AZ

"Donald Trampın oynadığı siyasi komediya nəticə verməyəcək"

"İndiki vəziyyətdə Putin müharibəni dayandırmaq fikrində deyil. Çünki Alyaskadakı görüşdən sonra Rusiya ordusunun hücum intensivliyində zərrə qədər azalma mövcud deyil. Bu gün də bütün cəbhə boyu Rusiyanın hücuma keçdiyi bildirilir. Və bu faktın özü də göstərir ki, bütün bu danışıqlar, Alyaska görüşü, perspektivdə guya ikili və yaxud üçlü görüşlərin baş tutması kimi zaman-zaman bu cür fikirlərin ortalığa atılması, yalnız Rusiyanın zamana oynaması siyasətidir".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünün mümkünlüyündən danışarkən bildirdi. 

Onun sözlərinə görə, Rusiya hücumlarının konkret nəticələrini görmək istəyir.

"Yəni Xarkov, Sum, Dnepropetrovsk, Zaporojenin tamamilə işğalı kimi planlar da mövcuddur. O baxımdan mən belə bir görüşün baş tutma ehtimalını mümkün saysam da, ancaq perspektivdə buradan çıxan nəticələr sıfıra bərabər olacaq. Sadəcə bu bir görüş olacaq, danışılacaq. Vladimir Putin NATO-nun Rusiyaya qarşı haqsız siyasətindən, o cümlədən bir az tarixdən, SSRİ-nin dağılmasından danışacaq. Təbii ki, bu kontekstdə Zelenski də öz dövlətinin ərazi bütövlüyü və suverenliyini qorumaq üçün fikirlər bildirəcək. Bununla da növbəti görüş sona çatacaq və növbəti görüşlər perspektivdə hazırlanacaq. Bütün bunlar zaman aparan məsələlərdir ki, əslində Vladimir Putin də buna oynayır. Bunu görməmək, bu sadəcə cahillikdir. O baxımdan mən konkret, ciddi bir nəticə gözləmirəm".

Onun fikrincə, nəticə o vaxt olacaq ki, Ukrayna dövlətinin Rusiyanın bütün dərinliklərindəki ərazilərə, strateji hərbi obyektlərə zərbə haqqı tanınsın:

"Çünki artıq bütün strateji obyektləri vurub məhv etmək üçün Ukrayna dövləti konkret strateji uzaqmənzilli ballistik raketlərə mənsubdur. Təbii ki, burada say məsələsi çox önəmlidir. Bu istehsal artdıqca, təbii ki, Ukraynanın imkanları artacaq. Bu kontekstdə bir də Qərb dünyasının Ukraynaya ciddi şəkildə verdiyi dəstək Rusiyanın itkiləri artacaq. İtkilər artdıqca xüsusilə də Moskva və Peterburq vurulduqca bütün bu hadisələr Vladimir Putini masada oturmağa vadar edəcək. Yalnız bundan sonra konkret nəticələrdən danışmaq olar. Yoxsa ki, Donald Trampın oynadığı siyasi komediya nəticə verməyəcək. Bunların nəyə hesablandığı aydındır. Ona görə də bundan irəliyə gedən konkret siyasi nəticələr çıxarmaq özünü aldatmaqdan başqa bir şey deyil".

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr