AZ

Milli dəyərlərin, humanizmin və mədəniyyətin təcəssümü

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və dərin milli-mənəvi dəyərlərə malik olan bir ölkədir. Şərqlə Qərbin qovuşduğu bu torpaqlar əsrlər boyu sivilizasiyaların mərkəzi olmuş, bəşəriyyətə görkəmli şəxsiyyətlər, alimlər, şairlər, sənətkarlar bəxş etmişdir. Bu gün Azərbaycan sürətlə inkişaf edən, öz suverenliyini möhkəmləndirən, milli-mənəvi dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya edən bir dövlətdir.

Məlum olduğu kimi, bəşər tarixində elə bir köklü xalq yoxdur ki, hər hansı mürəkkəb və taleyüklü mərhələdə onun sabit inkişafını təmin edən, milli dövlətçilik institutunun strateji-¬ideoloji strukturunu formalaşdıran lideri olmasın. XX əsrin II yarısından sonra ölkəmizin tarixində müstəsna yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-¬yaradan, məhz, Ümummilli Lider, dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan misilsiz dövlət başçısı, əfsanəvi xalq lideridir. Ulu Öndər məktəbinin uğurlu yetirməsi, praqmatik təfəkkürlü və islahatçı Prezident İlham Əliyev isə XXI əsr Azərbaycanının yeni tipli lideridir. Ulu Öndərin milli idarəçilik məktəbinin bir yetirməsi də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev ¬Fondunun rəhbəri, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımı bütün bu keyfiyyətləri - mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.

Belə ki, Azərbaycanın minillikləri əhatə edən zəngin siyasət və mədəniyyət tarixində öz fəaliyyətləri ilə yadda qalan görkəmli qadın şəxsiyyətlər sırasında Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi yeri var. Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi, inkişafı, dünya dövlətləri sırasında layiqli yer tutması, beynəlxalq aləmdə nüfuz qazanması üçün mübarizədə Prezident İlham Əliyevin ən yaxın silahdaşı məhz ölkənin birinci xanımı Mehriban Əliyeva olmuşdur.

Mehriban xanım Əliyeva - xalqımız, dövlətçiliyimiz üçün yorulmaz fəaliyyəti ilə Azərbaycan tarixinə adı həkk olunmuş bu böyük şəxsiyyət hər bir Azərbaycan vətəndaşının qəlbinə yol tapa bilmişdir. O, həm dövlət xadimi, həm də Azərbaycan qadınının mükəmməl obrazının təcəssümü olan bir xanımdır, həm qətiyyətli, güclü xarakterə malik bir siyasətçi, həm də yüzlərlə, minlərlə köməksiz insanlara yardımçı olan humanist insandır, həm Azərbaycan mədəniyyətinin Avropa mədəniyyəti ilə həmahəng inkişafı üçün çalışan insan, həm də qloballaşma proseslərinin sürətlə getdiyi bir dövrdə xalqımızın özünəməxsus milli-mənəvi dəyərlərinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması üçün yorulmadan mübarizə aparan böyük bir şəxsiyyətdir.

Mehriban xanım Əliyeva bu zamana qədər müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərərək ona olan inam və etimadı layiqincə doğruldub. O, millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi layihələr təhsil, səhiyyə, sosial rifah, mədəniyyət və idman sahələrində böyük nəticələr vermiş, ölkəmizin hər bir bölgəsində inkişaf və tərəqqiyə töhfə olmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, xalçaçılıq sənəti və digər milli dəyərlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu, həm milli kimliyimizin qorunmasına, həm də Azərbaycanın dünyada tanınmasına xidmət etmişdir.

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi də fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var.

Humanizm prinsiplərini fəaliyyətinin əsasına çevirən Mehriban xanım Əliyeva cəmiyyətin ən həssas təbəqələrinin müdafiəsində, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial dəstəyində daim ön sıradadır. Bu, onun şəxsiyyətinə məxsus nəciblik və xeyirxahlığın bariz göstəricisidir.

Ən mühüm məqamlardan biri budur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər vətəndaşlara diqqət və qayğının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır.

Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük rəğbət və hörmət qazanmışdır. Onun təmsil etdiyi ali dəyərlər - mərhəmət, ədalət, milli-mənəvi bağlılıq və vətənpərvərlik hər bir azərbaycanlı üçün örnəkdir. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Bir sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var. Mehriban Əliyeva şəxsiyyəti timsalında biz yalnız bir ictimai-siyasi lideri deyil, həm də milli-mənəvi dəyərlərin, humanizmin və zəngin mədəniyyətimizin parlaq təcəssümünü görürük. Əminliklə söyləyə bilərik ki, Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı və uğurlu siyasətinin dəstəkçisi Mehriban xanım Əliyevanın zəhmətkeş, məsuliyyətli və nümunəvi fəaliyyəti hər bir azərbaycanlı tərəfindən daim rəğbət və qürur hissi ilə qarşılanacaq.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
sesqazeti.az

1Mənbələr