstərir ki, bütövlükdə bu layihənin məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin  növbəti dövrlərdə həcminin izlənilməsi, artım istiqamətli dəyişikliklərin çox ciddi analiz olunaraq qəbul edilməsidir. Bu, düşünürəm ki, karbohidrogen gəlirlərinin azalması dövrünə hazırlığın ən mühüm tərkib hissəsidir".

Ekspertə görə, çox geniş və strateji səlahiyyətlərin əldə olunması münasibətilə Maliyyə Nazirliyini təbrik etmək olar: “Bu qədər ciddi istiqamətləri əhatə edən siyasətə nail olmaq uğur sayıla bilər. Amma düşünürəm ki, fərmanda ictimai vəsaitlərin idarə olunması sahəsində rəqəmsal pulun tətbiqi məsələsi də qoyulsaydı, daha yüksək nəticələr əldə etmək olardı. Rəqəmsal pulun izlənməsi, ona nəzarətin təmin olunması sahəsində dəqiq və asan mexanizmlərin yaradılması daha asandır. Bu proses bütövlükdə götürəndə, ola bilsin ki, büdcə xərclərinin səviyyəsinin optimallaşması, hətta qısamüddətli dövrdə xərclərin azalması ilə bağlı da müsbət nəticəyə gətirib çıxarsın. Doğrudur, bu prosesin sosial-iqtisadi nəticələri də olacaq və dövlət bu nəticələrin əhaliyə təsirlərini hesablamaqla onları yüngülləşdirmək üçün də tədbirlər görməlidir. Əks halda, proses mənfi fəsadlar da yarada bilər. Bütün bunlarla bərabər, düşünürəm ki, Fərmanda nəzərdə tutulan tədbirlərin tam və effektiv icrası baş tutarsa, ictimai vəsaitlərin xərclənməsi sahəsində şəffaflığın təmin olunması, korrupsiya hallarının azaldılması, eyni zamanda kənar nəzarətin tətbiqi baxımından ciddi məlumat bazasının formalaşdırılması istiqamətində böyük nəticələr əldə etmək olar. Xüsusilə Hesablama Palatasının nəzarət finksiyasının daha səmərəli icrası üçün zəruri olan məlumat bazasının yaradılması ölkədə kənar maliyyə nəzarətinin daha da təkmilləşməsinə gətirib çıxara bilər. Fərmanın icrası ilə bağlı mümkün fəsadlar geniş səlahiyyətlərin əldə olunması ilə arzuolunmayan diqtəedici idarəetmə modellərinin meydana çıxması, bürokratik təsirlərin artması, qərarqəbiletmədə gecikmələrin yaranmasıdır. Bu fəsadlar nəticəsində dövlət investisiya layihələrinin icrasında problemlər formalaşa bilər, buna görə də düşünürəm ki, hökumət bu ehtimalları nəzərə alaraq, onların reallaşmaması üçün tədbirləri əvvəlcədən hazırlamalıdır”.  

Seçilən
14
1
referans.az

10Mənbələr