Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) 19 oktyabrda keçiriləcək prezident seçkilərinin ilk turu üçün Ali Seçki Qurumu (YSK) təqvimi və seçki qadağalarını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, YSK-nın açıqlamasına görə, seçki qadağaları 24 avqustdan başlayaraq prezident seçkilərinin ilk turunun keçiriləcəyi 18 oktyabra qədər qüvvədə olacaq.
Açıqlanan seçki təqviminə əsasən, siyasi partilər prezident namizədlərini 9 sentyabra qədər müəyyən etməlidir, namizədlik müraciətləri isə 12 sentyabrda ediləcək.
Seçki təqviminə görə, müstəqil namizədlər səsvermə bülletenlərində istədikləri işarə və ya simvolu 15 sentyabrda Ali Seçki Qurumuna təqdim etməlidirlər.
Bülletenlərdə namizədlərin sırası və milli televiziya kanalı BRT-də təbliğat sırası 22 sentyabrda YSK-nın iştirakı ilə keçiriləcək püşkatma ilə müəyyən ediləcək.
KKTC-də 19 oktyabrda keçiriləcək Prezident Seçkisinin ilk turu üçün Prezident Ersin Tatar, əsas müxalifət olan Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman, akademik Mehmet Hasgüler və Kipr Sosialist Partiyasından (KSP) Osman Zorba namizədliklərini mətbuat vasitəsilə elan ediblər.
Prezident seçkiləri çərçivəsində 24 avqust – 18 oktyabr tarixləri arasında tətbiq olunacaq qadağalar YSK tərəfindən açıqlanıb.16 maddə şəklində sıralanan seçki qadağaları namizədlərlə yanaşı, Prezident, Baş nazir və Nazirlər Kabineti üzvləri üçün də məcburi şərtlər daşıyır.
YSK-nın elan etdiyi seçki təqvimi və qadağalar arasında Prezident, Baş nazir və Nazirlər Kabineti üzvlərinin seçki ilə bağlı fəaliyyət və çıxışlarında KKTC-nin 5/1976 saylı Seçki və Referendum Qanununun qaydalarına əməl etmələri də tələb olunur.
Qeyd edək ki, KKTC-də prezident xalq tərəfindən 5 ildən bir seçilir. Seçkidə ilk turda 50+1 səs (tam çoxluq) alan namizəd prezident seçilir, əgər heç bir namizəd tam çoxluğu əldə etməzsə, ən çox səs toplamış iki namizəd 7 gün ərzində keçiriləcək ikinci tura qatılır və ikinci turda ən çox səs qazanan namizəd prezident olur.