AZ

Ürək çatışmazlığı: “Fiziki hərəkətsizlik...”

Son vaxtlar ürək çatışmazlığından vəfat edən şəxslərin sayında artım müşahidə olunur.

İndiki zamanda insanlar daha az hərəkət edir, sağlam qidalanmır, stress yaşayır və dəyişkən hava şəraitinə məruz qalır. Bu amillər ürək xəstəliklərini artırır.

Statistikalar göstərir ki, ürək xəstəlikləri indi təkcə yaşlılarda yox, həm də gənclər və orta yaşlılarda daha çox yayılır.Ürək çatışmazlığından ölüm hallarının artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim Aydın Əliyev bildirdi ki, əvvəllər insanlar  daha çox hərəkətdə idi, indi isə oturaq həyat sağlamlığa ziyan vurur:

“Bu gün ölkəmizdə ürək və qan-damar xəstəlikləri ən çox yayılan xəstəliklərdən biridir. Xüsusilə son illərdə bu problem gənclər arasında da sürətlə yayılır.

Xəstəliklərin yaranmasında genetik, yəni irsi amillər olsa da, əsas səbəblərdən biri düzgün qidalanmamaq, keyfiyyətsiz qidalardan istifadə etmək, həmçinin suyun və havanın çirklənməsidir.

Bununla yanaşı, nevroz, stress, əsəbləşmək, sakit olmamaq və fiziki hərəkətsizlik də bu xəstəliklərin artmasına ciddi təsir göstərir. Keçmişdə insanlar gündəlik həyatlarında daha çox hərəkətdə olurdular, yəni at, dəvə və ya piyada yollarla hərəkət edirdilər.

Bu da ürək, mədə-bağırsaq və digər orqanların normal işləməsinə kömək edirdi. İndi isə texnologiyanın inkişafı ilə insanlar daha çox oturaq həyat tərzi keçirir, uzun müddət telefon və digər cihazlardan istifadə edir, bu isə sağlamlığa mənfi təsir göstərir”.

Həkim qeyd edib ki, insanların təbii qidalara üstünlük verməsi vacib şərtlərdəndir:

“Mağazalarda satılan rəngli içkilər və keyfiyyətsiz məhsullar da ürək-damar sisteminə zərər verir. İsti havalarda soyuq su içmək isə bədən temperaturu yüksək olduğu üçün hüceyrələrə zərər vura bilər. Bu zaman bədənin müəyyən orqanları zədələnir və ümumi immun sistem zəifləyir.

Bu gün Azərbaycanda siqaret çəkənlərin sayı da günü-gündən artır. Siqaret qanı qatılaşdırır və ürəyə ciddi zərər verir. Bu vərdişə yalnız böyüklər deyil, bəzi hallarda uşaqlar da aludə olur.

Ona görə də insanlar qidalanmalarına xüsusi diqqət etməli, təbii meyvələrə, qoz-fındıq kimi faydalı çərəzlərə üstünlük verməlidirlər. Təəssüf ki, bu sahədə problemlər hələ də çoxdur”.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr