AZ

Vladislav Veremeyev üzr istədi: “Mikels mən səhv etdiyim üçün fərqləndi” - MÜSAHİBƏ

“Şamaxı”nın ukraynalı müdafiəçisi Vladislav Veremeyevin futbolinfo.az saytına müsahibəsi

– “Sabah”la ev oyununda xal qazana bilmədiniz. Nəticəni necə şərh edərdiniz?

– Bu, cari mövsümdə ilk ev oyunumuz idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma təəssüf ki, bunu bacarmadıq.

– Məğlubiyyətdə erkən qol rol oynadımı? 1-ci dəqiqədə qol buraxdıqdan sonra komandada ruh düşkünlüyü yarandı?

– Təbii ki, təsiri oldu. Lakin oyuna qayıda bildik. Bu, futboldur, hər şey bir dəqiqədə dəyişir. İstənilən vəziyyətdə həvəsdən düşmək olmaz, sonuna qədər oynamaq lazımdır. Düzdür, “Sabah”la ev görüşündə uduzduq. Ancaq mövsüm uzundur və biz növbəti matçlarda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”ın hücumçusu Coy-Lens Mikels bu görüşdə 2 qol vuraraq komandasının qələbəsində mühüm rol oynadı. Yeri gəlmişkən, ilk qol zamanı sizi qabaqlayaraq fərqləndi. Mikelsə qarşı oynamaq çox çətindir?

– Düz qeyd etdiniz, birinci qolda mənim səhvim oldu. Mikels həmin anda məndən tez davrandı. Daha çevik hərəkət etməliydim. Həmin səhvə görə komandamızdan və azarkeşlərimizdən üzr istəyirəm. Mikelsə gəlincə, o, çox yaxşı futbolçudur. Amma həmin anda mən səhv etdiyim üçün fərqləndi.

– “Şamaxı” ikinci hissədə daha yaxşı təsir bağışladı. Fasilədə baş məşqçi Ayxan Abbasov siz futbolçulara nə dedi, hansı tapşırıqları verdi ki, ikinci yarıda daha yaxşı oyun göstərən “Şamaxı” gördük?

– Deyə bilərəm ki, məşqçi bizi ruhlandırdı, bizə lazım olanları dedi. Nəticədə fasilədən sonra daha aqressiv oynamağa başladıq.

– Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Rəqibin iki turdan sonra maksimum xal toplaması sizi qorxutmur? Şansları necə dəyərləndirirsiniz?

– Biz hər rəqibə hörmətlə yanaşırıq. “Sumqayıt” yaxşı komandadır. Hər oyuna son matç kimi çıxmalıyıq, yalnız o zaman nəticə olacaq.

– Hələlik yayda edilən transferlərdən Karim Rossi və Dioqo Balau daha aktiv görünür. Onlar və digər yeni transferlər komandanıza əlavə güc qata biliblər?

– Yeni oyunçularımız tədricən çempionata alışırlar. Azərbaycan çempionatı çox yaxşıdır. Bu mənada, təzə gələnlərin liqaya uyğunlaşması lazımdır. Əminəm ki, mövsüm ərzində hər biri özünü çox yaxşı göstərə biləcək.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr