AZ

Tramp Lavrovun Zelenskinin legitimliyi ilə bağlı dediklərini cəfəngiyyat adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair mümkün sənədlərin imzalanmasına görə legitim şəxs olmadığı barədə sözlərinə sərt reaksiya verib.

"Report"un xəbərinə görə, Ağ Evdə ABŞ administrasiyasının Nazirlər Kabinetinin iclası zamanı jurnalistlər ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoffdan Lavrovun bəyanatına münasibət bildirməyi xahiş ediblər. Vitkoffun əvəzinə suala Tramp özü cavab verib.

"Stiv cavab verə bilərdi, amma mən də cavab verə bilərəm. Nə deyəcəklərinin fərqi yoxdur. Bunların hamısı cəfəngiyyatdır", - o deyib.

Amerikanın NBC telekanalına müsahibəsində Lavrov bildirib ki, Rusiya Zelenskini Ukraynanın qanuni prezidenti hesab etmir və onu “de-fakto rejimin başçısı” adlandırıb.

Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna Prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Dövlət başçısı beş il müddətinə seçilir, seçkilər 2024-cü ilin martında keçirilməli idi. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən prezident seçkilərinin keçirilməsi qadağandır.

2022-ci il fevralın 24-dən ölkədə hərbi vəziyyət qüvvədədir və Rada hər üç aydan bir müddəti uzadıb.

Seçilən
1
report.az

1Mənbələr