AZ

ECO-nun fəaliyyətində yeni mərhələ: Azərbaycanın Xankəndi təşəbbüsü

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin rəhbərlərinin Qarabağın qəlbi Xankəndidə toplaşması tarixi və siyasi hadisə kimi qiymətləndirilir. Dünyanın müxtəlif regionlarında özünü göstərən ziddiyyətli proseslərin fonunda bu, olduqca əhəmiyyətlidir. Müzakirə olunan məsələlər, irəli sürülən tezislər göstərir ki, bütövlükdə Azərbaycanın Qarabağ bölgəsinin qlobal əhəmiyyəti dinamik olaraq artır. Artıq azad Qarabağ nəinki Azərbaycan siyasi-coğrafi və mədəni-iqtisadi məkanına, hətta regional və qlobal miqyasa belə inteqrasiya olunur. Qarabağ Azərbaycanın qədim torpağı kimi dünyaya "günəş kimi doğur". O həm də yeni sülh və inkişaf yolunun başlanğıcıdır.

Dünya siyasəti və islam ölkələri

Analitiklər qlobal geosiyasi proseslərdə regional təşkilatların rolunun artmasından bəhs edirlər. İslamın və islam ölkələrinin müasir mərhələdə həssas mövzulardan biri olduğunu nəzərə alsaq, onlarla bağlı istənilən təşəbbüsün dünya üçün əhəmiyyətinə şübhə yeri qalmır. Son zamanlar isə islam dövlətləri ilə bağlı bir sıra münaqişəli vəziyyətlərin yaranması məsələyə xüsusi aktuallıq gətirir. Fələstin, Yəmən, Suriya, İraq, Livan, İran, Pakistan hazırda dünya siyasətinin gündəmində duran ölkələr sırasındadırlar. Fələstin, Yəmən, Suriya, İraq, Livan və İran İsraillə Qərb koalisiyası, Pakistan isə Hindistanla bağlı dünyanın həssas mövzuları kimi siyasi şüurları məşğul edir.

Bunların fonunda Türkiyənin PKK məsələsini tarixdə görünməmiş dinc üsulla həll etməsi geosiyasi gündəmə ciddi təsir göstərməkdədir. Türkiyə diplomatiyasının bu gücü hər kəs üçün bir örnəkdir. Ayrıca, özlərini hər cəhətdən ən güclü sayan dövlətlərin Fələstin, Yəmən, Suriya, İraq, Livan, İran və Ukraynada hərbi güc tətbiqi ilə hadisələri öz xeyirlərinə dəyişmək cəhdləri fonunda Ankaranın sülhyaratma potensialı heyrət doğurmaqdadır.

Bütün bunların fonunda ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın Qarabağ bölgəsinin qədim şəhərlərindən olan Xankəndidə keçirilməsi olduqca əlamətdar hadisə idi. Bu həmin Xankəndidir ki, yadlar adına düşmənın ismini qoymuşdu və onu erməni terrorçuların paytaxtı etmişdilər. Bu həmin Xankəndidir ki, onu son yüz ildə ermənilərin havadarları Ermənistan adlandırdıqları forpost dövlətin vasitəsilə zaman-zaman təcavüz obyektinə çevirmişdilər. Son 30 ildə isə Bakıya məsləhət verirdilər ki, "Xankəndi ilə danışıqlar apar və razılaş!"

Bilirdik ki, sülh, sabitlik və inkişafın yolu Azərbaycan üçün Xankəndidən keçir, ancaq yad ssenarisi üzrə yox, müstəqil Azərbaycan dövlətinin ssenarisi üzrə! ECO-nun 17-ci Zirvə görüşünə bu reallığın işığında baxmaq ədalətlidir!

Xankəndi: tarixilikdən siyasətin mərkəzinə

Azərbaycan Prezidenti böyük məharətlə, bütövlükdə, Qarabağı və ayrıca Xankəndini dünya siyasətinin mərkəzlərindən birinə çevirmişdir. İndi hər bir siyasətçi Xankəndi deyəndə, dərhal "Azərbaycan", "Qarabağ", "bərpa-quruculuq işləri" və "mühüm beynəlxalq tədbirlər" məkanı deyə düşünür. Bu sırada ECO-nun Zirvə görüşünün əhəmiyyəti başqadır. Onun dəqiq qiymətini Prezident İlham Əliyev Zirvə görüşünün gedişində vermişdir. Dövlət başçısı demişdir: "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".

Burada Xankəndi Azərbaycan şəhəri kimi dünyaya iki aspektdə təqdim olunur. Birincisi, 30 il sürən işğaldan sonra Qarabağın azad edilmiş mühüm şəhərlərindən biri kimi. İkincisi, ümumən, Qarabağ kontekstində artıq ənənə halını almış və beynəlxalq əhəmiyyətli tədbirlərin məkanlarından biri kimi. Hazırda həmin keyfiyyətdə Şuşa, Laçın və Xankəndi dünya siyasətinin Qafqazda döyünən "mədəni mərkəzləri"ndən biri kimi qəbul edilir. Azərbaycan Prezidenti bu yeni siyasi və geosiyasi gerçəkliyi diplomatik məharətlə təqdim etmişdir.

Dövlət başçısı aşağıdakı fikri təsadüfi bəyan etməmişdir. İlham Əliyev demişdir: "Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir". Yəni Azərbaycan tarixi baxımdan çox qısa müddətdə öz tarixi torpağı olan Qarabağda dünya səviyyəsində yüksək təşkilatçılıq reytinqinə malik olan məkanlardan biri kimi Xankəndini dünyaya göstərir! XX əsrin əvvəllərindən burada havadarlarının dəstəyi ilə at oynadan erməni terror düşüncəsi və rus imperiya təfəkkürünün 100 ildə edə bilmədiyini müstəqil Azərbaycan cəmi 5 ildə həyata keçirdi. Xankəndi qlobal tədbirləri təşkil edə biləcək Konqres Mərkəzinə malikdir!

Prezident Xankəndinin bu cür yüksəlişinin səbəbini də açıqlamışdır. İlham Əliyev bəyan etmişdir: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar". Son dərəcə aydın və dəqiq mesajdır. Hesablarını götürüb nəticə çıxarsınlar! Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əbədidir!

Böyük qayıdış: Qarabağ və Qərbi Azərbaycan konteksti

ECO-nun Zirvə tədbirində bu məsələnin gündəmə gətirilməsinin siyasi və geosiyasi anlamı böyükdür. Ekspertlər, bütövlükdə Xankəndi Zirvəsinin qlobal əhəmiyyətindən danışırlar. Hətta "ECO sammiti: Xankəndi qlobal məsələlərin müzakirə meydanına çevrilir", "Xankəndidən dünyaya" və sairə kimi qiymətləndirmələr verilir. Bir sıra ekspertlər isə Xankəndini geosiyasi oyun qaydalarını dəyişən məkan kimi xarakterizə edirlər. Burada bölgə dövlətlərinin regional problemlərin həlli mərkəzinin Cənubi Qafqazda olması zərurətini artıq qəbul etdikləri nəzərdə tutulur. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfəri yüksək qiymətləndirilir.

Əlbəttə, bütün bu qiymətləndirmələr əsaslı və çox əhəmiyyətlidir. Lakin Azərbaycanın müstəqilliyi baxımından başqa bir məsələ də diqqət çəkir. Biz Böyük qayıdışı nəzərdə tuturuq. Prezident İlham Əliyev həmin kontekstdə iki tezisi vurğulamışdır.

Birincisi, Böyük qayıdış proqramı icra edilir. Bu günə qədər 21 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır". İkincisi, "Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.

Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair İstanbul Bəyannaməsində indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək".

Bu tezislərin müqayisəsi göstərir ki, indi Qarabağa olan Böyük qayıdış gələcəkdə Qərbi Azərbaycana da olacaq. Böyük qayıdışın ilk mərhələsidir. Azərbaycan heç bir halda bu istiqamətdə fəaliyyətini səngitməyəcəkdir. Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycan əsl sahiblərinə qovuşacaq. Bu prosesin Şuşa, Xankəndi, Laçın, Ağdam, Füzuli və başqa Azərbaycan şəhərlərinin Qafqazın inkişaf və sülh mərkəzlərinə çevrilməsi əsasında aparılacağına inam böyükdür. Qarabağın bu şəhərləri Göyçənin, Zəngəzurun, Zəngibasarın, Dərələyəzin şəhərlərinin inkişaf və sülh mərkəzlərinə çevrilməsinin başlanğıcını qoyurlar. Bunun fonunda "Şərq-Qərb", "Şimal-Cənub", Orta dəhliz və digər kommunikasiya marşrutları region üçün inkişaf və barışıq yolları olacaq! Bunların hər birini təşkil edən və həyata keçirən isə Azərbaycan Respublikasıdır! Xankəndinin əsas mesajlarından biri bundan ibarətdir!

Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr