Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edib.
QHT.az xəbər verir ki, Ə.Nuriyev bildirib ki, Vilayətinin çıxışları real siyasətdən çox “boşboğazlıq” təsiri bağışlayır:
"İndi İran Ali Rəhbərinin müşaviri titulunu daşıyan Əli Əkbər Vilayəti yenə danışdı. Əslində, bu artıq təəccüb doğurmur. Onun siyasətdəki əsas missiyası danışmaqdır: konkret qərar qəbul etmək, məsuliyyət daşımaq, güc göstərmək yox – sadəcə danışmaq. Mikrofon görəndə isə dərhal “boşboğazlıq marafonu”na çıxır.
Bu dəfə də mövzu – Zəngəzur dəhlizi. Vilayəti qəhrəmanlıq havasına girərək deyir ki, İran “heç bir halda imkan verməyəcək”. İnsanın ağlına isə sadə bir sual gəlir: necə imkan verməyəcək?
Bəlkə Herodotun ruhunu yardıma çağıracaq, ya da "Böyük Kir" (Cyrus the Great)in istehkamlarını yenidən ucaldacaq? Yoxsa tarixi miras şüarlarını müasir silah kimi işə salacaq?
Halbuki reallıq tam fərqlidir.
Azərbaycan və Türkiyə dəhliz məsələsində qətiyyətlidir.
Ermənistan ABŞ vasitəçiliyi ilə artıq “okey” deyib.
ABŞ və Qərb isə “Tramp dəhlizi” konsepsiyasını açıq şəkildə dəstəkləyir.
Belə şəraitdə Vilayətinin “biz qoymarıq” ritorikası dil pəhləvanlığının ən bariz nümunəsidir…"
Ə.Nuriyev əlavə edib ki, Vilayətinin bəyanatları əslində daxili auditoriyaya ünvanlanıb, çünki ölkə daxilində vəziyyət ağırdır:
"İqtisadiyyat çöküb, xalq kasıb, gənclər üsyan həddindədir. Amma Vilayəti çıxıb deyir ki, “narahat olmayın, biz Qafqazın tarixi mirasını qoruyuruq”. Elə bil camaat çörək almaq yerinə Herodot oxuyacaq!
İranın siyasi elitasında da parçalanma dərinləşib
Pragmatiklər – Pezeşkian tərəfdarları deyirlər: “Qırmızı xətlər pozulmasa, dəhliz açılsın, əməkdaşlıqdan fayda götürək”.
Radikallar, Vilayəti kimi “tarixə qapıçılıq edənlər” isə deyirlər: “ABŞ dəstəkləyibsə, qəti olmaz”.
Nəticə isə dəyişmir və dəhliz açılacaq. Vilayətinin sözləri isə yalnız “İranın səsini yüksəltmək üçün boşboğazlıq məşqi” kimi qalacaq.
Açığını desək, Vilayəti indi siyasətçi yox, tarix kitabı ilə silahlanmış teatr aktyoru təsiri bağışlayır. O, hər çıxışında “müqəddəs miras”, “Qafqaz müdafiə xətti” kimi pafoslu ifadələr səsləndirir.
Beləcə, “dil pəhləvanının yeni macərası” da eyni ssenari ilə bitir: çox söz, az təsir. Həqiqətdə isə nə Qafqaz dəyişir, nə də dəhlizin taleyi. Sadəcə, Vilayəti yenə səhnəyə çıxır, tamaşa oynanılır və pərdə enir. Amma artıq oyununu yaxşı oynaya bilmir, onu təbirincə desək tarixə miras olmaq vaxtı çatıb…"