Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 600-dən yuxarı bal toplayan 10 nəfər abituriyent universitetlərin ixtisas seçimi müsabiqəsindən kənarda qalıb və heç bir ali məktəbə daxil ola bilməyib. Bu, gənclər üçün ciddi emosional sınaqdır. Abituriyent imtahanda uğursuz olduqda onlar stres, təəssüf, özünə inamsızlıq və hətta depressiya hiss edə bilərlər.
Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, bu, bir çox gəncin yaşadığı problemdir:
"Ümumiyyətlə, bəzi valideynlər uşaqların xoşbəxt olmağına tək çarə universitet imtahanlarında uğurlu olmasını göstərir. Gənclərdə həddindən artıq təzyiq yaranır. Həyatlarının ən gözəl günlərini ancaq evdən məktəbə, məktəbdən hazırlığa, sonra da gecə yenə dərs oxuyub yatmaq olur.
Belə məqamda uşaqlar imtahanda uğurlu olmağı tək qurtuluş kimi görür. Bütün təzyiqlərdən və türmə həyatından uzaqlaşmaq üçün bircə xilas olma yolu kimi görür. Uşağın qabiliyyəti də bəlli səviyyədədir deyə, universitet imtahanını keçə bilməyəndə ümidsizlik, depressiya, təşviş və özünü kənarda qalmış hiss edir. Bəzən valideyn də bu məqamda uşağa emosional dəstək olmaq əvəzinə onları danlayaraq, müqayisə edərək daha da pis hiss etməklərinə səbəb olurlar.
Belə valideynlər (mükəmməliyyətçi valideynlər) əgər limiti aşsa və ya uşağın üzərində yüksək dərəcədə utanc və günahkarlıq hissi yaransa, həmçinin gənc uşaq özünü bir çıxmazda görsə və artıq təlafi etmək üçün bir çarəsinin olmadığını hiss etsə, intihar cəhdləri də gənclərdə görülə bilər. Buna görə də çox önəmlidir ki, valideynlər onlara dəstək olsun və imtahanların dünyanın sonu deyil də, sadəcə həyatının balaca bir hissəsi olduğunu onlara başa salmalıdır.
Valideynlər də öz gözləntilərini azaltmalı və hər şeyin bir imtahandan ibarət olmadığını bilməlidir. Uşaqların imtahana hazırlıq ərəfəsində uşaqların əyləncə, istirahət və dostlarıyla sosiallaşmağına önəm verməlidir".
Həmidə İbrahimova