Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son zamanlar sosial şəbəkələrdə alqı-satqı saytlarından alınan mallarla bağlı şikayətlər paylaşılır. Zərərçəkmiş adətən məişət texnikaları alır, bir müddət işlətdikdən sonra onun əslində deffektli olduğu ortaya çıxır. Çox zaman bu telefon satışında müşahidə olunur. Sonda isə o, nə məhsulu qaytara bilir, nə də pulunu alır.
Bəs bu hallarla qarşılaşmamaq üçün nə etməli? Zərərçəkənlər kimə və hara müraciət etməlidirlər?
Lent.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, bu məsələlərlə bağlı ilk növbədə qanuna əlavələr olunmalıdır:
“Qanunvericilikdə boşluqlar var. Dələduzluq halları olarsa polisə, dəyən zərərin məbləği yüksəkdirsə, məhkəməyə müraciət olunmalıdır. Bu, elə bir haldır ki, vətəndaş hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edə bilmir.
Sözügedən hallarla bağlı konkret olaraq qanuna əlavələr olmalıdır. İlk növbədə saytlarda qeydiyyat şəxsiyyət vəsiqəsinin fin kodu və SİMA təsdiqi ilə olmalıdır. Daha sonra istehlakçıların hüquqlarının qorunması baxımından məhsulun müəyyən zəmanət müddəti olmalı və bu təfərrüatları ilə qeyd edilməlidir. Əgər sistemli iş olarsa, düşünürəm ki, dələduzluq hallarının qarşısı alınar. Polis və məhkəmələrin işi onsuz da çətindir. Onları bu məsələlər ilə məşğul etmək işlərini daha da çətinləşdirir.
Onlayn alış-veriş saytlarından istifadə edən vətəndaşlara tövsiyə olunur ki, ön ödəmə (beh) göndərməsinlər, hansısa bir məhsulu alarkən özləri şifahi olaraq baxış keçirsinlər, rəsmi mağazadan alsınlar.
Bəzən olur ki, daşınmaz əmlakı, xüsusi ilə torpaq sahəsini simvolik qiymətə satışa qoyurlar. Vətəndaş aldanır, beh göndərir və ya nəğd ödəyir, sonda isə dələduzluqla qarşılaşır. Vətəndaşlara tövsiyə edirəm ki, maksimum diqqətli olsunlar, tanımadığı şəxslərə pul göndərməsinlər. Əgər prosedur gərəyi lazımdırsa, notariat ofislərində beh müqaviləsi imzalasınlar. Orta/yüksək məbləğdə alqı-satqı zamanı vəkil xidmətlərindən yararlansınlar.
Dələduzluq halları əksərən mobil telefon satışı zamanı olur. Əksərən ya oğurluq, ya da kreditə götürülmüş telefon satışa qoyulur. Sonda isə kredit ödənilmədiyi üçün telefon bağlanır, yenə də vətəndaş zərər çəkir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.