AZ

Bu tikintilər əsassız və ya özbaşına tikili sayılır

Bu tikintilər əsassız və ya özbaşına tikili sayılır

Ali Məhkəmənin Mülki kollegiyası konkret işlə bağlı qəbul etdiyi qərarında əsassız tikinti, çıxıntılı bina və özbaşına tikili kimi məsələlərə izahlar verib.

AFN.az xəbər verir ki, məhkəmə kollegiyası qeyd edib ki, elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir:

Şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması;

Şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması;

Şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması.

Qeyd olunur ki, əsassız tikintini çıxıntılı binadan və özbaşına tikilidən fərqləndirmək lazımdır. Belə ki, çıxıntılı binada torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur. Əsassız tikintidə isə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir.

Özbaşına tikiliyə münasibətdə əvvəlcə qeyd edilməlidir ki, onun meyarları Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir. Belə ki, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torlaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir. Göründüyü kimi, sadalanan meyarlar sırasında tikilinin dövlət reyestrində qeydə alınmaması göstərilməmişdir. Odur ki, şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz. Mübahisə olduqda bir tikilinin özbaşına sayılması üçün müvafiq icra hakimiyyəti orqanı (və ya maraqlı tərəf) Mülki Məcəllənin 180.1-ci maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir.

Həmin şərtlər onu göstərir ki, bu institut daha çox inşaatla bağlı torpaq mülkiyyətçisi ilə inzibati orqanlar arasındakı hüquq münasibətləri baxımından aktualdır.

Əsassız tikinti isə torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır. Məsələn, tikinti üçün ayrılan torpaq sahəsində lazımi icazələr almaqla tikinti norma və qaydalarına uyğun aparılan inşaatda müqavilə münasibəti olmadan başqası öz materialı ilə bina tikə bilər. Bu zaman həmin bina özbaşına tikili sayılmayacağı halda, əsassız tikinti hesab ediləcəkdir.

Seçilən
8
39
afn.az

10Mənbələr