AZ

Zülfüqar Hüseynzadə mükafatı müsabiqəsinin III yer qalibi Lamiyə İsazadənin yazısı

Moderator.az oxucularına “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qaliblərinin yazılarını təqdim edir.

Xatırladaq ki, müsabiqə tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunub və qələm sahiblərinin yaradıcılığını dəstəkləməyi və milli jurnalistikanın dəyərlərini təbliğ etməyi qarşısına məqsəd qoyub.

Bu dəfə oxucularımıza III yerin qalibi Lamiyə İsazadənin məqaləsini təqdim edirik:

"Zamanın aynası olan jurnalistika hər bir dövrdə cəmiyyətin düşüncə tərzini, ictimai-siyasi ruhunu formalaşdıran güclü vasitə olmuşdur. Xüsusilə milli məsələlərdə medianın rolu təkcə informasiya ötürməkdən ibarət deyil, həm də milli-mənəvi dəyərləri qorumaq, tarixə və kimliyə sahib çıxmaq, ictimai düşüncədə istiqamətverici mövqe tutmaqdır. Bu kontekstdə Azərbaycan jurnalistikasının əhəmiyyətli simalarından biri olan Zülfüqar Hüseynzadə öz peşəkar fəaliyyəti ilə jurnalistikanın bu ali missiyasını daşıyan qələm sahiblərindən olmuşdur.

Zülfüqar Hüseynzadə Azərbaycan jurnalistikasının inkişafında, xüsusilə milli maraqların və ictimai rifahın qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir qələm sahibi idi. Onun publisistik yazılarında həm dərin analitik təhlil, həm də oxucunu düşündürən və düşündürməklə yanaşı, istiqamətləndirən bir missiya daşıdığı açıq hiss olunurdu. O, jurnalistikanı yalnız informasiyanın ötürülməsi vasitəsi deyil, milli düşüncənin formalaşdırılması aləti kimi qəbul etmişdir.
 
Zülfüqar Hüseynzadənin jurnalistik fəaliyyəti dövründəki əsas prinsipləri obyektivlik, milli maraqlara sadiqlik və sosial məsuliyyət daşımaq olmuşdur. Onun yazılarında ən çox diqqət çəkən məqamlardan biri də Azərbaycançılıq ideologiyasına bağlılıq, dövlətçilik ruhunun təbliği və cəmiyyətin maarifləndirilməsi istiqamətində sərgilədiyi ardıcıl mövqe idi. Zülfüqar Hüseynzadənin fəaliyyəti, müstəqillik dövrü medianın formalaşma mərhələsində xüsusilə əhəmiyyət kəsb edirdi. Sovet senzurasından çıxan cəmiyyətin yeni sözə, azad fikirə ehtiyacı var idi. Z.Hüseynzadə bu ehtiyacı qarşılayan, cəmiyyəti siyasi və ideoloji baxımdan doğru istiqamətə yönəldən medianın ön cəbhəsində yer almışdı. O, milli özünüdərk prosesində medianın tərbiyəedici gücünü əsas prioritet kimi qiymətləndirirdi. 
 
Zülfüqar Hüseynzadənin publisistik dili və üslubu geniş auditoriyanı əhatə edə biləcək qədər əlçatan, eyni zamanda intellektual dərinliyə malik idi. Onun yazıları nə faktların quru təqdimatı idi, nə də, sadəcə emosional çıxışlar... O, hər yazısında tarixi bilgilərlə dövrün aktual məsələlərini ustalıqla əlaqələndirərək oxucuya həm informativ, həm də dünyagörüş formalaşdıran mətnlər təqdim etmişdir. Yazılarında ədəbi dilin saflığını qoruyan Hüseynzadə, həmçinin publisistikanın sənətə yaxın olan cəhətlərini ortaya qoymuşdur. Onun yazılarında yalnız informasiya deyil, fikir, emosiya və vətəndaşlıq məsuliyyəti var idi. Bu da, onun yazılarını yalnız oxumaq üçün deyil, düşünmək və nəticə çıxarmaq üçün dəyərli mənbəyə çevirirdi. Onun yazılarında cəmiyyətin müxtəlif təbəqələrinə xitab edən məqamlar mövcud idi. Dövlət məmurlarına məsuliyyətli davranmağı, gənclərə Vətənə sədaqətli olmağı, ziyalılara isə cəmiyyətə istiqamət göstərməyi tövsiyə edən çağırışlar onun publisistik üslubunun əsas dayaq sütunlarını təşkil edirdi. Z.Hüseynzadə jurnalistikanı bir çağırış platforması kimi istifadə edərək, hər zaman milli kimliyin, dövlət müstəqilliyinin və ictimai həmrəyliyin qorunmasına xidmət etmişdir. 
 
Zülfüqar Hüseynzadənin yazılarında medianın rolu aydın və prinsipial şəkildə müəyyənləşdirilirdi: media sadəcə informasiya ötürmək üçün deyil, eyni zamanda milli iradəni ifadə etmək, mənəvi sərvətləri qorumaq və təbliğ etmək üçündür. O, medianı dövlətlə vətəndaş arasında körpü kimi dəyərləndirirdi. Bu körpünün sağlam qurulması üçün jurnalistin vicdanı, obyektivliyi və vətəndaşlıq mövqeyi əsas amillərdir deyə düşünürdü. O, xüsusilə Qarabağ məsələsində, ərazi bütövlüyü uğrunda aparılan ideoloji mübarizədə medianın ön sırada yer almalı olduğunu dəfələrlə vurğulamışdır. Yazılarında tarixə söykənən təhlillər, düşmənin informasiya savaşına qarşı arqumentli mövqelər, xalqın mübarizə ruhunu diri tutmaq üçün emosional çağırışlar öz əksini tapırdı. Hüseynzadənin məqalələri yalnız jurnalist yazısı deyil, həm də milli ruhun dirçəlməsinə xidmət edən mənəvi silah idi. Z.Hüseynzadə üçün jurnalist informasiya daşıyıcısı deyil, milli iradənin nümayəndəsi idi. Bu baxış, onu hər zaman, hər kəsdən fərqləndirir və jurnalistik irsinin dəyərini daha da artırırdı.
 
Zülfüqar Hüseynzadənin redaktoru olduğu sayt və jurnalistlərə göstərdiyi peşəkar dəstək, bir çox gənc jurnalistin formalaşmasında mühüm rol oynamışdır. O, peşə etikasının qorunması, jurnalist peşəsinin cəmiyyətə nüfuzlu peşə kimi təqdim olunması üçün, ciddi zəhmət, böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında formalaşan jurnalist məktəbi, yalnız peşəkar bacarıqları deyil, həm də milli məsuliyyət hissini gənc nəslə aşılamışdır. Onun təşkilatçılığı ilə keçirilən maarifləndirici seminarlar, yazı müsabiqələri və media dialoqları yalnız nəzəri deyil, həm də praktiki nəticələr doğurmuşdur. Bu təşəbbüslər, mediada keyfiyyətli yazıların artmasına, ictimai debatların səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Eyni zamanda o, media ictimaiyyətində əməkdaşlıq mühitinin və peşəkar həmrəyliyin yaradılmasına xidmət göstərmişdir. 
 
Zülfüqar Hüseynzadənin jurnalistik baxışlarında azərbaycançılıq ideologiyası mərkəzi yer tuturdu. O, bu ideologiyanı dil, din, tarix, mədəniyyət və ərazi bütövlüyü anlayışları üzərində birləşdirən bir sistem kimi təqdim edirdi. O hesab edirdi ki, medianın əsas vəzifəsi milli kimliyi qorumaqla yanaşı, onu yeni nəsillərə aşılayan bir məktəb rolunu oynamaqdır. Azərbaycançılıq onun üçün yalnız bir ideya deyil, eyni zamanda əməl proqramı idi. Z.Hüseynzadə medianı bir ideoloji platforma kimi dəyərləndirməklə yanaşı, onun mənəvi və sosial funksiyalarına da xüsusi yer verirdi. O, yazılarında milli düşüncənin gücləndirilməsini, xalqın tarixi yaddaşının yaşadılmasını və milli kimliyin təhriflərdən qorunmasını əsas hədəf seçirdi. Bu baxımdan o, medianı həm keçmişə sədaqətin, həm də gələcəyə məsuliyyətin ünvanı kimi görürdü. 
 
Zülfüqar Hüseynzadə jurnalistikanı eyni zamanda bir dəyər təbliğatçısı, milli varlığın qoruyucusu, mənəviyyatın tribunası kimi görürdü. Onun jurnalistik irsi, sözün əsl mənasında bir məktəb idi. Bu məktəb obyektivlik, vətəndaşlıq, milli şüur və peşəkarlıq dəyərlərinə əsaslanırdı. Bu gün, Azərbaycan medianın qarşısında dayanan əsas çağırışlar,  informasiya təhlükəsizliyi, ictimai birliyin qorunması, gənclərin milli ruhda yetişdirilməsi, bir vaxtlar Hüseynzadənin yazılarında işıqlandırdığı problemlər idi. Onun jurnalistik irsini araşdırmaq, gələcək nəsillərə ötürmək və mediada yaşatmaq milli-mənəvi borcdur. Z.Hüseynzadə bir jurnalistdən daha artıq idi. O, ictimai düşüncə mühəndisi, milli mənəviyyatın keşiyində duran fikir adamı, söz adamı idi. Bu baxımdan, onun irsini yaşatmaq təkcə media üçün deyil, ümumən cəmiyyət üçün əhəmiyyətlidir. Onun qələmi yalnız tarixə deyil, həm də gələcəyə ünvanlanmış bir çağırış idi: milli dəyərləri unutmamaq, onları yaşatmaq və inkişaf etdirmək. Zülfüqar Hüseynzadənin jurnalistik irsi bu gün də, medianın qarşısında dayanan mənəvi və peşəkar borcları xatırladır. O, öz fəaliyyəti ilə jurnalistikanın təkcə informasiya deyil, həm də ideya və məsuliyyət platforması olduğunu sübut etdi. Bu səbəbdən, onun irsi yeni nəsil jurnalistlər üçün yol göstərici, mənəvi kompas rolunu oynamalıdır."
 
Qeyd edək ki, bu ilki müsabiqədə "Qərbi Azərbaycana Qayıdış", "Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı" və "Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası"  mövzularını əhatə edirdi.
Seçilən
21
moderator.az

1Mənbələr