Portuqaliyanın “Portimonense” klubunun kolumbiyalı vingeri Kamilo Duran bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan çempionu bu gün daha bir futbolçunun transferini reallaşdırıb. Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.
Klubla 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Xatırladaq ki, “Qarabağ” bu yay Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Semi Mmae və Xoni Montieli də heyətinə qatmışdı. Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli, Redon Cica, Rüstəm Əhmədzadə komandanı tərk ediblər. Davud Mənsumov isə “Şamaxı”ya icarəyə verilib.