Qəzza zolağında aclıq sürətlə böyüyür. Bölgədə mövcud vəziyyətin həlli üçün kompleks tədbirlər görülməsə, aclıq asanlıqla Fələstin anklavının digər ərazilərinə də keçə bilər. Bu barədə “Anadolu”ya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) nümayəndəsi Olqa Çerevko məlumat verib.
Çerevko qeyd edib ki, Qəzza zolağında aclıq və ərzaq qıtlığı geniş vüsət alıb və İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) çərçivəsində dərc edilən yeni hesabatda bu təsdiq heç də təəccüblü deyil: "Biz nə qədər dəhşətli olsa da, aylardır bu barədə xəbərdar etmişik. Biz bu məsələni qaldırmışıq və mümkün olan hər bir forumda onun təhlükəsini vurğulamışıq. Bunun bir neçə aydır ki, davam etdiyini və vəziyyət belə davam edərsə, ən pis ssenarini görəcəyimizi demişik".
OCHA nümayəndəsi xatırladıb ki, hesabata görə, mövcud vəziyyət hərtərəfli və düzgün yanaşma ilə həll edilməsə, aclıq asanlıqla Fələstin anklavının digər ərazilərinə də keçə bilər.
"Hazırda Qəzzada aclığı dayandırmağın yeganə yolu kifayət qədər qidanın mövcud olmasını və ən həssas təbəqələrə çatdırılmasını təmin etməkdir. Qarşılaşdığımız maneələr aradan qaldırılmalıdır və ən həssas insanlara çıxış daimi, proqnozlaşdırıla bilən və təhlükəsiz olmalıdır", - Çerevko bildirib.
O qeyd edib ki, Qəzzanın cənubundakı Nasser xəstəxanasına qida çatışmazlığı səbəbindən daxil olan xəstələrin sayı hər gün artır və böhran aylardır davam edir.
“Qəzzada aclıq hazırda sürətlə artmaqda olan bir mərhələdədir”, - deyən Çerevko, humanitar yardımın sürətlə çatdırılması üçün Qəzzada bütün keçidlərin açılmasına dair əbəs cəhdlərə diqqət çəkib.
BMT nümayəndəsi bildirib ki, OCHA əməkdaşları Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını tələb etməkdə davam edirlər, lakin bəzi hallarda artıq gecdir.
Çerevko xatırladıb ki, aclıqla bağlı yeni hesabatda humanitar yardımın çatdırılmasında çoxsaylı gecikmələr var.
"Qarşısını almaq mümkün olan itkilər artıq baş verib. Müəyyən planların və qərarların dayandırılmasını və aradan qaldırılmasını tələb etsəydik, yaranmış bu vəziyyətin qarşısını almaq olardı. Lakin təəssüflər olsun ki, heç bir tədbir görülmədi, atılan addımlar isə yetərli olmadı", - deyə o bildirib.
Çerevko qeyd edib ki, beynəlxalq ictimaiyyət və digər maraqlı tərəflər Qəzza zolağındakı vəziyyətlə bağlı heç bir addım atmasa, OCHA əməkdaşları nə baş verə biləcəyini proqnozlaşdıra bilməz.
Atəşkəs dövründə hər gün yüzlərlə yük maşını Qəzza zolağına daxil olub, indi isə bu rəqəm onlarladır, - BMT OCHA nümayəndəsi xatırladıb. - Və bu baxımdan, biz tələb olunan göstəricilərdən xeyli geridəyik. Biz genişmiqyaslı tədarüklərə hazırıq. İnsanlara kömək etmək üçün hər şeyə hazırıq. Lakin bizə yerlərdə şərait lazımdır və onu gücləndirmək üçün daha çox yardım, eləcə də kommersiya ləvazimatları lazımdır".
Çerevko, Qəzzada görüşdüyü insanların iki ildir ki, ağır vəziyyətlərini əks etdirən böyük bir qorxu və etibarsızlıq yaşadıqlarını söyləyib.
OCHA nümayəndəsi həmçinin qeyd edib ki, bir çox fələstinlilər öz imkanlarının həddinə çatıb: "Mən çox narahatam ki, əgər bu dayanmasa və münaqişənin həlli tezliklə tapılmasa, biz geridönüşü olmayan bir nöqtəyə çatacağıq. Biz də görürük ki, bu hücumlar davam edir və insanlar aclıqdan ölür. Bütün ümidlərimiz atəşkəsə bağlıdır. Bütün girovların qeyd-şərtsiz və dərhal azad edilməsi zəruridir, vəziyyət dəyişməlidir. Bu iztirab və aclığa təhlükəsiz son qoyulmalıdır ".
Rizvan HİLALOĞLU,
“Azərbaycan”