AZ

Doğrudanmı, Rusiya ilə barışırıq?!

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ötən həftə Azərbaycanın və Rusiyanın baş nazirlərinin müavinləri görüşdü. İki ölkənin hökumətlərarası komissiyasının iclası keçirildi. Tərəflər iqtisadi-ticarət sahələrində əməkdaşlığa dair məsələləri müzakirə etdilər.

İclasdan əvvəl məhdud dairədə görüş keçirilib. Deməli, heç də, sadəcə, qarşılıqlı ticarət deyil, həm də qarşılıqlı siyasət müzakirə olunub. Çox ehtimal ki, mübahisə də olub; hər tərəf öz mövqeyini müdafiə etməyə çalışıb.

Əlbəttə ki, Azərbaycanın mövqeyi haqlı və əsaslıdır. Bu, heç kimdə şübhə doğurmur. Ancaq yenə də bu görüş Azərbaycanın sosial şəbəkə seqmentində birmənalı qarşılanmayıb. "Nə dəyişdi ki, Azərbaycan Rusiya ilə barışdı?" deyə suallarla sosial mediada tənqidi şərhlər yazılıb.

Maraqlı məqam budur ki, Azərbaycan iqtidarı ABŞ-la pozulmuş münasibətləri bərpa edəndə - ölkə prezidenti Vaşinqtonda görüşlər keçirəndə də, eyni istifadəçilər bunu tənqid etmişdi, bu dəfə isə Azərbaycan və Rusiya arasında hökumətlərarası komissiyanın iclası tənqid olundu.

Bundan daha maraqlısı isə odur ki, bəzi sosial media istifadəçiləri Vaşinqton görüşünə qədər iqtidarı "sülhü ləngitməkdə" günahlandırırdılar. Hökumətdən davamlı olaraq tələb edirdilər ki, Ermənistanla sülh tezliklə imzalansın. Vaşinqtonda sülh sazişi paraflandıqdan sonra - saziş imzalanmadı deyə yenə tənqid edirlər.

Rusiyada iki nəfər Azərbaycanlının qətli və xeyli Azərbaycanlının həbsi ilə nəticələnən hadisəyə görə Rusiya ilə barışmamaq tələbini irəli sürən uzerlər, əlbəttə, haqlıdırlar; soydaşlarımıza qarşı olan zülmləri unutmaq, üstündən keçmək olmaz. Ancaq iş ondadır ki, Rusiya ilə dönüb barışmaq nədir, hətta oturub danışmağı xəyanət kimi qiymətləndirən sosmedia aktivistləri, rəsmi məlumata görə, 20 min Azərbaycanlını qətlə yetirmiş, bir neçə min Azərbaycanlını əsir və girov götürmüş Ermənistanla mümkün qədər tez barışmağı, təcili sülh sazişi imzalamağı eyni prinsipiallıqla tələb edirlər. Bunun qarşılığında hakimiyyət tərəfdarları da belə tənqidi paylaşımlara rəy yazaraq: "Bəs Azərbaycan nə etməlidir?! Rusiya ilə müharibə etməlidir?!" deyə cavabı əvvəlcədn bəlli olan ritorik suallar verirlər; iqtidarın Rusiya ilə danışıqlarını müdafiə edirlər.

Bunlar bir yana. Məsələnin mahiyyətinə qayıdaq. Tənqidçilər sual verir ki, Rusiya Azərbaycanlılara qarşı zorakılıq törədənləri cəzalandırmayıbsa, niyə iqtidar Moskva ilə barışır?!

Sözün düzü, Azərbaycanla Rusiya arasında buzlar hələ əriməyə başlamasa da, hər halda buna cəhdlər var, jestlər edilir. Barışıq var, ya yoxdur, hələ səhih bir məlumatımız, qəti qənaətimiz yoxdur. Ancaq iyun böhranından keçən iki aydan sonra iki ölkənin hökumətləri arasında kontaktların və danışıqların başladığı dəqiqdir, faktdır.

Tənqidçilər deyir ki, Azərbaycan haqlı tələbləri yerinə yetirilməyənə qədər Rusiya ilə barışmasın. İqtidar isə danışıqlara başlayıb; anladığımız qədər rəsmi mövqe belədir: tələblərin yerinə yetirilməsi üçün də danışıqlar, kontaktlar lazımdır.

Hər şey bir yana, Rusiyanın öz rəsmi məlumatlarına görə, bu ölkədə 1,8 milyon, qeyri-rəsmi məlumatlara görə, bundan da çox Azərbaycanlı yaşayır. Bu insanlar faktik girov vəziyyətindədir. Buna görə haqlı tələblərdən geri çəkilmədən, münasibətlərdəki problemləri həll etməyə çalışmaq yanlışdırmı?!

Bu da bizim sualımız olsun?!

Azərbaycan torpaqlarının işğal edilməsində, dağıdılmasında, on minlərlə soydaşımızın qətlində günahkar olanlar - Levon Ter-Petrosyan, Röbert Köçəryan, Serj Sarqsyan, Seyran Ohanyan, Vitali Balasanyan və sair və ilaxır canilər hələ də Ermənistanda azadlıqdadır, ancaq Azərbaycan iqtidarı da, müxalifəti də bu ölkə ilə sülhün bağlanması ilə bağlı eyni fikirdədir. Hətta müxalifət bu sazişin daha tez bağlanmasını tələb edir. Çünki istər Ermənistanın daxilindəki siyasi reallıqları, istərsə də, bölgədəki geosiyasi prosesləri dəqiq qiymətləndirirlər. Azərbaycan iqtidarı da, müxalifəti də fərqindədir: Azərbaycan hüquq-mühafizə orqanları yuxarıda adlarını çəkdiyim müharibə canilərini gedib Ermənistanda həbs edib gətirə bilməz, Ermənistanın öz hökuməti isə bunu etməz. Yəni bacarsa, bəlkə edərdi. Ancaq indiki halda bunu edə bilməz, ya da, ümumiyyətlə, etməz. Eynisi Rusiyaya da aiddir. Azərbaycan öz tələblərində, təbii ki, israr edəcək. Ancaq hər iki paytaxtda həm də düşünürlər ki, bu iki ölkə arasında münasibətlərdə yaranmış gərginlik də əbədi ola bilməz.

Münaqişədə olmaq, ümumiyyətlə, diplomatiyadan imtina etmək demək deyil axı. Rusiya ilə Türkiyə arasında da "təyyarə böhranı" olmuşdu; "soyuq müharibə" dönəmi vardı. Rusiyanın orta səviyyəli rəsmiləri, mediası, ekspertləri Türkiyəyə, prezident Rəcəb Tayyib Ərdoğana qarşı hücumlar edirdi. Paralel diplomatik təmaslar da vardı. Sonda masaya oturub, münasibətləri qaydaya saldılar.

Hazırda Rusiya-Azərbaycan münasibətləri eyni, ya da oxşar dönəmdən keçir. Rusiya prezidenti də Bakıya gərginliyi aradan qaldırmaq istəyinin siqnalını verib.

Təbii ki, bütün bu baş verənlərin Rusiya ilə münasibətlərdə izləri qalacaq; hər şey, yaxud heç də hər şey əvvəlki kimi olmayacaq. Nə Putin, nə onun siyasəti, nə Rusiya siyasi isteblişmentinin mahiyyəti dəyişməyib, dəyişmir. Bunu həmişə nəzərdə saxlamaq lazım gələcək. Bakı da öz davranışlarını buna görə qurasıdır.

Əlbəttə, Rusiya ilə iqtisadi-ticarət əlaqələri davam edə biləcək; bu, aydın məsələdir. Ancaq Azərbaycanın ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi - avqustun əvvəlində Vaşinqtonda başladılmış bu prosesin sürətlə və əminliklə davam etdirilməsi zərurətdir. Eyni zamanda Avropa İttifaqı ilə də münasibətlərə yenidən start verilməsi üçün imkan və ehtiyac var.

Azərbaycanın bütün qlobal güclərlə təxminən eyni məsafədə dayanmaq xətti aydın görünür. Ancaq xüsusilə, ABŞ-la əvvəlki administrasiya dövründə, demək olar, pozulmuş münasibətləri yenidən canlandırmaq çox vacib idi. Vaşinqton razılaşmaları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Ancaq cəmiyyət bütün bunların ölkənin içində də öz əks-sədasını verməsini istəyir və gözləyir.

Düşmənlə sülh sazişi ölkəni olsa-olsa xarici təhdiddən qoruyar, ya qorumaz, bunu zaman göstərər. Ancaq ölkə içində vətəndaşla sülh - vətəndaş sülhü ölkəni hər cür təhlükədən sığortalayar. Bu da şübhəsizdir. Vətəndaş sülhü üçün birinci addım həbsxanalarda olan günahsız vətəndaşların həbsdən azad olunmağı olmalıdır. Biz Rusiyadan da eynisini, yəni günahsız soydaşlarımızın azadlığa buraxılmasını tələb etmirikmi?!

Məncə, əlavə şərhə gərək qalmır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
bizimyol.info

1Mənbələr