"Bu il bəzi ixtisas qruplarında balların qalxacağı təbii ki, əvvəlcədən də təxmin olunurdu. Çünki, həqiqətən də, əvvəlki illə müqayisədə bu il müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı daha çox oldu. Yüksək bal toplayan abituriyentlərin sayı da artdı. Ümumiyyətlə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çox oldu. İstər-istəməz bu say çoxluğu balların qalxacağından xəbər verirdi".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev ixtisas seçimləri zamanı artan keçid ballarından danışarkən bildirdi.
"Əgər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı asan olarsa, ballar avtomatik olaraq qalxır. Əgər imtahan çətin olarsa, bu zaman ballar düşür. Məsələn, birinci ixtisas qruplarında imtahanın çətin olduğunu gördük və bu çətinlik istər-istəməz balların düşməsinə təsir göstərdi. Birinci qruplarda ballar orta hesabla 50-70 bala qədər azaldı. Hətta bəzi ixtisaslarda daha çox, 100 bala qədər düşüş müşahidə olundu.
Xüsusilə riyaziyyat-informatika alt qrupunda dövlət sifarişi ilə ayrılan, yəni ödənişsiz yerlərə qəbul üçün keçid ballarının düşməsi diqqət çəkdi. Bunun əsas səbəblərindən biri də dövlət sifarişli yerlərin sayının birinci qruplarda ciddi şəkildə artırılması idi. Düşünün, birinci qruplarda plan yerlərinin təxminən dörddə üçü dövlət sifarişi ilə ayrılmışdı. Bu, abituriyentlər üçün çox böyük fürsət idi və nəticədə ballarda müəyyən qədər azalma müşahidə olundu. Riyaziyyat-kimya alt qrupunda isə orta hesabla 50-70 bal arası, riyaziyyat-informatika alt qrupunda isə təxminən 50 bal civarında enmə qeydə alındı".
Onun sözlərinə görə, ikinci ixtisas qruplarında dövlət sifarişli yerlərin azalması istər-istəməz balların artmasına səbəb oldu:
"Çünki dövlət sifarişli yerlər əsasən birinci qrupa yönləndirilmişdi. Nəticədə, ikinci qrupda ödənişli əsaslarla oxuyanlar üçün ballarda təxminən 5-15 bal, dövlət sifarişli yerlərdə isə 30 bala qədər artım müşahidə olundu.
Üçüncü ixtisas qrupunda vəziyyət daha gərgin keçdi. Həm DT, həm də TC alt qruplarında ballar ciddi şəkildə qalxdı. Bəzi ixtisaslarda hətta 100 bala qədər artım oldu. Orta hesabla isə 60-70 bal arası yüksəliş qeydə alındı. TC alt qrupunda, xüsusilə regionşünaslıq ixtisaslarında ciddi artım diqqət çəkdi. Keçən il 150 balla qəbul olunan bəzi özəl universitetlərdə bu il keçid balları 220-230-a qədər qalxdı. Bu isə həmin ixtisasa müraciət edən abituriyentlərin xəyal qırıqlığı yaşamasına səbəb oldu.
Üçüncü ixtisas qrupunda yüksək ballarda elə böyük fərq görünmədi. Məsələn, hüquq ixtisasında keçən il 613 bal olan keçid balı, bu il 621 bal oldu. Yəni burada təxminən 7-8 ballıq artım müşahidə edildi. Amma aşağı və orta ballarda 60-70 ballıq qalxma baş verdi.
Dördüncü ixtisas qrupunda da ballar ciddi şəkildə yüksəldi. Burada da orta və aşağı ballarda 50-70 ballıq artım müşahidə olundu. Xüsusilə tibb ixtisasında keçən il keçid balı 605 idisə, bu il 624 bal oldu. Biz də proqnoz olaraq 625 bal gözləyirdik və nəticə demək olar ki, buna uyğun oldu. Bu artım əsasən dördüncü qrup üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlərin və yüksək nəticə göstərənlərin çox olması ilə bağlıdır".
Təhsil eksperti qeyd etdi ki, beşinci ixtisas qrupunda isə çox gərgin mübarizə oldu və indiyə qədər görünməmiş bir nəticə qeydə alındı:
"Məşqçilik ixtisasında keçid balı maksimal 10 bal oldu. Qabiliyyət imtahanının 10 ballıq qiymətləndirmə sistemi nəzərə alınsa, bu, son illərin ən yüksək göstəricisi sayılır.
Ümumilikdə, təhlil göstərir ki, balların qalxması abituriyentlərin nəticələrinin yaxşı olması ilə izah olunmalıdır. Çünki birinci cəhd imtahanları kifayət qədər çətin olmuş və ictimaiyyətdə ciddi narazılıq yaratmışdı. Dövlət İmtahan Mərkəzi ikinci cəhd imtahanlarında sualları nisbətən asanlaşdırdı. Bu da abituriyentlərin daha yüksək nəticə göstərməsinə gətirib çıxardı və nəticədə keçid ballarında artım müşahidə olundu. Birinci qrupda isə imtahan daha çətin olduğundan ballarda əhəmiyyətli qalxma qeydə alınmadı", - deyə R.Nurəliyev əlavə etdi.
Aytəkin TOFİQQIZI