AZ

"Suriya və İsrail təhlükəsizlik sazişinə yaxınlaşır" - "Sky News"

 
"Söhbət normallaşmadan yox, uzun illərdən sonra regionda sabitliyin bərpası perspektivinin yaranmasından gedir..."
 
Onilliklərdir davam edən düşmənçilikdən sonra Suriya və İsrail ilk dəfə real şəkildə təhlükəsizlik sazişinin imzalanmasına yaxınlaşıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, ABŞ-ın vasitəçiliyi və Körfəz ölkələrinin dəstəyi ilə tərəflər sentyabrın 25-də sənədə imza ata bilər. Bu addım uzun müddətdir gərgin olan regionda sabitlik yaratmaq və tərəflər arasında etimad mexanizmlərini bərpa etmək məqsədi daşıyır.
 
Suriya prezidenti Əhməd Əş-Şəraa jurnalistlərə açıqlamasında bildirib ki, söhbət normallaşmadan yox, yalnız təhlükəsizliklə bağlı razılaşmadan gedir. O, əsas məqsədin ölkədə sabitliyi təmin etmək, İsrailin şimal sərhədində gərginliyi azaltmaq və Dəməşqin İrandan və şiə blokundan asılılığını zəiflətmək olduğunu vurğulayıb.
 
Razılaşmanın əsas məqamları və perspektivləri
 
Məlumata görə, razılaşmanın ilkin layihəsində aşağıdakı məqamlar nəzərdə tutulur:
 
- Suriyanın Colan təpələrinin müəyyən hissəsində demilitarizasiya zonası yaradılması;
 
- Həmin ərazilərdə raket və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin qadağan edilməsi;
 
- Suriya ordusunun Türkiyənin iştirakı ilə bərpasına yol verilməməsi;
 
- Əs-Süveydə druz icması üçün humanitar dəhlizin açılması.
 
Bunun müqabilində Suriya ABŞ və Körfəz ölkələrindən genişmiqyaslı maliyyə və bərpa paketi alacaq. Vasitəçilərin fikrincə, bu addım Dəməşqin mövqelərini gücləndirəcək, ölkənin iqtisadi və siyasi sabitliyinə töhfə verəcək və Tehranın təsirini azaldacaq.
 
Əş-Şəraa qeyd edib ki, "sazişin əldə olunma ehtimalı onun pozulması ehtimalından daha yüksəkdir". Sənəd 1974-cü ilin atəşkəs xəttinə əsaslanacaq, Suriya isə sərhədyanı rayonlarda suverenliyini qoruyacaq. Prezident əlavə edib ki, indiki mərhələdə tammiqyaslı sülh müqaviləsinə imkan yoxdur, amma əgər bu addım Suriyanın və regionun xeyrinə olarsa, bunu açıq şəkildə bəyan etməyə hazırdır.
 
Son xəbərlərə görə, sazişin imzalanması BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində, ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tuta bilər. İsrail tərəfi isə hələlik bu görüş barədə rəsmi təsdiq verməyib.
 
Analitiklər hesab edir ki, bu təhlükəsizlik sazişi həm Suriya üçün strateji üstünlük, həm də riskli addımdır. Saziş imzalanarsa, tərəflər arasında etimad mexanizmlərinin yaradılması, regionda uzunmüddətli stabilliyin təmin olunması və hərbi gərginliyin azaldılması istiqamətində mühüm bir addım olacaq.
Seçilən
4
moderator.az

1Mənbələr