AZ

"Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq" - Zərərçəkmiş şəxs

Avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Sabir Quliyev Şuşanın işğalı zamanı dinc əhaliyə humanitar dəhlizin verilmədiyini bildirib.
 
Moderator.az xəbər verir ki, S.Quliyev Şuşanın Göytala kənd sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq deyib:
 
"Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb".
 
"Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu", - deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb.
 
"Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki...", - deyə o diqqətə çatdırıb.
 
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Seçilən
27
29
moderator.az

10Mənbələr