AZ

“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib: “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Sədərək” Ticarət Mərkəzində avqustun 24-də başlayan yanğını bir sutkadan sonra – avqustun 25-də günorta saatlarında söndürmək mümkün olub. Yanğın nəticəsində sahibkarlara milyonlarla manat ziyan dəyib.

Bizimyol.info xəbər verir ki, yanğın malların saxlandığı anbarlarda baş verib. Hadisə yerindəki şəxslərin bildirdiyinə görə, 15 anbar və içindəki mallar tamamilə kül olub.

Sədərək Ticarət Mərkəzində yanğından geriyə qalan görüntülər / Foto: Bizimyol.info üçün özəl

“Elə sahibkar var, 3 milyon ziyana düşüb”

“Elə sahibkar var ki, 3 milyonluq malı kül olub. Hələ birini deyirəm. Ziyan çəkənlər çoxdur. İnsanlar acınacaqlı vəziyyətə qaldılar. Heç bilinmir nədən olub. Uzun illərdir “Sədərək” fəaliyyət göstərir. Dəfələrlə yanğın olub, obyektləri su basıb.

Sahibkarlardan hər şeyin pulunu tələb edib, vaxtında tələb edib alırlar. Amma nə təhlükəsizliyin qayğısına qalan var, nə də insanlara dəyən ziyanı fikirləşən. Bu, son 10 ildə “Sədərək”də bəlkə 10-cu yanğındır. Bu qədər laqeydlik olmaz axı. Adamların nə qədər krediti, borcu... Necə olacaq, heç özümüz də bilmirik”, - deyə Samir Əliyev bildirib.

Hadisə yerində olanların sözlərinə görə, yanıb kül olanlar əsasən oyuncaqların (həm yumşaq, həm də plastik) saxlandığı anbarlar olub. Bəzi anbarlarda isə həşəratlar əleyhinə dərmanlar, kimyəvi maddələr olub:

“Yanğının güclənməsi və yayılmasında bunun da rolu oldu. Axşamtərəfi külək oldu, bu da yanğını söndürməyə çətinlik yaratdı. Anbarlarda həm böyük ölçülü mallar vardı, həm də kiçik ölçülü. Yanğın başlayandan sonra böyük ölçülü malların, oyunçaqların az bir qismini daşıyıb kənara töküblər. O da ümumi malların çox kimik hissəsidir. Qalanını çıxarmaq mümkün olmayıb. Hamısı yanıb kül olub. Bir sutka yanğın ağızda asan məsələdir”.

Sahibkarlara dəymiş ziyandan danışarkən onların mallarını sığortalatdırıb-sığortalatdırmadığı sualı ortaya çıxır. Azərbaycan Sığortaçılar Assosiasiyası yaydığı rəsmi açıqlamada göstərib ki, “Sədərək”dəki yanğınla əlaqədar sığorta şirkətlərinə heç bir əmlak sahibi tərəfindən hər hansı müraciət daxil olmayıb.

Deputat: “Şirkətlər hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı deyil”

Millət vəkili Vüqar Bayramov da bildirir ki, inkişaf etmiş ölkələrdə belə hadisələr zamanı dəymiş ziyanı sığorta şirkətləri ödəyir. Elə ona görə də sahibkarlar öz əmlaklarını və məhsullarını əvvəldən sığortalayırlar.

Deputatın sözlərinə görə, “Sədərək” Ticarət Mərkəzindəki sahibkarların bir qismi obyektlərini və mallarını sığortalamaq istəsə də, buna nail ola bilmir. Çünki sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edir.

Vüqar Bayramov qeyd edib ki, sığorta şirkətləri öz risklərini öncədən planlaşdırır, yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmurlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin olmasına ehtiyac var:

“Belə sənədlər olmayanda şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaq. Bütün bunlarla yanaşı, “Sədərək” ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu, sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər”.

“Bizi aldatdılar”

Sahibkarlar isə bu məsələ ilə bağlı bildirirlər ki, ticarət mərkəzində bəzi obyektlərdəki mallar sığortalı olub. Bir müddət əvvəl “Sədərək”i su basanda və mallar su altında qalanda onlar sığorta şirkətindən ziyanın ödənilməsini tələb ediblər. Lakin həmin vaxt sığorta pulunu ala bilməyiblər: “Bundan sonra sığorta şirkətlərinə kim inanar? Gözümüzün qarşısında sığortalı mallara görə ziyanı ödəmədilər, bizi aldatdılar”.

“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, hadisə baş verən anbarlar ticarət mərkəzinin ərazisində yerləşsə də, onlara aidiyyəti yoxdur: “Anbarlar sahibkarlar tərəfindən icarəyə götürülüb”.

Avqustun 25-də günorta saatlarında yanğın söndürüləndən sonra hadisə yerinə istintaq qrupunun əməkdaşları gəlib və araşdırmalar başlayıb. Yanğının hansı səbəbdən baş verməsi barədə hələlik heç bir versiya yoxdur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bizimyol.info

1Mənbələr