AZ

Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - VİDEO

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur. Pravda.az Xəzər TV-yə istinadla xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən olan keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir.

 

İddialara görə, o, 32 il əvvəl sığınacaq üçün öz dördotaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edib. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edib.

 

Mehriban Hüseynova isə səs yazısının ona aid olduğunu inkar etmir.

 

Mənzilin əsl sahibi Səlminaz Verdiyeva bildirib ki, öz evi olmasına baxmayaraq, yataqxanada yaşayır. Ev sahibi əlavə edib ki, Mehriban Hüseynova və baldızından evini boşaltmalarını tələb edib. Qərar verilib ki, həmin keçmiş məcburi köçkünlər evi boşaltsınlar, lakin onlar buna əməl etmirlər və əksinə, pul tələb edirlər.

 

Hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yayılan səs yazısından onlar da məlumatlıdırlar.

 

Qubadlı Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, baş verənlərlə bağlı sözügedən ailə ilə görüş keçirilib. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hələ ki, hər hansı mənzil yoxdur.

 

Tarix: 26 Avqust 2025, 07:53   
Seçilən
46
18
pravda.az

10Mənbələr