AZ

MEHRİBAN XANIMI TƏBRİK EDƏRKƏN... Şuşaya ucalan bütün Azərbaycan qadınlarının ruh paradına...

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Zahid ORUC

Azərbaycanın dövlətçilik tarixində 21-ci yüzilin kommunikasiya inqilabı şəraitində idarəetmənin bütün əvvəlki quruluş və formasiyalardan daha çətin tələblər/ çağırışlarla əhatələndiyi bir dövrdə Mehriban Əliyeva özünün qabaqcıl zəkası, fitri istedadı və elitar bir mühitdə böyüməsinə rəğmən müstəsna sadəliyi ilə seçilən ən parlaq azərbaycanlı qadın obrazıdır.

Şərqin patriarxal ənənələri və min illərlə formalaşan dominant çərçivələri, xüsusilə də dövlət başçısının-Birinci Şəxsin həyat yoldaşı adını nominal statistik bioqrafiya hadisəsi kimi deyil, dövlət quruculuğunun ayrılmaz atributuna çevirmək, o cümlədən Qərbdə təsisatlandırılmış institutu ən yüksək səviyyəyə qaldırmaq ikinci adama nəsib olmayıb. Müstəqil Azərbaycan rəhbərlərinin ailə üzvlərinin məlum durumunu müzakirəyə çıxarmadan özlərinin liderə çevrilə bilməməsi, Heydər Əliyevinsə Zərifə xanımı erkən itirməsi səbəbilə ölkəmizdə prezident xanımının siyasi kimliyi, dəst-xətti, üslubu və insani xüsusiyyətləri, millət quruculuğuna töhvələri 2003-cü ilə qədər mövcud deyildi.

Üstəlik, nəinki Cənubi Qafqazda, eləcə də keçmiş sovet məkanı və sonradan siyasi Qərbin bir parçasına çevirlən sosialist düşərgəsi ölkələrində Mehriban Əliyeva miqyasında öz xalqının-milyondan artıq qaçqını, köçkünü olan bir millətin taleyi ilə yaşayan, onu humanitar, mədəni diplomatiya ilə dünya gündəliyə çıxaran və daha çox siyasi uğurlar qazanan siyasətçi xanım olmayıb. Daşıdığı tituallar- xoşməramlı səfir adları beynəlxalq arenada Romadan Parisə, Vaşinqtondan islam paytaxtlarına qədər böyük bir coğrafiyada Azərbaycanın sivil obrazını, haqq davasını prezidentimizin nümunəsilə aparan və son 5 ilin Qalibiyyət səlnaməsinə əbədi adını yazan da məhz Odur.

Mehriban Əliyeva 44 günlük müqəddəs müharibəyə-Vətən savaşına qədər Azərbaycan qadınının-şəhid Anasının, bacısının, həyat yoldaşının və övladının ağrılarını, göz yaşlarını, çəkilməz kədərini, lakin eyni zamanda, qürurunu və əyilməzliyini çiyinlərində daşıyan bir Simadır.

Onun liderliyi kitab və yazı hadisəsi olmaqdan çox, ruhi və həyati bir gerçəklik faktıdır.

Vətən müharibəsində Qələbimizin xanım obrazı Mehriban Əliyevadır. Savaşın ilk günlərində, yaralı əsgərləri ziyarət edəndə də, şəhid anaları ilə çiyin-çiyinə hər gün azad edilən torpaqların qürurunu bölüşəndə də, hələ barıt qoxusu çəkilməmiş Zəngilana-yolları minalı ərazilərə Ali Baş Komandanla bir səngərdə addımlayanda da O, bütün azərbaycanlı qadınların mənəvi və ruhi təmsilçisiydi. Məgər Araz vadisinin min illik sularında-yenicə dirilişinə və azadlığına qovuşan, lakin hər zaman parçalanmanın, işğalın, ayrılığın təcəssümünə çevrilən bir məkanda prezidenti müşaiyət etmək, daha sonra hər səfərində Birinci Şəxsin sərkərdəlik məharətini, duyğularını, hislərini, əmr və qərarlarını lentə almaq, tarixin mirasına çevirmək də eyni dərəcədə müqəddəs missiyadır.

Ona görə də körpəsini Böyük Qayıdışın-Yeni Həyatın əlaməti kimi Mehriban xanımla paylaşan, onu bağrına basan və bir tabloya çevrilən kəlbəcərli Ana da azad torpaqlara əbədi qayıdan bir millətin qadın ordusudur. 32 il öncə Murovdan kiçik vertolyot meydançası ilə birlikdə üzü aşağı yuvarlananlar da onlar olmuşdular. Hər faciə yubileylərində ekranlardan evlərmizə dağılan o səhnələr ümummilli travmanın nişanəsiydi. İndi bir o qədər ucalan qadınlarımız dünyaya gətidikləri oğullarla yüksəliblər, göylərə qalxıblar.

Yalnız şəhidlik deyil, həm də döyüşərək, qalib gələrək sağ qalmaq və qalib Vətən qurmaq Şərq qadınının yeni taleyidir. Onu yazanların, yaradanların birincisi dövlət başçısıdırsa, xanımlarımızın çoxəsrlik məğlubiyyət hekayələrini də dəyişdirən Mehriban Əliyevadır. Əslində onun doğum günü xalqına ləyaqətlə xidmət edən və hər zaman həyat yoldaşını bir addım öndə tutan şəxsiyyətin fərdi-tərcümeyi hadisəsi olmaqdan çox bir millətin zərif, lakin qəhrəman yarısının diriliş, qayıdış və dönüş günüdür.

Mehriban xanımı təbrik edərkən, Şuşaya ucalan bütün Azərbaycan qadınlarının ruh paradına qoşulmuş olursan. O kameranın obyektivinə düşmək istəmədiyi bütün anlarda belə tarixin və millətin sevgi, ehtiram və inam nəzərlərinin obyektindədir.

Qadınlarımızın fərəhi hazırki dünya təhlükələrindən, qlobal savaşlardan tək xilas yoludur. Ən böyük nüvə müharibələrini də dayandıracaq qüvvə məhz xanımlarımızın əbədi həyat ruhu və cismidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
azpolitika.info

4Mənbələr