BAKI, 25 avqust. TELEQRAF
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı fevral ayında Ağ Evdə Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında mübahisədən sonra Amerikanın vitse-prezidenti Ceyms Devid Vensin telefon zənginə cavab verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Oval ofisdəki qalmaqaldan sonra Trampın ətrafı Ukrayna prezidenti postuna mümkün namizədlərlə əlaqə saxlamağa çalışıb. Qeyd olunur ki, Vens Zalujnı ilə danışmaq üçün müxtəlif diplomatik və digər kanallardan istifadə etmək istəyib, amma Ukrayna səfiri Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla məsləhətləşdikdən sonra zəngə cavab verməkdən imtina edib.
Qəzet vurğulayıb ki, bu, onun Zelenskiyə sadiqliyini göstərir.
Xatırladaq ki, general-polkovnik Vleri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanıdır.