ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Bir var, ölmək (onsuz da gec-tez hamı öləcək), bir də var "ölüb yerə girmək".
Sosial mediada qarşıma bir paylaşım çıxdı. Həmin paylaşımdan - videodan görünür ki, Şimali Koreya diktatoru Kim Çen Inın "müdrik rəhbərliyi" altında bütün hökumət, ordu, hakimiyyətdə kim varsa, hamısı ağlayır.
Şimali Koreyada belə mütəşəkkil ağlaşmanı biz indiki diktatorun keçmiş diktator arası Kim İr Sen öləndə görmüşdük. Bəs bu dəfə niyə bütün ölkəyə eyni vaxtda, eyni tempdə, eyni hönkürtü ilə ağlamaq əmr olunub?
Bu dəfə Şimali Koreya Ukraynaya qarşı müharibədə öldürülmüş əsgərlərinə ağlayır. Kim Çen In da daxil olmaqla, nazirlər, generallar, yüksək rütbəli məmurlar xorla fəryad edir.
Əvvəldə demişdim ha, "ölüb yerə girmək". Bax, belə olurmuş. Çoxlu əsgər itirmək, itki vermək bir yana, Şimali Koreya həm də buna görə növbəti dəfə dünyanın qınağına gəldi. Düzdür, Kim Çen In beynəlxalq tənqidi heç özünün ballistik raketinə də almır. Amma yenə də qınaq qınaqdır. Həm də bu günün sabahı var; bilmək olmaz sabah kimlərin başına nə iş gələ bilər?!
İndi ölən əsgəri üçün ürəkdən, ya da "yuxarıdan" əmrlə ağayanlar bir az da öz günlərinə ağlasalar özlərinə gün ağlasalar, yaxşı olar.
Məni ən çox heyrətləndirən və iyrəndirən hal budur:
bu rəhbər, bu generallar özləri öz əsgərlərini özlərinə dəxli olmayan müharibəyə göndəriblər, sonra da meyidlərini ağlayırlar.
Bu yerdə mənim yadıma öz balasını yeyə-yeyə göz yaşı axıdan Kayman timsahları düşdü. Bu "lider"in, bu generalların göz yaşları da həmin o məşhur timsah göz yaşları idi. Həm ölümə göndər, həm də ölüsünə ağla - bu nədir axı?!
Adama deyərlər: sənin olmayan müharibədə sənin nə işin var?! Ukrayna xalqının sənə nə pisliyi keçib?! Ukrayna dövləti, ya ordusu sən Şimali Koreya üçün hansı təhlükə törədir. Heç nə! Sadəcə, KimÇen In arxasını, türkün məsəli, daha yekə diktatora - Putinə söykəyib. Putin də bu hərifin alay-alay əsgərini alıb, qırğına verir. Şimali Koreya əsgəri Putin üçün Ukrayna ordusu qarşısında ətdən çəpər hörmək üçün lazımdır. Ruslar buna "пущечное мясо" deyir. Gör, başqa bir dildə belə ifadə var?! Yox.
Şimali Koreya dünyada necə bir dövlət olmamağın etalonudur. Öz ölkəsində işlər bir az pis gedəndə, camaat Şimali Koreya cəmiyyətinə dönüşməkdən qorxur. Elə Azərbaycanda da bu qorxunc perspektivdən qorxan ayıq ağıllar az deyil.
Təsəvvür elə, topun, tüfəngin, raketin nə qədər desən, var.
Hətta nüvə silahın belə var, amma sabahın yoxdur. Keçmişi dondurub, içində oturmusan. Nə indi var, nə gələcək. Sadəcə, keçmiş var, vəssəlam! Camaat irəliyə doğru sıçrayanda, sən geriyə doğru... "irəliləyirsən". Tarixini də, taleyini də öz balaca diktatoruna və onun söykəndiyi yekə diktatora bağlamısan; ipin odioz siyasi hannibalların əlindədir. "Otur" deyəndə oturursan, "qalx" deyəndə qalxırsan, gülmək əm olunur, gülürsən, ölmək əmri gəlir, məmnuniyyətlə, ölürsən - özü də yad müharibədə, özünün deyil, özgənin Vətənini qorumaq üçün sənin olmayan səngərdə canın çıxır. Və səni o müharibəyə - geopolitik ət maşını"na göndərənlər isə ən yaxşı halda kütləvi dəfndə gözünün qorasını sıxır. Bununla da hər şey bitir.
Bu yerdə Salam Sarvanın "Qocalar üçün tarix dərsi" adlı məşhur şeiri düşdü. O şeirdən bəzi misraları xatırladım:
"Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:
vaxt var idi, yox idi qulun ağlamaq haqqı.
Nəysə... ruhu şad olsun aldığımız canların.
Heç çoxu içilmədi axıdılan qanların...
...Bəs oğlum Tural hanı...
Qazılıq dağındadı,
gün gələr enər ordan
Qazilik dağın tutar.
Savaşların mənası:
bu qəsbkar vətənlər
öz oğlun basdırmağa
özgə torpağın tutar..."
Bax belə.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.