Təcrübəli serb yarımmüdafiəçi Nemanya Matiç yenidən İtaliya çempionatına qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu “Sassuolo” ilə bir illik müqavilə imzalayıb. O, yeni klubuna azad agent statusunda qoşulub.
Matiç sonuncu dəfə Fransada “Lion”un heyətində çıxış edib. O, Liqa 1-in yeni mövsümü başlamazdan əvvəl komandanı tərk edərək azad oyunçu olmuşdu.
Serbiyalı futbolçu daha əvvəl “Çelsi”, “Mançester Yunayted”, “Benfika”, “Vitess” və “Renn”in də formasını geyinib. İtaliyada isə o, 2022–2023-cü illərdə “Roma”da çıxış edib.
Transfermarkt-ın qiymətləndirməsinə görə, Matiçin hazırkı bazar dəyəri 2 milyon avrodur.