AZ

Ürəkdən gələn hekayəni yalnız insan yaza bilər

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Müsahibimiz rejissor, ssenarist, prodüser Nurlan Həsənli Qafqaz Universitetində, Türkiyənin Mərmərə Universitetində, Macarıstanda Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində təhsil alıb. Müxtəlif beynəlxalq festivallarda və vörkşoplarda iştirak edib. "Pişiyi qurtar", "Limit sonsuzluğa yaxınlaşanda", "Bir ata haqqında", "Erkən hisslər", "Onlar", "İnsanlar və sürünənlər" kimi qısametrajlı filmlərin rejissorudur.

Nurlan Həsənli ilə söhbəti təqdim edirik.

- Nurlan bəy, gəlin söhbətimizə kino təhsilinizlə başlayaq. Türkiyə və Macarıstanda təhsil almısınız. Azərbaycan kinosunda hansı çatışmazlıqlar sizi xarici ölkələrdə kino təhsili almağa vadar elədi?

- Düzünü desəm, Azərbaycanda incəsənət üzrə təhsili dərindən araşdırmamışam, ona görə də konkret müqayisə aparmaqda çətinlik çəkirəm. Amma uşaqlıqdan kinoya böyük marağım olub. Əmimin videokaset kirayə verən mağazası vardı və bu mənə çoxlu film izləmək imkanı yaratmışdı. Amma kinoya ciddi marağım bakalavr təhsilimin birinci kursunda - siyasi elmlər fakültəsində oxuyarkən başladı. Həmin vaxt mən Türkiyənin yeni dalğa filmlərini kəşf etdim. Bu filmlər mənə göstərdi ki, kino yalnız uzaq ölkələrin hekayələrini deyil, bizim insanımızı, ətrafımızı, yaşadığımız çətinlikləri də danışa bilər. O filmlərdən aldığım ilhamla ilk ssenarilərimi yazmağa başladım. Yazdıqca hiss etdim ki, nəsə çatışmır və məhz o çatışmayan şeyi anlamaq marağı məni kinoya daha dərindən bağladı. Beləcə kino təhsili almağa qərar verdim. Türkiyədə oxumağımın əsas səbəbi oranın dövlət təqaüdünü qazanmağım idi, amma eyni zamanda Türkiyə yeni dalğasından aldığım təsir də məni bu ölkədə oxumağa həvəsləndirirdi. Daha sonra orada olduğum müddətdə Erasmus Dəyişim Proqramı ilə Macarıstanda da bir semestr təhsil aldım, orada kino və incəsənət fəlsəfəsi üzrə dərslər aldım. Yəni xaricdə oxumaq qərarım daha çox təsadüflərin, marağımın və müəyyən imkanların üst-üstə düşməsi idi. Mənim üçün əsas məqsəd o çatışmayan hissi anlamaq, kinonu həm nəzəri, həm də praktik olaraq öyrənmək idi.

 - Prodüser kimi də fəaliyyət göstərirsiniz. Bu gün bir çox özəl sektorlar film barəsində seçici davranırlar. Hətta bir qismi baxış sayı çox olduğuna görə komediya janrına daha çox üstünlük verir. Sizin bu mövzuya yanaşmanız necədir?

- Hələ ki prodüser kimi sadəcə öz filmlərimi istehsal etmişəm. Amma hazırda üzərində çalışdığım digər müəlliflərin də işləri var. Suala gəldikdə isə təəssüf ki, bu gün mədəniyyətimizin böyük hissəsi marketinq üzərində qurulub. Əslində, demək olar ki, mədəniyyətimizin özü artıq marketinqdir. Marketinqin əsas məqsədi insanları istədiyin istiqamətə yönləndirməkdir. Bu da istehlak mədəniyyətimizi, musiqimizi, filmlərimizi, kitablarımızı müəyyənləşdirir. Mən isə şəxsi olaraq bunun bir hissəsi olmaq istəmirəm. Özümü "filmi necə satmaq olar", ya da "populyar film yazmaq üçün hansı qaydalara əməl etməlisən" kimi müzakirələrin içində görmürəm. Mənim üçün əsas məsələ mövcud sistemə uyğunlaşmaq deyil. Ümidim var ki, bu dünyada başqa bir yol da mövcuddur. Mən inanıram ki, əgər biz cəsarətli olsaq, səmimi və dürüst davransaq, ortaya qoyduğumuz işlərin öz cığırını tapması mümkündür. Bəli, bazarın tələbləri var, bəzi janrlar daha çox baxış gətirir. Amma mənim üçün əsas odur ki, film yalnız rəqəmlərə görə yox, həqiqətən kiminsə həyatına toxunmaq gücünə görə dəyərli olsun.

- Süni intellekt artıq həyatımızın bir parçası olub, hər hansı bir fikir almaq, ideya almaq lazım olanda bəzən ona üz tuturuq. Sizcə, ssenaristlərin süni intellektdən istifadəsi nə qədər düzgündür?

- Məncə, burada əsas meyar niyyət və yaradıcılıqla olan münasibətdir. İlham doğuran, təxəyyülü gücləndirən, araşdırmaya kömək edən hər hansı bir şeydən faydalanmaq lazımdır: əvvəlki filmlər, kitablar, musiqilər, səyahətlər, təbii hisslər və ya süni intellekt... Əsas məsələ isə budur ki, sən ürəyinə toxunanı seçib öz baxış bucağında ifadə edəsən. Süni intellekt hazırda daha çox analiz etməyə, məlumatı tez tapmağa, istiqamət göstərməyə kömək edir. Tamamilə yeni, bənzərsiz bir hekayə formalaşdırmaqda isə hələ kifayət qədər güclü deyil. Çünki ssenari sadəcə məntiqi ardıcıllıq və ya süjet qurmaqdan ibarət deyil; o, müəllifin şəxsi yaddaşı, təcrübəsi, emosiyaları ilə yoğrulmuş bir dil tələb edir. Yəni bayaq dediyim "öz baxış bucağını" daxil etmək. Süni intellekt çoxlu məlumatı tez analiz edə bilir, fərqli nümunələri müqayisə edib istiqamət göstərə bilir. Amma ürəkdən gələn hekayəni yalnız insan yaza bilər. Bu səbəbdən də birlikdə işləyəndə, əslində, yaxşı nəticə ortaya çıxır: sən öz dünyanı gətirirsən, süni intellekt isə o dünyanı açmağa və zənginləşdirməyə çalışır. Gələcəkdə süni intellekt daha da yaradıcı ola bilər. Amma o zaman belə, insanın daxili səsi və bənzərsiz baxışı əvəzolunmaz qalacaq.

- Tamaşaçının marağına xidmət etmək daha çox ssenaristi, yoxsa rejissoru düşündürən məsələ olmalıdır?

- Tamaşaçının marağına xidmət etmək həm ssenaristin, həm də rejissorun düşünməli olduğu məsələdir, amma fərqli mərhələlərdə və fərqli miqyaslarda. Ssenarist üçün tamaşaçı marağı əsasən hekayənin özü ilə bağlıdır: süjetin gedişi, personajların cazibəsi, dramatik gərginliyin qurulması. Yəni ssenarist tamaşaçını hekayəyə çəkmək üçün bünövrəni qoyur. Onun işi tamaşaçının diqqətini itirməyən, ardıcıllığı olan bir dünya yaratmaqdır. Rejissor üçün tamaşaçı marağı daha çox təqdimat və ifadə tərzi ilə bağlıdır: hansı vizual üslub seçilir, ritm necədir, aktyor oyunu, montaj, musiqi... Ssenaristin qaldırdığı sualları rejissor tamaşaçıya hansı intensivlikdə çatdırmaq istədiyinə qərar verir. Əslində, hər ikisi tamaşaçıya xidmət edir, amma fərqli yollarla. Ssenarist "nə danışacağıq" sualını həll edir, rejissor isə "necə danışacağıq" sualını. Tamaşaçının marağı isə bu ikisinin harmoniyasından doğur.

- Emil Quliyevlə birgə "Mən burada tək olmuşam" filminin ssenarisini yazmısınız. Filmdə ağır psixoloji məqamlar çoxdur. Sizi birləşdirən ortaq psixoloji məqamlara görəmi belə bir film ərsəyə gəldi?

- Mən həm ssenarist, həm də rejissor kimi çalışsam da, bunlar tamamilə fərqli peşələrdir. Ssenarist olaraq əsas məqsədim mənə gələn ideyanı anlamaq, rejissorun, ya da prodüserin nəyi və necə anlatmaq istədiyini hiss edib, onu ən yaxşı formada ifadə etməkdir. Bunun üçün mütləq şəkildə eyni psixoloji təcrübəni yaşamaq və ya eyni düşüncəni paylaşmaq vacib deyil. Əsas şərt iş prosesində sərbəstliyin olması, fikir mübadiləsinə açıq mühitin yaradılmasıdır. Bu həm mənim istəniləni daha yaxşı anlamağıma kömək edir, həm də yeni ideyaların yaranması üçün zəmin yaradır. "Mən burada tək olmuşam" filmi də bu əməkdaşlığın nəticəsidir. Bu, yalnız mənim yox, Emil Quliyevin rejissor baxışının, Nicat Muxtarovun iştirakı ilə birgə formalaşmış məhsuldur.

- "İnsanlar və sürünənlər" filmində sürünənləri metafora kimi işlətmisiniz. Bunun arxasında hansı mesaj var?

- "İnsanlar və sürünənlər" filmində sürünənlər sadəcə zooloji varlıq kimi yox, həm də metaforik müstəvidə işlədilib. Cəmiyyət onların təhlükəli olduğunu düşünür, amma qəhrəmanlarımız məhz həmin heyvanlarla yaşayır, onlarla həyatlarını qazanırlar. Bu, bir tərəfdən insanların "təhlükəli" adlandırdığı şeylərlə birlikdə yaşamaq məcburiyyətini göstərir, digər tərəfdən isə insan və qorxu arasında qəribə bir harmoniyanı təsvir edir. Burada həm də Adəm, Həvva və ilan mifinə istinad var. Bizim film alternativ bir dünyanı təsvir edir: orada günah anlayışı yoxdur, insanla ilan bir-birinə düşmən deyil, əksinə, birgə yaşamağı bacarırlar. Hətta bu mühitdə yeni həyat - körpə dünyaya gəlir.

İnsanın önyarğı ilə "pis" və "təhlükəli" adlandırdığı şeylər bəzən onun həyatının ayrılmaz hissəsinə çevrilə bilər. Əsl məsələ bu münasibəti necə qura bilməkdədir.

- Bu film Gürcüstandakı CineDOC festivalında təqdim olunub. Əcnəbi tamaşaçıdan aldığınız ən maraqlı reaksiya nə idi?

- Təəssüf ki, fiziki olaraq orada iştirak etməyim mümkün olmamışdı. Oradakı reaksiyalar mənə də maraqlıdır.

- Ümumiyyətlə, qısametrajlı filmlərə daha çox üz tutmağınızın səbəbini öyrənmək olar? Daha asan başa gəlir deyəmi bu janra üstünlük verirsiniz?

- Qısametrajlı filmlərə üz tutmağımın bir neçə səbəbi var. Əvvəla, qısametrajlı format öyrənmək, özünü sınamaq və həqiqətən nə istədiyini anlamaq üçün çox münasib bir seçimdir. Bu janr sanki laboratoriya kimidir - həm öz yaradıcılıq imkanlarını yoxlamağa, həm də hekayəni kompakt formada ifadə etməyə şərait yaradır. Digər tərəfdən, mən indiyə qədər çəkdiyim filmlərin hamısını şəxsi imkanlarımla istehsal etmişəm. Bu da təbii ki, daha böyük miqyaslı layihələrə girişməyə imkan vermirdi. Ona görə qısametrajlı film mənim üçün həm praktik, həm də yaradıcı bir seçim olub. Amma artıq növbəti mərhələdəyəm. Hazırda mənim ilk tammetrajlı sənədli filmim - "Həvəskar fotoqrafın ailəvi portreti" istehsal prosesini başa vurmaq üzrədir. Layihə "IDFA Project Space", CPH:DOX, "When East Meets West", "Berlinale European Film Market", "GoEast Talent Lab", "Jihlava New Visions" kimi nüfuzlu proqramların dəstəyini qazanıb. Bundan əlavə, IDFA Bertha Fondu və "Əl-Cəzirə" kanalından istehsal mükafatı alıb. Film Azərbaycan, Gürcüstan və Fransanın ortaq istehsalı olacaq. Digər inkişaf mərhələsində olan tammetrajlı bədii-sənədli filmim - "Köçəri" isə Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqənin ikinci mərhələsinə keçib və hazırda pitçinq üçün hazırlaşırıq. Yəni qısametrajlı filmlər mənim üçün bir başlanğıc və öyrənmə mərhələsi idi. İndi isə daha böyük hekayələri danışmağa, tammetrajlı filmlərə keçməyə hazıram.

- Sənədli filmlərdə bəzən qəhrəmanlar kameradan çəkinir. "Onlar" filminizdə siz bunu necə aşdınız?

- Düzdür, sənədli filmlərdə tez-tez qəhrəmanların kameradan çəkinməsi ilə rastlaşırıq. Mənim üçün bunun əsas həlli kameranı yox, insanı önə çıxarmaqdır. Yəni əvvəlcə münasibət qurmaq, güvən yaratmaq lazımdır. "Onlar" filmində də mənim üçün ilk addım qəhrəmanlarla vaxt keçirmək, onları dinləmək və sadəcə bir "rejissor" kimi yox, bir insan kimi yanlarında olmaq idi. Kamera işə qoşulanda isə artıq o, yad bir obyekt kimi yox, münasibətimizin bir hissəsi kimi qəbul olunurdu. Çəkilişlərin çoxunda mən qəhrəmanlara nəyi necə etməyi demirdim, sadəcə onların gündəlik axışına qoşulurdum. Bu da kameranın "gözəgörünməz" olmasına və səmimiyyətin qorunmasına şərait yaradırdı. Əsas məsələ qəhrəmanın özünü rahat və təbii hiss etməsidir. "Onlar" filmində də çalışdım ki, qəhrəmanlar özlərini bir film iştirakçısı kimi yox, öz həyatlarının davamçıları kimi hiss etsinlər.

Ləman İLKİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
525.az

1Mənbələr