İmadəddin Nəsiminin nəslindən olan Şeyx Əhməd 2002 - ci ildə Hələb şəhərində mənə dedi ki, Şeyxi soymayıblar, nə də soyulmasına hökm verməyiblər. Sadəcə Şeyxin əleyhdarları o, Cümə namazına girəndə gizlicə sol başmağının içinə Yasin surəsinin bir səhifəsini qoyublar. Məsciddən çıxanda Şeyxin üstünə yeriyib Quranı təhqir etdiyini bildiriblər. Nəsimi bunu inkar etdikdə ayaqqabılarını çıxarmağı tələb ediblər. Əhalinin kütləvi toplaşdığı bir səhnədə ayaqqabılarını soyunduqda ayağının altından Quran səfihəsi çıxıb və dərhal həbs edilib.
Buna rəğmən hökm verən şeyxlərdən biri məhz bu əmələ görə sol ayağının dərisinin soyulmasını tələb edib. Lakin fətvada soyulma hökmü olmayıb. Sadəcə asılaraq edam edilib.
Çünki o dövrdə dövlətlər şəriət hüququ ilə idarə olunurdu və İslam fiqhində də dəri soymaq hökmü yoxdur. Şəriətdə olmayan hökm icra edilsə dövrün müstəqil din üləması və xalq buna kəskin etiraz edə, hətta üsyana qalxa bilərdi.
Dəri soyulma məsələsini əsasən Sovet vaxtı dinə nifrət yaratmaq üçün qabarıq şəkildə yazıb yayıblar.
Suriyada, Hələb şəhərində heç kəs Nəsiminin dərisinin soyulması nağılını xatırlamır və belə bir hadisəni təsdiq etmir.
Tibbi cəhətdən də insanın dərisini soymaq üçün gərək xeyli cərrah, qəssab, təbib, dəri soyma üzrə mütəxəssislər toplaşaydı, xüsusi cərrahi alətlər olaydı ki, bir neçə saat ərzində bu işi səliqə ilə həyata keçirəydilər. Tarixdə bu haqda bir fakt, rəvayət yoxdur.
Tural İrfan, dinşünas