AZ

Qlobal böhranları Azərbaycan üçün fürsətə, güc mərkəzinə çevirən diplomatiya Şərh

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Müasir dövrdə yeni dünya düzənin formalaşması uğrunda mübarizə olduqca mürəkkəb geosiyasi proseslərlə, ciddi silahlı böhranlarla, kataklizmlərlə və qarşıdurmalarla müşayiət olunur. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan da yeni düzənin formalaşmasındakı çağırışları fürsətə çevirməyə çalışır və cənab Prezident İlham Əliyevin düşünülmüş, çevik diplomatiyası nəticəsində ciddi uğurlar əldə etməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

O bildirib ki, Azərbaycan ədalətli yeni dünya nizamının tərəfdarıdır:

“Ədalətli dünya nizamının formalaşması ancaq dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanaraq, qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli iş birliyi nəticəsində mümkün ola bilər. Azərbaycan da bu prinsiplərə əsaslanaraq çoxvektorlu diplomatiya yürütməklə həm bu çağırışları ölkəmiz üçün fürsətlərə çevirir, həm beynəlxalq aləmdə layiqli yerini tutur, həm də qlobal sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfəsini verir. Bu hədəflərə artıq nail olunub.

Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunu, həm də bütövlükdə Avrasiyanı dialoq və əməkdaşlıq məkanına çevirməyə çalışır. Dost və tərəfdaş ölkələrlə həyata keçirilən layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli iş birliyinə əlverişli zəmin yaradır.

Azərbaycan eyni zamanda Qərblə Şərq, Şimalla Cənub arasında uğurlu əməkdaşlıq körpüsü rolundan faydalanaraq logistik mərkəzə çevrilib. Nəticədə Avrasiya coğrafiyasında reallaşan əlaqə dəhlizlərini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Digər tərəfdən, Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçi rolunda çıxış edir. Bu səbəbdən də Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Dünyada yaranan müasir çağırışlar və mövcud problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həll yolları axtarılır. Bu da yeni dünya düzənində Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxarır. Artıq dünyanın supergücləri Azərbaycanın bu reallığını qəbul edir və dəstəkləyir.

Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu çoxvektorlu diplomatiyası öz bəhrəsini verir. ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi fotolarda qeyd olunan “Ilham, You are Great Leader” (“İlham, Siz böyük lidersiniz”) ifadəsi bunu təsdiqləyir. Bu o deməkdir ki, dünyanın super dövləti olan ABŞ belə Azərbaycanın gücünü qəbul edir və Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.

İltizam Yusifov əlavə edib ki, Azərbaycan yürütdüyü uğurlu diplomatiya ilə qarşısında duran hədəflərə bir-bir nail olur:

Şərqlə Qərb arasında etibarlı əməkdaşlıq körpüsü rolunu oynamaq üçün Orta Dəhlizin imkanlarını genişləndirmək. Bakının hədəfi Orta Dəhlizi yalnız nəqliyyat və tranzit yükdaşıma ilə kifayətlənmədən, çoxfunksiyalı logistik dəhlizə çevirməkdir. Azərbaycan bu hədəfə nail olmaq üçün Qərbdən Şərqədək Mərkəzi Avrasiya ölkələri ilə sıx ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri qurub. Buna nümunə olaraq Prezident İlham Əliyevin 22 avqustda Türkmənistana səfəri, Türkmənbaşı şəhərində Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin üçtərəfli Zirvə görüşü və eyni gün Türkiyədə Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin təməlqoyma mərasimi göstərilə bilər.

Şimalla Cənub arasında nəqliyyat dəhlizi layihəsində fəal iştirak, Azərbaycan vasitəsilə Şimal Buzlu okeanı və şimal ölkələrindən Cənub ölkələrinə, xüsusən Hind okeanı ölkələrinə ən qısa çıxışı təmin etməyi hədəfləyir.

Azərbaycan qlobal iqlim problemlərinin həllinə öz töhfəsini vermək üçün Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçi missiyanı üzərinə götürüb və bunu uğurla həyata keçirir.

Azərbaycan Avrasiya coğrafiyasının yeni enerji və logistik xəritəsini formalaşdıran ölkə rolunda çıxış edir.

Azərbaycan hər dövrdə yeni reallıqlar yaradaraq beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və qlobal sülh, təhlükəsizlik sahəsində fəal oyunçu rolunu davam etdirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində dünya nizamının formalaşmasında qarşıda duran çağırışlar fürsətə çevrilir və həm Azərbaycan, həm də Türk dünyası yeni güc mərkəzi kimi ortaya çıxır. Savaşda qazanılan qələbə diplomatiya sahəsində də uğurla davam etdirilir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
olke.az

2Mənbələr