“Qələbəmi ailəmə və Azərbaycan xalqına həsr edirəm”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) deyib.

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında qızıl medal qazanan güləşçi turnirdəki çıxışını dəyərləndirib:

“Yarış mənim üçün olduqca yaxşı keçdi. Xüsusilə də, finalda erməni rəqib üzərində qazandığım qələbə qürurverici idi. Görüş başlayanda bilirdim ki, məni şəhid ailələri də izləyir. Buna görə də məğlub ola bilməzdim. Ancaq bir anlıq məğlubiyyətə çox yaxınlaşdım. Qarşılaşmanın əvvəlində xal hesabı ilə geridə olsam da, sonradan vəziyyəti öz xeyrimə dəyişə bildim. Ümumiyyətlə, sözügedən görüşdə həm həyəcanlı idim, həm də böyük məsuliyyət hiss edirdim. Əsas odur ki, qalib gələn tərəf mən oldum. Bundan savayı yarımfinalda  gürcüstanlı Vaxtanq Loluaya ilə də görüş yaddaqalan oldu. Onunla indiyə kimi dörd dəfə qarşılaşmışıq. Üçündə mən, birində isə Vaxtanq qələbə qazanıb”. 

Cavadov bildirib ki, növbəti yarışlarda uğurlu çıxışını davam etdirmək niyyətindədir:

“Artıq ikinci dəfə dünya çempionu oldum. Gələcək hədəfim eyni nəticəni böyüklər arasında təkrarlamaqdır. Əsas hədəfim isə Olimpiya çempionu olmaqdır”. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə milli komandamız mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.