Ötən gün Almaniyanın “Der Spiegel” nəşri 1994-cü ildə ABŞ prezidenti Bill Klintonun Rusiyanı NATO-ya qəbul etmək məsələsində ciddi olduğunu və o zaman Rusiya prezidenti olan Boris Yeltsinlə məsələni müzakirə etdiyi barədə araşdırma yazısı dərc edib. Nəşr 1994-cü ildə NATO ölkələrinin keçmiş Varşava müqaviləsi dövlətlərini alyansa qəbul etmək barədə fundamental qərar qəbul etdiyi vaxta aid məxfi sənədləri təhlil edib.
Bu sənədlərə kansler Helmut Kolun Klintona məktubları, Moskva və Vaşinqtondakı alman diplomatlarının hesabatları, həmçinin xarici işlər naziri Klaus Kinkelin daxili yazışmaları daxildir. “Der Spiegel” vurğulayıb ki, 1994-cü il yanvarın 15-də ABŞ dövlət katibinin müavini Strob Telbot NATO-nun Brüsseldəki mənzil-qərargahına gələrək alyans ölkələrinin toplaşan səfirlərinə Klintonun mövqeyi ilə bağlı məlumat verib. Lakin Klinton və Telbot ciddi müqavimətlə üzləşib. Bu məsələdə rəsmi Berlin qəti etirazını bildirib. Almaniyanın o zamankı müdafiə naziri Volker Ryue Rusiyanın NATO-ya qəbulunun alyans üçün “ölüm şəhadətnaməsi” olacağını deyib.
Ümumiyyətlə, Rusiyanın NATO-ya daxil olması məsələsi hələ 1994-cü ildən qabaq, SSRİ dövründə də diqqət mərkəzində olub. 31 mart 1954-cü ildə Sovet İttifaqı NATO-ya üzv olmaq üçün ərizə verib. Bu, Şərqi Avropa ölkələri alyansa qarşı hərbi blok (Varşava Müqaviləsi Təşkilatı) yaratmazdan əvvəl olub. Təbii ki, bu ərizə masanın üzərində qalıb.
1956-cı il sovet lideri Nikita Xruşovla NATO-nun baş katibi (1957-1961) vəzifəsini tutan Pol-Henri Spaak arasında danışıqlar aparılıb. Onlar bu təşəbbüsü bir daha müzakirə ediblər.
Xruşov deyib: “Moskva alyansa qoşulmaq istəyirdi, lakin siz bizi qəbul etmədiniz”. Buna Spaak açıq şəkildə cavab verib ki, ABŞ və SSRİ-nin birgə komandanlığını təsəvvür etmək onun üçün çətindir və Sovet İttifaqının təşkilata daxil olması halında bu təşkilatın mahiyyəti bütün mənasını itirəcək. Buna görə Xruşov bildirib ki, NATO əslində SSRİ-yə qarşı yönəlmiş qapalı təşkilatdır, bəyan edildiyi kimi, açıq deyil.
Daha sonra Xruşov blok sistemindən imtina etməyi, NATO və Varşava Müqaviləsi Təşkilatının eyni vaxtda ləğvini təklif edib. Bu mövzuda daha çox müzakirələr aparılıb və onların nəticəsi sonda Brejnev dövründə aparıcı siyasi xəttə çevrilib.
Ancaq Avropa hərbi yox, iqtisadi cəhətdən SSRİ ilə eyni təşkilatda masa ətrafında əyləşməyə isti baxıb. 1960-cı ildə Qərb əvvəlcə “Marşal planı”nı həyata keçirmək üçün nəzərdə tutulan strukturu yenidən təşkil edib və onu müasir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına çevirməyə hazırlaşıb. 1960-cı ildə BMT-nin Avropa İqtisadi Komissiyasında Sovet İttifaqı bu Avropa strukturunun yenidən təşkili şərtlərinin müzakirəsində iştirak etməyin və ona qoşulmağın əleyhinə olmayacağını bəyan edib.
Bu, bütün Qərb ölkələrinin nümayəndələri arasında inanılmaz ajiotaj yaradıb və onlar öz nümayəndələrini məsləhətləşmələr üçün geri çağırıblar. NATO-ya rəhbərlik edən Pol-Henri Spaak Moskvanın təşəbbüsünü kifayət qədər ciddi qəbul edib. O, bunu alyansın İstanbul sammitində müzakirəyə çıxarmağa çalışıb.
Amma britaniyalılar və amerikalılar bu məsələyə ciddi baxılmamasını təmin etməyə çalışaraq, belə bir fikir formalaşdırdılar ki, bu, yalnız Sovet İttifaqının piar kampaniyasıdır və Moskvanın demaqogiyasına dəstək verilməməlidir.
Bəlkə də, SSRİ-nin həqiqətən də üzünü Qərbə çevirmək və kollektiv təhlükəsizlik sisteminin yaradılmasını və hərbi blokların ləğvini təklif etmək kimi səmimi niyyətləri olub. Lakin Koreya müharibəsi və 1948-ci il Berlin böhranından sonra heç kim Moskvaya inanmayıb.
Moskva Parisdə böyük dövlətlərin zirvə toplantısının keçirildiyi 1960-cı ilə qədər gözləməli olub. Lakin ABŞ casus təyyarəsinin Ural üzərində vurulması ilə nəticələnən insident baş verib. Daha sonra Xruşov bu vəziyyəti Spaaka izah edərək, dilemma qarşısında qaldığını söyləyib. Üstəlik, amerikalılar pilotun öldüyünü düşünüblər. Lakin o, sağ qalıb və ictimaiyyət qarşısında dindirilib.
Xruşov ABŞ prezidentinin günahkar kimi MKİ rəhbərini işdən çıxaracağını və münaqişənin həll olunacağını düşünüb. Eyzenhauer bütün günahı öz üzərinə götürüb və üzr istəməkdən imtina edib. Sonda Moskvaya deyiblər ki, sosialist ölkəsi belə bir təşkilatın üzvü olmamalıdır. Ancaq sonradan tamamilə sosialist ölkə olan Yuqoslaviyanı öz sıralarına qəbul ediblər.
Tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Lipkin deyib ki, XX əsrin sonlarında irəli sürülən təkliflə 1954-cü ildə yazılan ərizə arasında fərq olub. SSRİ-nin NATO-ya qəbul olduqdan sonra alyansa daxilində nə edəcəyi barədə ssenarisi olub.
“Düşünürəm ki, “A planı” alyansa uğurla qoşulmaq və onun xarakterini daxildən dəyişməyə çalışmaq olub. “B planı” isə Moskvadan imtina edənin Qərb olduğunu göstərməyi nəzərdə tutub. Nəhayət, mövcud olan üçüncü variant nəticədə həyata keçirilib. Bu, Varşava Müqaviləsi Təşkilatının yaradılmasıdır”, - Lipkin bildirib.
Bütün hallarda nə SSRİ-nin, nə də hazırkı Rusiyanın təklifi qəbul edilməyib. NATO-nun əvəzinə sovet dövləti Varşava Müqaviləsi Təşkilatı yaratsa da, şimal alyansının ömrü daha uzundur. O da ABŞ-nin son siyasi addımları nəticəsində effektivliyini itirib. Artıq Avropa ordusu yaradılması məsələsi gündəmdədir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün