AZ

Mehriban Əliyeva: Milli ziyalılıq və humanizmin simvolu – Tənzilə Rüstəmxanlı yazır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan prezident İlham Əliyevin dövlətçiliyə və xalqa xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək, yanılmarıq. Bu yolda ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım Əliyeva haqqında düşünərkən, ilk növbədə, onun əsil-nəsilli bir ailədə doğulub-böyüməsi, mükəmməl bir təlim-tərbiyə alması göz önünə gəlir.

Gənc yaşından ulu öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən yaxın çevrəsində mənimsədiyi siyasi təlim, qazandığı əhatəli sosial-mənəvi baxış, akademik Zərifə xanımdan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir İmanquliyev kimi ustad jurnalist olan babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva kimi valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər boyu formalaşan möhkəm özülü olmuşdur. Bütün bunlar dünyada tanınan böyük şəxsiyyət, nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci xanımının milli ziyalılıqda yeni bir tarixi örnək yaratmasının da təbii və coşğun qaynağıdır.

Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir.

Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.

Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.

Mehriban xanım Əliyeva yalnız siyasi və ictimai lider kimi deyil, həm də müasir Azərbaycan qadınının rəmzinə çevrilmişdir. O, qadının həm ailədə, həm cəmiyyətdə, həm də dövlətdə necə mühüm və əvəzolunmaz rol oynaya biləcəyini öz həyat nümunəsində nümayiş etdirmişdir.

Əsrlər boyu Azərbaycan qadınına xas olan zəriflik, mərhəmət, fəda¬karlıq və ağıllı idarəçilik kimi xüsusiyyətlər Mehriban xanımın simasında mükəmməl təcəssüm tapmışdır.

Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirəm.

Seçilən
9
2
moderator.az

3Mənbələr