AZ

Səməd Seyidov: Trampın ətrafında təhlükəsizlik zəmanəti axtarırlar, onların siyasəti iflas edib - MÜSAHİBƏ

BAKI, 26 avqust. TELEQRAF

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilməsi, atılan birgə addımlar hazırda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Sizcə, Vaşinqtonun Bakıya olan müsbət münasibəti digər əks yanaşmalara təsir edəcəkmi?

- İndi dünyada qaydalar dəyişir. Amma Azərbaycana qarşı hiyləgər və riyakar yanaşma sərgiləyənlər heç də dəyişən dünyanın səhnəsindən çəkilməyiblər. Sadəcə onlar başa düşürlər ki, fərqli vəziyyət yaranıb. Bu vəziyyətin yaradılmasında iki şəxsiyyət müstəsna rol oynayıb. Faktiki olaraq bu gün Avropanın Şərqində yeni siyasəti, beynəlxalq təhlükəsizlik sistemini tətbiq edən, yaradan və dünyaya təqdim edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Qərbdə isə bu, ABŞ Prezidenti Donald Trampdır.

Təəssüf ki, korrupsiyaya uğramış və sifarişləri icra edən, sünii şəkildə Azərbaycanı və özlərinə qarşı çıxan insanları ləkələməyə çalışan qeyri-dövlət təşkilatları, müxtəlif strukturlar fəaliyyətlərinə davam ediblər.

Bu gün məhz iki liderin, yəni Prezident İlham Əliyevin və Donald Trampın eyni dəyərlər haqqında danışmasının şahidi oluruq. Buna rəğmən biz Avropadakı solçu liberal qüvvələrin Azərbaycana qarşı hücumuna müqavimət göstərdik və bu təhdidləri zərərsizləşdirməklə onlara qalib gələ bildik.

Sözsüz, biz bunu region səviyyəsində edirdik. ABŞ-də isə miqyas daha böyükdür. Donald Tramp hazırda ABŞ-in gözəgörünməz qüvvələri ilə yanaşı Avropanın da bu prosesdə yer alan qruplarına qarşı mübarizə aparır.

- Bundan sonra Avropanın ümumi siyasi xəttində dəyişikliklər nədən ibarət olacaq?

- Bu gün Avropa haqqında danışdığım qüvvələrin həyata keçirdiyi siyasətin qurbanı olub. Ona görə də Azərbaycana müraciət etməklə yanaşı, həm də gedib Trampın ətrafında oturub özlərinə təhlükəsizlik zəmanəti axtarırlar. Onların siyasət iflasa uğrayıb.

İndi biz yox, onlar özləri üçün təhlükəsizliklə bağlı zəmanət axtarır. Gərək oturub fikirləşsinlər ki, Avropanın gələcəyi necə olacaq? Əlaqələri kiminlə quracaqlar? Bu isə, əlbəttə, onların siyasətində hansısa dəyişikliklərə gətirib çıxaracaq.

- Sizcə, bu dəyişiklər Avropa Şurası kimi təşkilatları da əhatə edəcəkmi?

- Hər bir halda bu kimi dəyişiklər mütləq baş verəcək. Dəyişiklər bu təşkilatları əhatə etməsə, onun Avropanın siyasi səhnəsindən çəkilməsi labüd olacaq. Çünki Avropa Şurası, Avropa Parlamenti bu günkü Avropanın tələblərinə uyğun deyil. Onlar özlərində ciddi islahatlar aparmalıdır.

Özlərində güc tapıb Cənubi Qafqazdakı əsas faktor olan Azərbaycan Prezidenti İlham Əliyevi, ABŞ-də isə Prezident Donald Trampın yaratdığı yeni reallığı qəbul edəcəklərsə, həmin təşkilatların gələcəyi olacaq. Amma öz mövqelərində qalıb el məsəlində deyildiyi kimi “burada mənəm, Bağdadda kor xəlifə” anlayışı ilə yaşayacaqlarsa, belə bir siyasətin axırı olmayacaq.

Seçilən
1
teleqraf.com

1Mənbələr