AZ

Gözəllik salonlarında törədilən cinayətlər: Bu prosedurlar qadağan imiş

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illər estetik və kosmetoloji prosedurlara maraq xeyli artıb. Uzun müddət yalnız vizaj, manikür və saç kəsimi kimi klassik xidmətlərlə tanınan gözəllik salonları, hazırda botoks, mezoterapiya, dolğu, infuzion prosedurlar, hətta cərrahi xidmətlər də təqdim edir. Üz gəncləşdirmə, “botoks”, “mezoterapiya”, “filler” kimi prosedurlar, xüsusilə sosial şəbəkələrdə geniş reklam olunur. Bu prosedurlar tibbi təhlükəsizlik tələblərinə riayət edildikdə dünya səviyyəsində məqbul hesab edilsə də, Azərbaycanda həmin prosedurların çoxu qanuniləşdirilməyib və bəzən qeyri-peşəkar şəraitdə yerinə yetirilir.

Ölkəmizdə estetik və kosmetoloji prosedurların gözəllik salonlarında tətbiqi, onları icra edən şəxslər, həmçinin istifadə olunan preparatlara nəzarət necə tənzimlənir?

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən (AEM) Bakupost.az -a verilən açıqlamada bildirilib ki, tibbi kosmetoloji prosedurların icrası tibb müəssələrində tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim dermatoloqun nəzarəti altında dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməsi mütləqdir. Səhiyyə Nazirliyi tərəfindən tanınan müvafiq kurslar ixtisaslı tibb mütəxəssislərinin peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzərdə tutulur. Lakin heç bir tibbi təhsili olmadan sadəcə kurslardan əldə edilən sertifikatlar ilə tibbi kosmetoloji işlərin həyata keçirilməsi qanunvericiliyə ziddir. Tibbi təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olmaq, əhalinin həyat və sağlamlığını risk altına atmaq cinayət məsuliyyətidir.

Mövzunu araşdırdıqda məlum oldu ki, Səhiyyə Nazirliyinin 7 aprel 2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq edilən “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”a cavab vermədiyindən gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir. Lakin faktiki olaraq gözəllik salonlarında sözügedən prosedurlar həyata keçirilir. Bunu icra edənlərin hər birinin tibbi təhsili varmı? Təbii ki, xeyr. Bu qədər normativ tələblər və nəzarət mexanizmləri mövcuddursa, niyə demək olar ki, hər məhəllədə qeyri-qanuni kosmetoloji prosedurlar təklif edilir?

Analitik Ekspertiza Mərkəzinin açıqlamasında qeyd olunub ki, Səhiyyə Nazirliyinə gözəllik salonlarında tibbi kosmetoloji prosedurlar ilə bağlı vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamalar keçirilir, fakt öz təsdiqini tapdığı halda sahibkarlıq subyektləri barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilir. Odur ki, gözəllik salonlarında mövcud tibbi kosmetoloji prosedurların həyata keçirilməsi dayandırılmalıdır.

Yəni bir müştəri şikayət etməsə və ya nəticədə ciddi sağlamlıq pozuntusu baş verməsə, prosedurun qanunsuz icrası çox zaman cəzasız qalır. Halbuki bu kimi hallarda qabaqlayıcı monitorinq sistemi mövcud olmalıdır.

Vətəndaş nə edə bilər?

Hazırda hüquqi baxımdan vətəndaş yalnız prosedura başlamazdan əvvəl istifadə olunan preparatın qeydiyyat şəhadətnaməsini, icraçının tibbi təhsilini təsdiqləyən sənədi tələb edə bilər. Amma azsaylı şəxslər bu hüquqdan istifadə edirlər. Sosial şəbəkələrdə vizual cəlbedicilik və süni endirim kampaniyaları ilə aldadılan vətəndaşlar sağlamlıqlarını, bəzən isə həyatlarını itirmək təhlükəsi ilə qarşılaşırlar.

Beləliklə qanunsuz fəaliyyəti ifşa etmək vətəndaşların üzərinə düşür. AEM vətəndaşlara tövsiyə edir ki, qarşılaşdıqları qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı (012) 596 05 20 qaynar xətti, [email protected] elektron poçtu və rəsmi sayt (“Müraciət” bölməsi) vasitəsilə məlumat versinlər.

Reallıq ondan xəbər verir ki, qanunvericilikdəki mövcud qadağalar və tənzimləmələr, nəzarət mexanizmləri yetərincə effektiv deyil. Əgər hər məhəllədə bir neçə gözəllik salonunda rahatlıqla botoks, dolğu, iplərlə üz dartma kimi tibbi kosmetoloji prosedurlar təklif olunursa, bu, ciddi boşluğun göstəricisidir. Yoxlamaların yalnız şikayət və fakt əsasında aparılması, qabaqlayıcı nəzarətin olmaması, və ya cəzanın cüzi və təsirsiz qalması qanunun işləmədiyini göstərir.

Qanunlar yalnız kağız üzərində yox, real həyatda da işləməlidir. Əks halda, “gözəllik” adı ilə təqdim olunan bu prosedurlar çoxlarına sağlamlığını, hətta həyatını bahasına başa gələ bilər.

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
www.bakupost.az

1Mənbələr