Amerikanın nüfuzlu “Foreign Policy” jurnalı Bakı ilə İrəvan arasında aparılan danışıqlara və Cənubi Qafqazda münasibətlərin normallaşdırılması perspektivlərinə həsr olunmuş geniş məqalə dərc edib.
"Report"un xəbərinə görə, məqalədə qeyd edilir ki, Çərçivə Sazişi regional ticarət və investisiyaların blokdan çıxarılmasına yol açır, həmçinin ABŞ-yə ənənəvi olaraq Rusiya, Türkiyə və İranın təsiri altında olan regionda mühüm oyunçu statusunu verir.
Qeyd olunur ki, Donald Tramp administrasiyası 2026-cı ilin sonuna qədər tam hüquqlu sülh müqaviləsinin imzalanmasını və ratifikasiyasını gözləyir.
Məqalə müəllifləri vurğulayırlar ki, dönüş nöqtəsi Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi və 2023-cü ildə suverenliyini yekun şəkildə bərpa etməsi olub. Jurnalın analitiklərinin fikrincə, bu, prinsipial olaraq yeni reallıq yaradıb.
Bakı və İrəvan arasında çərçivə sazişi regionun ən şiddətli münaqişələrindən birinə son qoymaq istiqamətində mühüm addım olub.
“Saziş bu və ya digər şəkildə Cənubi Qafqazda yeni eranın başlanğıcını göstərir”, - nəşr qeyd edib.