Rusiyanın Kemerovo vilayətində kömür sənayesindəki böhran səbəbindən artıq 17 müəssisənin fəaliyyəti dayandırılıb.
Ölkə.Az-ın “İnterfaks”a istinadən məlumatına görə, bunu mətbuat konfransında regionun qubernatoru İlya Seredyuk söyləyib.
“Qərb sanksiyaları və dünya qiymətlərinin enməsi səbəbindən kömür sənayesi hazırda çətinliklər yaşayır. Bağlanan müəssisələrə gəlincə, hazırda onların sayı 17-dir və hamısı birdəfəlik bağlanmayıb”, – deyə Seredyuk bildirib, amma konkret hansı müəssisələrdən söhbət getdiyini açıqlamayıb.
Onun sözlərinə görə, bağlanmış müəssisələrin yarısı konservasiya edilib, işçilər isə holdinqlərin tərkibindəki digər müəssisələrə yönləndirilib: “Bizim bir neçə müəssisəyə nəzarət edən iri holdinqlərimiz var və işçilər həmin müəssisələrə yerləşdirilib”.
Qubernator xatırladıb ki, regionda ümumilikdə 151 kömür hasilatı və emalı müəssisəsi fəaliyyət göstərir.