Son dövrlərin ən çox müzakirə olunan cütlüyü Hande Erçel və Hakan Sabancı bu dəfə sosial mediada atdıqları addımlarla gündəmə gəlib. Münasibətləri boyunca dəfələrlə ayrıldıqları iddia edilən cütlük bu dəfə səssiz, amma diqqət çəkən bir hərəkət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Hande Erçel bir neçə saat əvvəl Instagram hesabından Hakan Sabancı ilə olan bütün fotolarını silib. Qısa müddət sonra eyni addımı Hakan Sabancı da atıb. Bu qərar izləyicilər arasında böyük təəccüb yaradıb və "ayrılıq qətiləşdi" şərhlərinə səbəb olub.
Birlikdə getdikləri İtaliya səfərindən sonra sosial şəbəkədə romantik paylaşımlar edən cütlüyün, çox keçmədən bütün izləri silməsi suallara yol açıb.
Bu hadisənin dərhal ardından Hakan Sabancının anası Arzu Sabancının paylaşımı isə sosial şəbəkədə gündəm olub. Sabancı "Cehalət də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiyan əsəbi olmaqdır" sözlərinin yer aldığı bir reels videosunu hekayəsində paylaşıb. Bu cümlənin, uzun müddətdir oğlunun münasibətinə qarşı olduğu deyilən Arzu Sabancının Hakan Sabancıya bir göndərməsi olduğu iddia edilib. Sosial şəbəkə istifadəçiləri paylaşımı "Mən demişdim" mesajı kimi dəyərləndirib.
Xatırladaq ki, ötən ay yayılan iddialarda Sabancı ailəsinin bu münasibətə əvvəldən bəri soyuq yanaşdığı qeyd olunmuşdu. Bildirilirdi ki, Arzu Sabancı oğluna "Bu münasibəti bir daha dəyərləndir" məsləhətini verib, ata Ömər Sabancı isə mümkün media əks-sədalarına qarşı Hakan Sabancını xəbərdar edib. Bundan başqa, Erçelin Barış Arduçla baş rolu paylaşdığı "Aşkı Hatırla" serialındakı cəsur səhnələrin Sabancı ailəsində narazılıq yaratdığı və bu vəziyyətin cütlüyün münasibətlərinə mənfi təsir etdiyi deyilirdi.
Baş verən bütün bu hadisələrə baxmayaraq, Hande Erçel və Hakan Sabancı tərəfdən hələlik rəsmi açıqlama verilməyib.