Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzi yenidən yandı. Dünən günorta saatlarında başlayan hadisə nə bazardakıları təəccübləndirmədi, nə də bunu sosial mediadan və mətbuatdan eşidənlər. Çünki insanlar artıq “Sədərək”in tez-tez yanmasına öyrəncəlidir.
Hafta.az olaraq dünən yanğın baş verən ərazidə olduq. Yanğın bazarın “Meyvəli” hissəsində yerləşən anbarlarında baş verib. Çox çətinliklə də olsa, 30 texnika və 140 şəxsi heyətin sayəsində alov ram edilib, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
https://www.youtube.com/shorts/6t167yAONJM?feature=share
Yanğın zamanı müşahidə etdik ki, bazardakı satıcılar çox soyuqqanlı davranırdılar. Hərə hadisəyə öz fikrini belə bildirirdi: - “Anbar yanır”, “Ehtiyyatsızdırlar”, “İşığın gücü çatdırmır, qısaqapanma olur”, “Bu qədər kondisioner, ventilyator işləyir, işıq dözər?”…
…Bazarın içində hərə öz işindədir, şıdırğı alver gedir - qiymət sövdələşmələri, biri satır, o biri alır.
Bazarın çölündə isə hərə əlində bir smartfonu tüstülənən tərəfə tuşlayıb ya şəkil, ya da video çəkir və isti-isti sosial şəbəkələrdə yayımlayır.
Deyilənlər gördüklərimizi təsdiqləyirdi, bazar ərazisindəki minlərlə dükanın hər birində ya kondisioner işləyirdi, ya da ventilyator. Hansı ki, ümumi havalandırma sistemi olsaydı, bəlkə də bazar daha təhlükəsiz olardı.
İkinci problem isə sıxlıqdır. Sıralar boyunca hər iki yandan düzülmüş dükanlarda mallar ara dəhlizə düzüldüyü üçün hərəkət çox çətinləşir. Hətta üz-üzə gələn adamlar bəzən dayanıb yanpörtü duraraq bir-birinə yol verməli olurlar. Deməli, bundan da dəhşətli yanğın anbarda deyil, bazarın özündə baş versə, buradakı insanların təxliyyəsi qeyri-mümkün olacaq və itkilər artacaq.
Niyə bazarda daha çox qazanmaq istəyi təhlükəsizlik qaydalarını ikinci plana keçirib? Digər tərəfdən, bazardakı dükanların neçə faizində fövqəladə vəziyyətlərdə istifadə üçün lazım olacaq yanğınsöndürmə balonu var? Əksəriyyətində yoxdur! O zaman niyə onlar həmin balonlarla təmin olunmur?
Bazarda gördüklərimə əsasən, iki yanğınsöndürmə maşını məscidin yanındakı yeraltı su anbarından çənini doldururdu. Daha döğrusu, biri doldururdu, digəri isə növbəsini gözləyirdi. Amma təbii ki, tüstüsü ərşə yüksələn anbarlar gözləmir, alovu daha da artır. Hansı ki, az qala Lökbatanın ərazisi boyda olan “Sədərək” bazarında yaranacaq mümkün yanğınların qarşısını almaq üçün bazarın lap yanında təbii su hövzəsi - göl var. Amma son illər bu su hövzəsi qəti şəkildə qurudulur. Çox quraq təbii şəraitdə, xüsusilə də yerüstü su hövzələrinin qlobal istiləşmə nəticəsində quruduğu bir vaxtda, bu gölün varlığı ən azında bölgədə mikroiqlim formalaşdırır. Üstəlik, gölün sahilində məhz yanğınsöndürmə maşınlarının çənini doldurmaq üçün normal infrastruktur yaratmaq olardı ki, maşınlar növbəsiz və operativ şəkildə suyu götürüb hadisə yerinə çatsın…
Beləcə, bu yanğın da “Sədərək” bazarını elə növbəti dəfə “reklam” etdi. Amma anbarda yanan məhsullara görə sahibkarlara dövlət tərəfindən dəstək verilib-verilməyəcəyi bəlli deyil. Əlbəttə, kimin sığortası varsa, müəyyən yardım alacaq, olmayanlar isə öz başlarına çarə qılmalı olacaqlar.
Hə, bu arada, deyilənə görə, “Sədərək”də bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də, buna nail ola bilmirlər. Çünki sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər ki, bu da dövlət tərəfindən həll olunası başqa problemdir…
Qısası, bu yanğın da çətinliklə də olsa söndürüldü. Geridə böyük maddi itkilər, ziyandan beli bükülmüş kiçik sahibkarlar adlandırılan satıcılar qaldı. İnşallah ki, daha ciddi qabaqlayıcı tədbirlər sayəsində növbəti yanğının xəbəri bizi sarsıtmayacaq.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən yanğın ərazisində olan 12 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Onlardan 9 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib, 3 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, son səkkiz il ərzində “Sədərək” Ticarət Mərkəzi artıq 10-cu dəfə yanır.