AZ

ABŞ Maduronun həbsinə görə mükafatı 50 milyon dollara qədər artırıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Venesuela ərazisində narkotrafikin tamamilə ləğv edildiyini bildirən prezident Nikolas Maduro, ölkəsinin artıq qanunsuz narkotik dövriyyəsindən azad olduğunu və Kolumbiyalı narkokartellərin istehsal etdikləri kokainin cəmi 5%-ni Venesuela üzərindən keçirməyə çalışdıqlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Maduro "Venezolana de Televisión" telekanalında yayımlanan “Maduro ilə Plus” verilişində danışıb.

"Venesuela narkotrafikdən, koka əkini və kokain istehsalından təmiz və azad bir ölkədir", - deyə Maduro qeyd edib. O, əlavə edib ki, Kolumbiyalı narkokartellərin ABŞ-a kokain daşımaq cəhdlərinin yalnız 5%-i Venesuela ərazisindən keçir və ölkə bu ilin əvvəlindən etibarən artıq 52 ton narkotik maddə müsadirə edib.

Maduro qeyd edib ki, ABŞ-a gedən kokainin 80%-i Sakit okean vasitəsilə daşınır, lakin buna baxmayaraq Vaşinqton Karib dənizində hərbi-dəniz qüvvələrini yerləşdirir və bununla Venesuelaya, Latın Amerikasına və Karib ölkələrinə təhdid yaradır. O vurğulayıb ki, "ABŞ cəmiyyəti dünyada narkotik maddələrin ən böyük istehlakçısıdır" və ABŞ-ın narkotrafiklə mübarizə səyləri nəticəsiz qalıb.

"Reuters" agentliyi Pentaqondakı mənbələrə istinadən bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi narkokartellərə qarşı əməliyyatlar aparmaq üçün Karib dənizinin cənub hissəsinə — Venesuela sahillərinə göndəriləcək. "The New York Times" qəzetinin məlumatına görə isə ABŞ prezidenti Donald Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı hərbi güc tətbiqinə başlamaq üçün gizli direktiv imzalayıb.

Vaşinqton prezident Maduronu "Cartel de los Soles" adlı narkokartelin üzvü olmaqda ittiham edir. Bu kartelin adı Venesuela generallarının çiyinlərinə taxdıqları günəş nişanları ilə əlaqələndirilir. ABŞ baş prokuroru Pəm Bondi isə Maduronun həbsinə gətirib çıxaracaq məlumat üçün mükafat məbləğini 50 milyon dollara qədər artırdıqlarını elan edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr