AZ

Conatan Rou Marsel “Olimpik”ini “Bolonya”ya dəyişdi

Fransanın “Olimpik” (Marsel) klubunun cinah hücumçusu Conatan Rou bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Bolonya” bu transfer üçün Fransa klubuna 17 milyon avro ödəyib. Əslən Yamaykadan olan ingiltərəli futbolçu İtaliya klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Xatırladaq ki, Conatan Rou İngiltərənin “Norviç Siti” klubunun yetirməsidir. Marsel “Olimpik”i onu 2024-cü ildə 2 milyon avro müqabilində icarəyə götürmüş, bu ilin əvvəlində isə 14,5 milyon avro ödəməklə transfer hüquqlarını almışdı.

Rou Marsel “Olimpik”ində cəmi 31 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Onu da vurğulayaq ki, Rou bir müddət öncə “Olimpik”in paltardəyişmə otağında komanda yoldaşı Adrien Rabyö ilə dalaşdığı üçün əsas komandadan kənarlaşdırılmışdı. Yeri gəlmişkən, Rabyö də eyni cəzaya məruz qalıb və onun da karyerasını başqa komandada davam etdirməsi gözlənilir. Sözügedən hadisə Fransa çempionatının yeni mövsümünün 1-ci turu çərçivəsində keçirilmiş “Renn”lə oyundan (0:1) sonra baş vermişdi.

Rou İngiltərənin U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
arena.az

1Mənbələr