AZ

Bu dəfə Şuşa və Xankəndi şəhərlərində oldular

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ICESCO ilə birgə təşkil etdiyi "Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi" mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində səfərdədirlər.

Hafta.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib. Qeyd edilib ki, forumun iştirakçıları Xankəndi şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.

BBMM-in şöbə müdiri İrina Kunina çıxışında Azərbaycan multikulturalizminin siyasi əsaslarının Azərbaycan Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapdığını bildirib:

"Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Mühazirə forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib".

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin əhəmiyyətindən söz açıb. ABŞ ilə strateji əməkdaşlıq, 907-ci düzəlişin tətbiqinə verilən imtinanın uzadılması, işğalın nəticələri və məcburi köçkünlərin geri dönüş hüququ kimi məsələlər də diqqətə çatdırılıb.

Forum iştirakçıları "Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu" mövzusunda interaktiv müzakirə aparıblar. Sonra "Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi" mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçılarının Şuşa şəhərinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə şəhərin tarixi, mədəni və dini abidələri barədə ətraflı məlumat verilib.

İştirakçılar Xurşidbanu Natəvanın evi və Bülbülün muzeyini ziyarət ediblər. Onlara bu görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətindəki yeri və işğal dövründə abidələrə vurulmuş zərərlər haqqında məlumat verilib. Daha sonra qonaqlar Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Vaqifin məqbərəsini gəzib, restavrasiya və bərpa işləri ilə tanış olublar. Ekskursiya zamanı gənclərə Şuşanın Azərbaycanın musiqi və poeziya beşiyi olması, şəhərin çoxmillətli mədəniyyət mərkəzi kimi tarixi əhəmiyyəti, habelə işğaldan azad olunmasından sonra həyata keçirilən yenidənqurma layihələri barədə məlumat verilib. Forum iştirakçıları, həmçinin Cıdır düzünü ziyarət edərək Qarabağın gözəl təbiəti ilə tanış olublar və burada xatirə şəkilləri çəkdiriblər.

Forum çərçivəsində "Öz xalqını təqdim et" musiqili axşamlar da təşkil olunub. Burada iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.

Qeyd edək ki, "Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi" mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb.

Seçilən
15
11
hafta.az

10Mənbələr