BAKI, TurkicWorld , Nərmin Ağayeva
Reuters və Associated Press (AP) beynəlxalq xəbər agentlikləri İsrailin Qəzza zolağında Nasser xəstəxanasına hücumu nəticəsində jurnalistlərin öldürülməsinə qəzəbləndiklərini bildirərək birgə bəyanat yayıb.
TurkicWorld xəbər verir ki, Reuters-in baş redaktoru Alessandra Galloni və AP-nin baş redaktoru Julie Pace, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Eyal Zamir və hökumətin mətbuat xidmətinin direktoru Nitzan Chenə ünvanlanmış bəyanatda, Nasser xəstəxanasına edilən hücumda Reuters-dən Hosam əl-Masri, AP və Reuters üçün çalışan Məryəm Əbu Dekka və Muaz Əbu Taha da daxil olmaqla beş jurnalistin həlak olduğunu qeyd edib. Hücumda Reuters-in fotojurnalisti Hatəm Xalidin də yaralandığı vurğulanıb.
“Müstəqil jurnalistlərin beynəlxalq hüquqla qorunan xəstəxanada qurban olması bizi qəzəbləndirir. Bu jurnalistlər peşəkar vəzifələrini yerinə yetirərək, şahidlik edirdilər. İsrailin xarici jurnalistlərin Qəzzaya girişinə iki ilə yaxın qadağa qoyması onların işini xüsusilə vacib edir,” - deyə bəyanatda bildirilib. İsrail ordusunun hücumu öz üzərinə götürməsinə baxmayaraq, “jurnalistləri hədəf almadığı” iddiası şübhə altına alınıb və ordunun keçmiş araşdırmalarının nadir hallarda nəticə verdiyi vurğulanıb.
Agentliklər, hücumun bilərəkdən canlı yayımları hədəf alıb-almadığını sorğulayaraq, İsrail ordusunun beynəlxalq hüquqa uyğun olaraq jurnalistləri və mülki şəxsləri qorumaq öhdəliyini yerinə yetirmədiyini bildirib. “Bu ölümlər sürətli və şəffaf cavabdehlik tələb edir. İDF jurnalistlərə və xilasedicilərə zərər vurulmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur,” - deyə bəyanatda qeyd olunub.
AP və Reuters, bölgədəki müxbirlərinin təhlükəsizliyini təmin etmək üçün çalışdıqlarını vurğulayaraq, İsrail hökumətini jurnalistlərin Qəzzaya maneəsiz giriş-çıxışını təmin etməyə çağırıb.