ain.az, Ses qazeti saytına istinadən bildirir.
Çin təcrübəsindən istifadə edilməlidir- bu sürətli inkişafın ən böyük qarantıdır
Dünya ölkələri arasında bu gün ən çox maraq doğruran ölkə Çin sayılır. Bu ölkə çox qədim və zəngin mədəniyyətə malik olması ilə yanaşı, bu gün dünyanın iqtisadi, hərbi, texnoloji, elmi cəhətdən ən güclü ölkələrindən biridir. Əhalisinə görə dünyanın 1-ci (1,5 mlrd), ərazisinə görə 3-cü (9,6 mln kv km) ölkəsi olan Çin Xalq Respublikası bu gün dünyada ən qüdrətli ölkələrdən biridir. Təbii gözəlliklərin müasir texnologiyalarla möhtəşəm çuğlaşdığı ölkə olan Çin həqiqətən möcüzələr ölkəsidir. Çin xalqı dünyanı fasiləsiz olaraq təəccübləndirməkdə davam edir- həm də bütün sahələrdə.
Kommunist inqilabından sonra dünya liderliyinə yüksələn ölkə
Müasir Çin tarixi 1912-ci ildə, son Çin imperatorunun taxtdan imtina etməsindən və ölkənin respublika olmasından sonra başladı. 1912-ci ildən sonra Çində siyasi və hərbi qeyri-sabitlik yayılmışdı. Qısa müddətdən sonra iki siyasi partiya və ya hərəkat ölkənin problemlərinin həllinə başladı. Bunlar Çin Milli Partiyası və Kommunist Partiyası idi.
1931-ci ildə Yaponiyanın Mancuriyanı ələ keçirməsindən sonra Çin üçün problemlər başladı. 1937-ci ildə bu iki qüvvə Yaponiyanı məğlub etmək üçün bir-birləri ilə əməkdaşlıq etdilər, lakin 1945-ci ildə ölkədə vətəndaş müharibəsi başladı. 3 il sonra vətəndaş müharibəsi Kommunist Partiyası və lideri Mao Tsedun-un qələbəsi ilə sona çatdı və 1949-cu ilin oktyabrında Çin Xalq Respublikasının qurulmasına səbəb oldu.
Bu dövrdə Çində kütləvi aclıq və xəstəlik yayılmışdı. Bunun qarşısını almaq üçün planlı bir iqtisadiyyat qurulması fikri irəli sürüldü və kənd əhalisi hər biri əkinçilik və müxtəlif sənaye və məktəblərin idarə edilməsindən məsul olan 50.000 kommunaya bölündü.
Çinin sənayeləşməsini və siyasi dəyişikliyi daha da sürətləndirmək məqsədi ilə 1958-ci ildə "Böyük sıçrayış" təşəbbüsünə başladı. Lakin təşəbbüs uğursuz oldu və 1959-1961-ci illər arasında ciddi sosial-iqtisadi problemlər yarandı. Qısa müddət sonra 1966-cı ildə, Mao, yerli hakimiyyətləri mühakimə edən və Kommunist Partiyasına daha çox səlahiyyət vermək üçün Böyük Proletar Mədəni İnqilabına başladı. Bu gün Çin, eyni şəkildə qalır, ölkənin hər yeri hökuməti tərəfindən ciddi şəkildə idarə olunur.
Çin hökuməti, bələdiyyə, regional və əyalət səviyyələrindən 2.987 üzvdən ibarət olan Ümummilli Xalq Konqresi adlanan bir palatalı qanunverici qolu olan bir kommunist dövlətdir. Ali Xalq Məhkəməsindən, Yerli Xalq Məhkəmələrindən və Xüsusi Xalq Məhkəmələrindən ibarət məhkəmə qolu da mövcuddur.
Çin 23 əyalətə, 5 muxtar bölgəyə və 4 bələdiyyəyə bölünür. Bu gün Çin iqtisadiyyatı 40% kənd təsərrüfatı, 30% sənaye və 30% xidmət sektoru ilə əlaqəlidir. Əkinçilik əsasən düyü, buğda, kartof və çay kimi məhsullardan ibarətdir. Sənaye xam mineral emalına və yüksək texnologiya məhsulları da daxil olmaqla müxtəlif çeşidli məhsulların istehsalına yönəlmişdir. Və hazırda Çin dünyanın 1 nömrəli iqtisadiyyatıdır.
İynə-sapdan kosmik aparatlara qədər istehsal edən“Dünyanın fabriki”
Çin artıq 2014-cü ildə dünyada ÜDM istehsalı üzrə ABŞ-ı da geridə qoyaraq 1-ci yerə yüksəlib və hazırda iqtisadiyyatına görə ən böyük dövlətdir. “Dünyanın fabriki” adlandırılan Çin ən böyük istehsal və ən böyük ixrac ölkəsidir. İndi dünyanın bütün ölkələrində Çin məhsulları üstünlük təşkil edir- iynə-sapdan tutmuş ən son texnoloji məhsullaradək.
Çin iqtisadiyyatında baş verən proseslər dünyaya birbaşa təsir göstərir. İstehsal və ixrac həcmini sürətlə artıran Pekin dünya bazarında hegemonluğunu artırır. ABŞ-la iqtisadi münaqişənin kökündə də bu dayanır. Yuan dolları getdikcə daha çox sıxışdırır və dünya valyuta əməliyyatlarında öz çəkisini artırmaqda davam edir.Hazırda dünyadakı ümumi valyuta ehtiyatlarının 10 faizi yuanda saxlanır. Proqnozlara görə, 2030-ci ildə dünyadakı ümumi valyuta ehtiyatlarının 20 faizi yuanda saxlanacaq. Təbii olaraq, bu valyutaya təlabat artdıqca o bahalaşacaq.
Son illərdə Çinin dünyanın 1 nömrəli iqtisadiyyatına çevrilməsi qlobal iqtisadi güc mərkəzini dəyişdirdi. ABŞ prezidenti Donald Trampın ölkəsinin əsas rəqibi və düşməni olaraq Çini görməsi və onun dünya iqtisadiyyatındakı liderliyinə mane olmaq üçün çalışması qlobal bazarda müəyyən təlatümlərə səbəb olub.
Çin dünyada ən çox məhsul ixrac edən ölkədir. Dünya ticarətinin 20%-i Çinin payına düşür. Çinə qarşı müəyyən sanksiyalar və yüksək ticarət tarifləri tətbiq edən ABŞ-a cavab olaraq Pekin də bəzi sahələrdə əks addımlar atır. Amma Çin hakimiyyəti ABŞ-la münasibətlərdə sabitliyə nail olmağı planlaşdırır və yeni ticarət müharibəsi istəmir.
Çin iqtisadiyyatında baş verən proseslər dünyaya birbaşa təsir göstərir. ABŞ-la iqtisadi münaqişənin kökündə də bu dayanır.
Biz “Bretton Woods” müqavilələrinin mahiyyətini dərk etməliyik. Hər bir ölkə qazandığı kapitalı Amerika-Britaniya kapitalının nəzarətində olan transmilli şirkətlərlə bölüşməlidir. Nə qədər ki, ölkənin gəlirləri onlarla bölünəcək, Səudiyyə Ərəbistanında olduğu kimi hər şey yaxşı olacaq.
Pekinin isə öz gəlirlərindən kimisə xərac vermək fikri yoxdur və Çin şirkətlərinin qazandığı pulları öz xalqının ehtiyacları üçün istifadə edir. 2005-ci ildən etibarən alıcılıq qabiliyyəti paritetinə görə Çin dünyanın 2-ci ölkəsi oldu.
Çin son dövrlərdə bir çox Afrika, Amerika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub. Bu ölkənin inkişafını dayandırmaq ABŞ-a müyəssər olmadı. ABŞ və Avropa İttifaqı tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir.
Lakin artıq köhnə dünya nizamı bitir, yeni dünya sistemi yaranır. Dünyada üstünlüyünü siyasi, hərbi yolla təmin etmək artıq mümkün deyil, amma iqtisadi yolla mümkündür. Çin də bu yolu seçib və bu yolda qələbə də qazanıb.
Çin təcrübəsindən istifadənin nə dərəcədə perspektivli olmasını təsəvvür etmək üçün bu “qırmızı ölkə”nin iqtisadi yüksəlişi haqda bəzi məlumatlara baxmağa ehtiyac var.
Çin möcüzəsi haqda real “nağıl”
20-ci əsrin ortalarında aclıq və yoxsulluqla üz-üzə qalan Çin Den Syaopin iqtisadi islahatları ilə inkişafa başladı. 80-ci illərin sonunda Çin kollektiv cəmiyyət tipli bir çox digər dövlətlərin üzləşdiyi eyni problemlə üz-üzə qaldı. Qərb təkidlə bu dövlətlərə individual cəmiyyətə məxsus "demokratik" inkişaf yolu təklif edirdi. Bəzi postsovet dövlətləri bu təklifi qəbul etdilər və tarixən formalaşmış cəmiyyət tipini dəyişdilər. Nəticə ortadadır.
Çin isə Tyananmen meydanında bu yolun tərəfdarlarının qarşısını qətiyyətlə aldı və bu qüdrətli ölkədə xalq hakimiyyətini qoruyub saxladı. Bu tarixi əsasa söykənərək Çin dünya iqtisadi təcrübəsini fəal surətdə öyrənməyə və öz spesifikliyini nəzərə almaqla mütərəqqi texnologiyaları tətbiq etməyə başladı. Bununla belə, Çin, əksər keçmiş Sovet İttifaqı ölkələrində olduğu kimi ideologiyanın, iqtisadi və siyasi strukturun əsaslarını məhv etmədi. Nəticədə islahatlar dövründə Çində adambaşına düşən ÜDM 180-dən 1100 ABŞ dollarına qədər, yəni 6 dəfədən çox artdı.
Yoxsulluq həddində olan insanların sayı 250 mln.-dan 25 mln.-dək- 10 dəfə azaldı, yəni 25%-dən 2%ə düşdü. Çin öz müəssisələrini özəlləşmə və azad bazarla dağıtmadı. Dövlət bazarı düzgün tənzimləmə yolunu tutdu və əmtəə istehsalını fəal surətdə artırdı. İstehsal olunan əmtəə və xidmətin həcminə, həmçinin ÜDM inkişaf tempinə görə (ildə 6-8 %) Çin artıq dünyada 1-ci yerə çıxıb. Dəmir filizi ehtiyatlarına görə Çin dünyada 3-cü (Rusiya və Belçikadan sonra), tədqiq olunmuş maqnezium filizi ehtiyatlarına görə isə 2-ci yeri tutur. Qızıl istehsalına görə 1-ci yerdədir.
Ölkənin iri və orta şəhərlərində 15 rüsumsuz sona, 32 texniki-iqtisadi istismar zonası və 52 dövlət əhəmiyyətli yeni və yüksək texnologiyaların mənimsənilməsi zonası yaradılmışdır. Kommunist ölkə sərmayə qoyuluşunun cəlb edilməsinə görə dünyada 1-ci yerə çıxıb. Qızıl valyuta ehtiyatlarına görə isə dünyada 2-cidir.
Çinin bütün bank sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. Çin bütün sərhədlərində gömrük rüsumlarını azaltmışdır, lakin ölkə daxilində məhdudiyyətlər tətbiq etmişdir. Yəni dövlət tərəfindən iqtisadiyyata məharətli və sərt nəzarət mövcuddur.
Çin rəhbərliyi vətəndaşlarının daha yaxşı yaşamasının qayğısına qalır, o, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şərait yaradır və sahibkarlara aşağı faizlə kreditlər verir. Əksər keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq ÇXR-in qızıl ehtiyatları ölkənin özündə saxlanılır.
Kommunist dövlətin 3 mərhələli inkişaf planı
Çin Kommunist Partiyasının XVI qurultayının sənədlərində qeyd olunduğu kimi Çin "3 addım" proqramının 1-ci və 2-ci mərhələsinin tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlmişdir, bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir. Proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan 3-cü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır.
Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulurdu. Pandemiyaya, qlobal iqtisadi böhrana baxmayaraq bu hədəfə nail olundu. Bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirdi və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək etdi.
“Açıq Qapı” siyasətinin əsasını xüsusi iqtisadi zonalar təşkil etsə də, Çin diasporunun ölkə iqtisadiyyatına kapital yatırılmasında rolunu da xüsusilə vurğulamaq lazımdır. Belə ki, ölkə diasporunun güclü inkişaf strategiyası nəticəsində xaricdə yaşayan milyonlarla çinli biznesmen Çin iqtisadiyyatına kapital qoyurlar ki, bu da öz növbəsində iqtisadiyyatın dinamik inkişafına gətirib çıxarır.
Son 10 ildə Çin avtomobil sənayesi dünya avtomobil bazarını ələ keçirmiş vəziyyətdədir və böyük dövlətlərin iri avtomobil istehsalçıları bu rəqabətə davam gətirə bilmərərək sıradan çıxır. İl ərzində dünya ölkələrində 30 milyon Çin avtomobili satılır və bu rəqəm hər il sürətlə böyüyür. Hazırda dünyadakı avtomobil satışının 1/3-I Çin avtomobilidir və bu inanılmaz bir rekorddur. Dünyada litium-ion akkumulyatorlarının 80%-i Çində istehsal olunur.
Hazırda Çində inkişaf etmiş nəqliyyat sistemi mövcuddur ki, buraya da dəmir yolu və avtomobil yolları, boru xəttləri, dəniz və çay nəqliyyatı və mülki aviaxəttlər daxildir. Dəmir yollarının uzunluğu 70 min km ötmüşdür.
“Qırmızı dövlət”in dünyanı fəth planı
Hələ 70-ci illərin sonunda Çində 1978–1985-ci illər üçün elmin inkişafı üçün səkkizillik plan işlənib hazırlanmış və qəbul edilmişdir, bu da mikroelektronika, yeni EHM nəslinin, habelə informatika, gen mühəndisliyi sahəsində geniş həcmli tədqiqatların və araşdırmaların aparılmasını, eləcə də kənd təsərrüfatında böyük texniki dəyişiklikləri nəzərdə tuturdu.
Çoxsaylı müşavirələr və məsləhətləşmələr, xaricdə, o cümlədən ABŞ, Yaponiya, Rusiya və Qərbi Avropa ölklələrində elm və texnikanın inkişafı təcrübəsinin əsaslı öyrənilməsi 1986–2000-ci illər üçün Dövlət planının əsasını təşkil edən elm və texnikanın inkişafının 12 başlıca istiqamətini ayırmağa imkan verdi. Bu gün Çində elmi texnologiyanın inkişafının əsas vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir:
— xalq təsərrüfatının yüksəlişi;
— istehsal qüvvələri səviyyəsinin artımı;
— elmi-texniki tərəqqinin sənaye inkişafının mühüm faktoruna çevrilməsi;
— ənənəvi sənaye sahələrinin texniki səviyyəsinin hər vasitə ilə artımı;
— ictimai istehsalın effektivliyinin artımı;
— dünya bazarı üçün keyfiyyətli, rəqabətə davamlı malların buraxılışı.
Elmi texnika və texnologiyaların 7 prioritet sahədə inkişafına səyləri yönlətmək qərarı qəbul olundu. Onların arasında: biotexnologiya, informatika, avtomatlaşdırma, energetika, kosmik və lazer texnikası sahələri yer alır.
2050-ci ilə qədər Çində aşağıdakı strateji məqsədlərə nail olunmalıdır:
- sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək;
- beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq;
- ölkənin, əhalinin adambaşına düşən ÜDM-in həcminə görə inkişaf etmiş dövlətlərlə bir sıraya çıxmasını təmin etmək;
- xalq üçün varlı, xoşbəxt həyat yaratmaq;
- ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək.
Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR–də ÜDM-un orta illik artım tempi 2030-cu ilə qədər 5,5%, 2040-cı ilə qədər 4,5% və 2050-ci ilə qədər 3,5% təşkil etməlidir.
Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərin proqnozlarına görə, Çin iqtisadiyyatı sürətlə böyüyəcək. Çin keyfiyyətli və ucuz məhsullar ixrac edir. Nəticədə dünya bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərir.
“Dövlət ən yaxşı sahibkardır” antitezisi necə sübut edildi?
Çin təcrübəsi göstərir ki, bir sıra kapitalist iqtisadçılarının dediyinin əksinə olaraq, dövlətin iqtisadiyyatda maksimal rolu heç də ölkə iqtisadiyyatını uçuruma aparmır, əksinə daha çox inkişaf gətirir. Belə ki, Asiya maliyyə böhranından sonra Çin hökuməti ölkə iqtisadiyyatına daha çox müdaxilə edərək iqtisadiyyatı tənzimləməyə başladı. 2006-cı ildə Çin hökuməti silahlar, elektrik enerjisi istehsalı və paylanması, neft və neft kimyası, telekommunikasiya, kömür, aviasiya sənayelərinin və dəniz daşınmalarının "mütləq dövlət nəzarəti" altında və qanuna görə ictimai mülkiyyətdə qalması lazım olduğunu elan etdi.
Fakt budur ki, bu islahatlar iqtisadi tənəzzülə deyil, iqtisadi inkişafa apardı. 2008-ci ildə bu dövlət korporasiyaları dinamik inkişaf edərək ölkə iqtisadiyyatında mühüm rol oynadılar. Ümumiyyətlə tamamilə dövlət müdaxiləsi olmayan bazar iqtisadiyyatı modeli yoxdur. Hər bir ölkədə müəyyən dərəcədə dövlətin müdaxiləsi vardır.
Çin təcrübəsi bir daha sübut edir ki, dövlətin iqtisadiyyata müdaxiləsi ölkəni tənəzzülə yox, iqtisadi inkişafa aparır. Bir şərtlə ki, korrupsiyanın qarşısı alınsın.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1,5 milyardlıq əhalini ərzaqla tam təmin edən Çin dünyada ən böyük taxıl və ərzaq ixracatçılarından biridir. Son 5 ildə Çində sənaye istehsalı 37% artıb.
Çin təcrübəsindən götürülüb tətbiq olunası çox şey var.
Çinlə iqtisadi əməkdaşlığın perspektivləri
Hazırda Azərbaycana Çindən müxtəlif məhsullar- tekstil məmulatları, elektrotexnika, oyuncaqlar, avtomobillər, xirdavat məmulatları və s gətirilir. Bu məhsullar digər ölkələrdən idxal edilən məhsullardan xeyli ucuzdur və bazarda sürətlə mövqeləri ələ keçirir. Əgər bizim bazarda yalnız Qərb ölkələrinin malları satılsaydı, qiymətlər indikindən xeyli baha olardı və əhali sadəcə olaraq bu məhsulları ala bilməzdi.
Təkcə son 1 ildə Çinlə ticarət əməliyyatlarının həcmi 27 faizə yaxın artaraq 2,5 milyarda çatıb. Potensial isə bundan dəfələrlə böyükdür. Çindən idxal (2,45 milyard) ümumi idxalımızın 18 faizini təşkil edir və keçən ilin ilk yarimili ilə müqayisədə 25 faiz artıb. Çinə ixracımız isə 4,5 dəfə artaraq 53 milyonu ötüb.
Çin məhsulları nəinki xarici məhsullarla, hətta ölkə daxilində istehsal olunan məhsullara qarşı da rəqabətədavamlıdır. Bizdə satılanlar əksərən çox aşağı keyfiyyətli məhsullardır. Çünki bizim idxalçılar daha çox qazanmaq üçün ordan son dərəcə ucuz və keyfiyyətsiz məhsul gətirirlər.
Qərb ölkələrində satılan Çin məhsulları ilə Azərbaycanda satılan məhsulların keyfiyyəti arasında xeyli fərq var. Çin məhsulları bütün dünyanı, o cümlədən ABŞ və Avropanı bürüyüb. Əksər Çin məhsulları dünya və Avropa standartlarına cavab verir. Avropada keyfiyyətə qarşı sərt tələblər var, əgər Çin məhsulları ketfiyyətsiz olsaydı, o bazarda çəkisi sürətlə artmazdı.
Yaxın illərdə Çinin Azərbaycanla iqtisadi və ticari əməkdaşlığının perspektivinə gəldikdə isə deyə bilərik ki, getdikcə Çinlə əməkdaşlıq və ticarət artacaq. Sadəcə, bizdə keyfiyyət standartları tətbiq olunmalıdır ki, ölkəyə keyfiyyətsiz məhsullar yol tapmasın. Bununla yanaşı, əhalinin həyat şəraiti yaxşılaşmalıdır ki, bizim bazar ucuz və keyfiyyətsiz məhsullara möhtac olmasın.
Lakin təkcə ticari münasibətlərlə kifayətlənmək olmaz. İqtisadi əməkdaşlıq bütün sahələrdə güclənə bilər. Biz Çindən müxtəlif istehsal avadanlıqları, müasir texnologiyalar gətirib zavod və fabriklər aça bilərik. Birgə müəssisələr yarada bilərik. Belə uğurlu nümunələr ölkəmizdə var. Çin şirkətləri Azərbaycanda bir sıra böyük layihələrin icarçısı kimi çıxış edir, bunların bir çoxu texnoloji layihələrdir.
Biz də Çinə müxtəlif məhsullar ixrac edə bilərik. Üstəlik, Çinin neftə də ehtiyacı böyükdür. Bu ölkəyə iri həcmdə neft satmaq mümkündür. Hazırda Çində istifadə olunan bütün neftin həcmində idxal neftinin payı təxminən 40% təşkil edir və bu getdikcə arta bilər.
Çin dünyanın ən nəhəng dövlətlərindən biri olduğundan və getdikcə dünya iqtisadiyyatında çəkisi artdığından Azərbaycan bu dövlətlə əməkdaşlığını artırmalı, iqtisadi və digər sahələrdə münasibətləri daha da gücləndirməlidir. Bu həm ixracın və idxalın regional diversifikasiyana gətirib çıxaracaq, həm də ölkəmizi daha ucuz keyfiyyətli texnologiya və məshulla təmin etməyə xidmət edəcək.
Çinlə bütün sahələrdə əməkdaşlığı gücləndirmək ölkəmizin mənafelərinə xidmət edəcək. Çin dünyada ABŞ və Rusiya ilə birgə 3 fövqəldövlətdən biridir və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu dövlətlə yaxın iqtisadi tərəfdaşlıq siyasi münasibətləri də yaxınlaşdırır və Pekin ölkəmizin mövqelərini beynəlxalq aləmdə qoruya bilər.
Azərbaycan Çin iqtisadi inkişaf modelini öyrənməli və tətbiq etməlidir.
Elçin Bayramlı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.