AZ

Tibb tarixində bir ilk: donuz ağciyəri insana köçürüldü

Çin alimləri ilk dəfə donuzdan insana ağciyər transplantasiyasını uğurla həyata keçiriblər.

E-saglam.az xəbər verir ki, əməliyyat zamanı beyin qanaması nəticəsində beyin ölümü keçirən 39 yaşlı kişiyə geni dəyişdirilmiş donuz ağciyəri köçürülüb. Orqan əməliyyatdan sonra doqquz gün funksional olaraq işləyib.

Əməliyyata qədər donuzun bəzi genləri redaktə edilərək insan immun sistemini aktivləşdirəcək zülalların qarşısı alınıb. Transplantasiyadan sonra xəstəyə immunosupressiv dərmanlar verilib və bütün müddət ərzində həm orqanın fəaliyyəti, həm də immun reaksiyası nəzarətdə saxlanılıb.

Mütəxəssislərin sözlərinə görə, ilk günlərdə orqan normal fəaliyyət göstərib. Lakin sonrakı günlərdə zədələnmə və antikorların təsiri ilə rədd edilmə əlamətləri müşahidə olunub. Buna baxmayaraq, doqquzuncu gün qismən sağalma qeydə alınıb. Əməliyyat planlaşdırıldığı kimi doqquzuncu gündə dayandırılıb.

Alimlər hesab edirlər ki, gələcəkdə daha təsirli dərmanlarla donuzdan insana uzunmüddətli ağciyər transplantasiyası mümkün ola bilər. Amma hazırda rədd edilmə və infeksiya riski əsas maneə olaraq qalır.

Bu nailiyyət ürək, böyrək və qaraciyər transplantasiyasından sonra ağciyərin də ksenotransplantasiya siyahısına daxil edilməsinə yol açır və elm dünyası üçün mühüm addım sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
0
e-saglam.az

1Mənbələr