Moderator.az oxucularına “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qaliblərinin yazılarını təqdimetməyə davam edir.
Xatırladaq ki, müsabiqə tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunub və qələm sahiblərinin yaradıcılığını dəstəkləməyi və milli jurnalistikanın dəyərlərini təbliğ etməyi qarşısına məqsəd qoyub.
Bu dəfə oxucularımıza II yerin qalibi Vəli Həsənovun məqaləsini təqdim edirik:
Axşamdan yağan yağış dayanmış, buludun arxasından boylanan günəş ətrafı qızdırmağa başlamışdı. İslanmış torpaq nəfəs aldıqca təbiətə yeni ruh gəlirdi. Ağaclar günəşə sarı boylanır, boynunu bükən çiçəklər sanki yenidən dirçəlirdi. Günəş üfüqdə öz yerini bərkitdikcə ətrafa göz qamaşdıran işıq saçırdı. İslanmış göy otlarda bərq vuran günəş şüalarının yaratdığı mənzərə insanı valeh edirdi. Bir qədər aralıda axan çayın şırıltısı həzin musiqini xatırladırdı. Çaydan ayrılan arxın suyu hələ durulmamışdı. Bulanıq su kənd yenişə axır, arxa cuman ördək-qaz öz qənimətlərini qapazlayırdı. Neçə gün ara verməyən leysan kəndi sükuta qərq eləmişdi. Hər axşam bulaq başında nazlanan qızlar da çölə çıxmamışdılar, bulaq tək-tənha onlarsız darıxmışdı. Göy gurultusuna sarı hürən kənd itləri tənbəl-tənbəl öz yuvalarının ağzında mürgü vururdu. Adamlar çölə-bayıra çıxmağa həvəsli deyildilər. Heç kəs gözə dəymirdi. Neçə gün yağan leysanın ucbatından doyunca otlaya bilməyən mal-qaranın qırışığı bir qədər açılmışdı. Sürü kəndin qənşərindəydi. İndi qarşıdakı dağın döşündə ləzzətlə otlayan qoyun sürüsünün yanında iki nəfər gözə dəyirdi. Buludlardan əsər-əlamət qalmamışdı. Havanın isinməsi həşəratların işinə yaramışdı. Al-əlvan kəpənəklər sağa-sola uçuşur, yağışdan gizlənən çəyirtkələr səs-səsə vermişdilər. Soyuqdan büzüşən çiçəklərə yeni nəfəs gəlmişdi. Dağın döşündə otlayan qoyunların başının üstündə göy qurşağı göründü. Kənd camaatı təbiət hadisəsinin seyrinə çıxdılar. Sürünün yanındakılar da göy qurşağının sehrinə düşdülər və ağızlarını ayırıb yuxarı baxdılar. Elə bil yerlə göy arasında yeni rənglər toplusu yarandı. Onlara elə gəldi ki, başlarının üstündəki ilahi gözəllik əbədidir və heç vaxt buraları tərk etməyəcək. Amma təbiətin başqa möcüzələri onları heyrətləndirdikcə bayaqkı göy qurşağı yadlarından çıxdı. Bir neçə saniyə ərzində Qaraşumla Təkədonduran arasında peyda olan bulud parçalarının yaratdığı mənzərənin təsirindən az qala özlərini itirdilər. Buludun yaratdığı insan və heyvan rəsmləri tez-tez formalarını dəyişdikcə “çobanlar” vahimələndilər. Göy üzündən divlər boylandı. Bir azdan yuxarı yamaclarda bəpbo quşları oxumağa başladı. Bəpbo quşlarına buralarda İsaq-Musaq quşu deyirdilər. Bəpboyla bağlı rəvayətə görə dağlarda azan İsaq və Musaq adlı iki cavan oğlan biri-birilərini tapa bilmədikdən sonra dönüb quş olmuşdular və hələ də biri-birilərini axtarırdılar. İndi Məzməzəyin ətəyində bəpbo səsi gələn kimi, Yoğunbrun tərəfdən dərhal ikinci bəpbo sədası eşidilirdi. Bütün günü beləcə səs-səsə verib biri-biriylə söhbətləşirdilər. Sürünün yanındakılar bəpbonun səsinə fikir vermirdilər. Bu səs onlar üçün adiləşmiş və İsaq-Musaq quşlarının səsindən təngə gəlmişdilər. Quşlar söhbət edə-edə bayaqdan bir dəfə də dayanmamışdılar. Elə bil onlar yurdun başının üstünü alan təhlükəni duymuş və namərd düşmənin qurduğu oyundan duyuq düşmüşdülər. Qərbi Azərbaycanda baş verənlərdən, ermənilərin kəndlərdə çaxnaşma yaratmasından İsaq-Musaq quşları da özlərinə yer tapa bilmirdilər. Narahat ruhların dolaşdığı göylərdə qartallar göründü. Qıy vuran şahinlər sıldırım qayaların üstündə şütüdükcə İsaq-Musaq quşlarının bəpbosu kəsildi. İndi yuxarıda yalnız qartalların qıyıltısı eşidildi. Bir neçə qartal havada dövrə vurub gözdən itdi və yenidən yamaclardan bəpbo səsləri eşidildi. “Çobanlar” qartalların uçuşunu seyr edir, otlayan qoyunları nəzərlərindən qaçırmırdılar. Bura Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndinin qənşəri idi. Balaca “çobanlar”ın otardıqları da kənd qoyunları idi. Uzunlar məhəlləsinin “nobatına” gedən uşaqlar son günlər baş verən hadisələri öz gözləri ilə görmüşdülər. Novruz bayramı günlərində ermənilər Ələyəz kəndinə hücum etmişdilər və kəndin girəcəyində azərbaycanlılarla ermənilər arasında dava olmuşdu. Həmin gecə Qovuşuq cavanları qonşu kəndin köməyinə tələsmişdilər. Dəliqanlılar Ələyəzə çatanda kənd camaatı erməniləri qovub kənddən çıxartmışdı. Beləcə, səkkiz kilometr yol qət edən Qovuşuq gəncləri geri qayıtmışdılar. Səhər tezdən Azərbaycan kəndlərinin sakinləri Təkədonduranın sərt qayalığında onları təhqir edən şüarlar görmüşdülər və dərhal dağın döşündəki taxta parçaları yandırılmışdı.
İndi Qovuşuğun qənşərində qoyun otaran uşaqlar ötən həftə baş verən hadisədən danışırdılar. Onlara elə gəlirdi ki, həmin gecəki hadisə hansısa dedektiv kinofilmdən maraqlı səhnədir. Qovuşuqdan Ələyəzə yürüş edəndə atalar övladlarıyla fəxr edib, uşaqlarının vətənpərvərliyindən qürur duymuşdu. Ağsaqqallar isə kəndin dəliqanlılarına səbrli olmağı tövsiyyə etmişdilər. Qoyun “nobatına” gedənlərdən Şərif həmin gecə ermənilərin üstünə hücum edən dəstədə yer almışdı. O, 12 yaşlı Cəbiyə həmən hadisəni təfsilatı ilə nəql etdikdən sonra, ermənilərin 1918-ci ildə törətdiklri vəhşilikdən danışırdı. Şərifin nənəsi Tuyğun qarı 1918-ci ildə Dərələyəzdə baş verən qırğınların canlı şahidiydi. Babasını nənəsinin gözünün qabağında diri-diri doğrayanda nənəsi macal tapıb üzüm tənəyinin altında gizlənmişdi. Daşnaklar Ağalar kişinin qalıqlarını hasara hörəndən sonra xeyli müddət Tuyğunu axtarmışdılar. Ərinin tikə-tikə doğranmasını gözləriylə görən Tuyğun gecə yarıya qədər üzüm tənəyinin altından çıxmamış, ermənilərin yatdığını dəqiqləşdirəndən sonra oranı tərk etmişdi. Tuyğun qarı danışırmış ki, gündüzlər yatıb, gecələr yol gedir, viran qoyulan kəndlərdən keçirmiş. Nəhayət Şərifin nənəsi bir təhər qaçıb canını qurtara bilmişdi. 1988-ci il Novruz bayramından sonra ermənilərin Ələyəzə hücumunu eşidəndə yaşı yüzü keçən Tuyğun qarı nəvələrinə demişdi ki, hiyləgər ermənilərə inanmasınlar. Cəbi Şərifin nənəsini yaxşı tanıyırdı və hər gün Tuyğun qarının maraqlı söhbətlərinə qulaq asırdı. İndi Şərif babasının başına gələn faciədən, nənəsinin çəkdiyi əzab-əziyyətdən danışırdı. Cəbi kəndin qənşərindəki yamacda Şərifin dizinin dibində oturub qonşusunun söhbətini dinləyirdi. Şərif al-əlvan çiçəklərin ətrini ciyərlərinə çəkə-çəkə ermənilərin xislətindən söhbət edir, dostu isə nəyin baş verdiyini hələ tam anlaya bilmirdi. Cəbi Şərifə qulaq assa da, diqqəti çiçəklərdə idi. Arılar cürbəcür çiçiklərə qonduqca ona elə gəlirdi ki, Şərifin səsi lap uzaqlardan gəlir. O, daha Şərifi eşitmirdi. Bütün diqqəti arılarla çiçiəklərin qovuşmasına yönəlmişdi. Elə bil çiçiklər də arılarsız darıxmışdı. Onlar iki günlük həsrətlərinə qucaqlaşaraq bir-birinə sarılmaqla son verirdilər. Dostlarının gəlişinə sevinən al-əlvan güllər yağışdan gizlətdiklərini həvəslə həmdəmlərinə ötürməkdən sanki qürur duyurdu. İndi onlar ikisi də xoşbəxt idi. Bu xoşbəxtliyin gətirdiyi rahatlıq mavi güllərin boy atması, yeni qönçələr demək idi. Hər qönçə ümid, hər ləçək təsəlli yeri idi. Təbiət haldan-hala, rəngdən-rəngə düşdükcə “çobanların”da əhvalı dəyişirdi, ikisi də susmuşdu. Dağın döşündən əl içi kimi görünən kənddə yavaş-yavaş canlanma başlamışdı. Evlərin bacasından tüstü qalxdıqca Hava meşəsiylə Yalın döşünü ayıran dərə kəndin nəfəsliyini xatırladırdı. Evlərdən qalxan tüstü dərə yoxuşa qalxır və fərqli mənzərə yaradırdı. Bir qədər yuxarıda tüstü qatı duman yaratdığından göz-gözü görmürdü. Adama elə gəlirdi ki, onlardan aşağıda tonqal qalanıb. Dərədən qalxan tüstünün xoş iyi ətrafa yayıldı. Uşaqlar bu mənzərəyə alışdığından buna elə də əhəmiyyət vermədilər. Ciyərlərinə çəkdikləri tüstü doğma ocaqlarından onlara qədər axıb gəlmişdi. Dərələyəzin ağrı-acısını dərə yoxuşa daşıyan qara tüstü sanki haray təpirdi və baş verənlərə etiraz edirdi. "
Qeyd edək ki, bu ilki müsabiqədə "Qərbi Azərbaycana Qayıdış", "Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı" və "Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası" mövzularını əhatə edirdi.