Xəbər verdiyimiz kimi, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə yaxın ərazidə yanğın hadisəsi baş verib.
Hadisə “Supertoys” MMC-yə məxsus anbarda qeydə alınıb. Yanğından sonra “Sədərək” ticarət mərkəzi və “Meyvəli” meyvə-tərəvəz bazası ilə bağlı müxtəlif iddialar səsləndirilib.
İddialar “Sədərək” ticarət mərkəzi və “Meyvəli” meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasının fəaliyyətinin dayandırılması ilə bağlıdır.
Bəs bu, nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:
“Bu, tamamilə yanlış məlumatdır. Çünki yanan anbarın “Sədərək” ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur. Həmin anbar başqa bir şirkətə məxsusdur və o şirkətin adı da açıqlanıb.
Şirkət özü də təsdiqləyib ki, yanan anbar onlara aiddir. “Sədərək” ticarət mərkəzinə isə heç bir zərər dəyməyib. Anbar ticarət mərkəzindən təxminən 200-300 metr aralıda yerləşir.
Ziyanın miqdarı, sığortanın olub-olmaması ilə maraqlanırlar. Bildirirəm ki, bütün bunlar anbar sahibinə aiddir. Orada sığorta olub-olmamasını şirkətin sahibi bilər. Həmin anbarda əsasən uşaq oyuncaqları saxlanılıb.
Hazırda hadisənin səbəbləri və dəymiş ziyan araşdırılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük əziyyətlə yanğını söndürüb və alovun ticarət mərkəzinə keçməsinin qarşısını alıblar. “Sədərək” ticarət mərkəzinə aid olan ərazilərə heç bir zərər dəyməyib”.